Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-420/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə və gecikdirilmiş müddət üçün faiz tələbi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi K.X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 179/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Tərəflər arasında 2 kredit müqaviləsi bağlanmış, 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 12 faiz ödəmək şərtilə 2.402.401 manat məbləğində, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsinə əsasən"xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 4 faiz ödəmək şərtilə 1.720.834 manat məbləğində kredit verilmişdir. Kredit borcu tam qaytarılmadığından borclu "xxxx" MMC və ipotekaqoyanlara qarşı ipoteka predmetlərinə tutma yönəldilməklə borcun tutulması barədə iddia qaldırılmış, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli, 2(005)- 333/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" MMC-dən 1781/15 nömrəli kredit müqaviləsi üzrə 155.341,50 manat əsas borcun, 49.644,07 manat faiz borcunun, 1.748,53 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borcun, 1782/15 müqaviləyə görə 1.520.409,92 manat əsas, 84.296,19 manat faiz borcu olmaqla, cəmi 160.706,11 manat, borcun, ümumilikdə iki müqaviləyə görə 1.675.751,42 manat əsas, 133.940,26 manat faiz, 1.748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.811.440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157.500 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 60.690 manat, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256.500 manat və cavabdeh X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91.512 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan götürülən və ya əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 5 mart tarixli, 2(103)- 551/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2018-ci il 16 may tarixli qətnamə, qismən, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə hər 2 kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 18.981,94 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun 1.483.786,92 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 80.170,61 manat məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2018- ci il 16 may tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan qalan hissəsində, yəni 1781/15 nömrəli kredit müqaviləsinə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155341 manat, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.748,52 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 17 yanvar tarixli, 2(102)-187/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
2. 2022-ci il 14 iyun tarixli maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 201PVNW150540004 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək hesablanmış faiz məbləği 50.713,58 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 244.204,80 manat təşkil edir.
3. 2022-ci il 14 iyun tarixli maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC-nin İddiaçı ASC ilə aralarında bağlanmış 2015-ci il 23 fevral tarixli, 201PVNW150540001 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək hesablanmış faiz məbləği 15.378,33 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 25572,30 manat təşkil edir.
4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 2022-ci il 13 iyun tarixdə **********855 nömrəli pretenziya qaydasında xəbərdarlıqla "xxxx" MMC-yə müraciət edilərək, kredit müqavilələri üzrə yaranmış ümumilikdə 355.329,51 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 25.572,30 manat, cəmi 40.951,13 manat borc, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50.173,58 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 244.204,80 manat olmaqla, cəmi 294.378,38 manat borc olmaqla, ümumilikdə 335.329,51 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 625,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 12 faiz dərəcəsi ilə mis məmulatlarının istehsalını artırmaq üçün cavabdehə 2.402.401 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 2015-ci il 23 fevral tarixli, 1782/15 kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 4 faiz dərəcəsi ilə cavabdehə 1.720.834 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə öhdəliklərini vaxtında icra etmədiyindən bank tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və 2018-ci il 16 may tarixli, 2(005)-333/2018 nömrəli qətnamə ilə cavabdehdən 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixinə 155.341,5 manat əsas borc, 49.644,07 manat faiz borcu, 17.48,52 dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borc, 1782/15 nömrəli müqaviləyə əsasən 1.520.409,92 manat əsas borc, 84.296,19 manat faiz borcu, cəmi 1.604.706,11 manat borc olmaqla, ümumilikdə 1.811.440,2 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli müqaviləyə görə faiz borcu dəyişdirilərək 18981,94 manat məbləğində, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc dəyişdirilərək, 1.483.786,92 manat, faiz borcu dəyişdirilərək 80.170,61 manat məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin 2022-ci il 17 yanvar tarixli, 2(102)-187/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kredit müqavilələrinin müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc bu günə kimi ödənilmədiyindən 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 25.572,30 manat, cəmi 40.951,13 manat borc, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50.173,58 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış faiz məbləği 244.204,80 manat olmaqla, cəmi 294.378,38 manat, ümumilikdə 335.329,51 manat təşkil edir. Cavabdehin bank qarşısında 2022-ci il 8 iyun tarixinə ümumilikdə 2.108.398,19 manat icra edilməmiş borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 54 mart tarixli, 2(103)-551/2021 nömrəli qətnaməsi ilə müəyyən edilən borcdan əlavə, cavabdehə 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqavilələri üzrə ümumilikdə 335.329,51 manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 10 fevral tarixli, 2-1(81)-1541/2016 nömrəli qərarı ilə iddiaçı müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür. Bank kreditorlar qarşısında onların tələbərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Borclular tərəfindən öhdəliklərin yerinə yetirilməməsi ləğvetmə müddətinin uzadılmasına rəvac verir və bu da özlüyündə ləğv etməyə çəkilmiş xərcləri və məsrəfləri artırır. Bu, kreditor növbəliliyinin yekunlaşmamasına əsasdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 yanvar tarixli, e-2-2(113)- 179/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir ( hakim – Z.Axundova).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023- cü il 17 fevral tarixli, 9/628 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 2015-ci il 23 fevral tarixli, 1781/15 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 2018-ci il 26 aprel tarixə banka olan borcu əsas borc üzrə 157.341,50 manat, faiz borcu üzrə 58.776,23 manat olmaqla, 216.117,73 manat məbləğində müəyyən olunur. 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 fevral tarixədək illik 12% dərəcəsi ilə hesablanan faiz borcu 15.576,81 manat, 2019-cu il 23 fevral tarixdən 2022-ci il 8 iyun tarixədək illik 5% ilə hesablanmış faiz borcu 25.895,79 manat təşkil edir. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 2018-ci il 26 aprel tarixə banka olan borcu əsas borc üzrə 1.520.409,92 manat, faiz borcu üzrə 120.487,44 manat olmaqla, 1.640.897,36 manat məbləğində müəyyən olunur. 2018-ci il 26 aprel tarixdən 2019-cu il 23 fevral tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu 50.173,53 manat, 2019-cu il 23 fevral tarixdən 2022-ci il 8 iyun tarixədək illik 5% ilə hesablanmış faiz borcu 244.770,56 manat təşkil edir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 mart tarixli e-2-2(113)179/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).
10. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli, 1782/15 nömrəli kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
11. Cavabdehin nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur. 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə 2019-cu il 28 iyun tarixdə olmuşdur. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266.129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi 2022-ci il 13 iyul qeyd edilmişdir. "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayış 2022-ci il 22 avqust tarixdə verilmiş, iddia ərizəsi məhkəməyə 2022-ci il 27 sentyabr tarixdə daxil olmuşdur. Bununla da, sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia tələbi rədd edilməlidir.
14. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 739, 442, 443.1, 448.1, 445.1, 445.2.1, 445.7, 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 35.4.2, 32.1.9, 21.8, 29.2, 21.5, 21.6-cı maddələrinə, MPM-in 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 mart tarixli e-2- 2(113)-179/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və C.Yusifov).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia rədd edilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, iddia tələblərinin qanuni əsasını MM-in 741 və 445.7-ci maddələri təşkil edir. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.
18. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 fevral tarixli, 9/628 nömrəli ekspert rəyində qeyd olunanlara görə (bax §14) iddiaçı MM-in 741 və 445.7ci maddələrinə əsasən faiz borclarının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
19. Bununla yanaşı kollegiya hesab etmişdir ki, iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur.
20. 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə 2019-cu il 28 iyun tarixdə olmuşdur.
21. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi 2022ci il 13 iyul tarixi qeyd edilmişdir.
22. Göründüyü kimi iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif 2022-ci il 13 iyul tarixdə, yəni müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən hesablanmaqla 3 il 4 ay 20 gün və 3 il 15 gün keçdikdən sonra verilmişdir.
23. Beləliklə, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir.
24. İddia müddətinin axımının kəsilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral tarixli 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuşdur. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Buna görə də, iddiaçı birinci dəfə iddia qaldırarkən iddia müddətinin axımı hələ başlamamışdır. Hər iki kredit müqaviləsi üzrə iddia müddətinin axımı 2019-cu il 23 fevral tarixdən başlanmış, 2019-cu il 28 iyun tarixdə ödəniş olduğu üçün 1782/15 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən yenidən hesablanmaya başlanmışdır. Həmin müddətlərdən hesablandıqda isə iddia müddəti ötürülmüşdür. Kollegiya izah etmişdir ki, iddianın irəli sürülməsi müddətin axımının dayandırılmasına deyil, kəsilməsinə (yəni sıfırlanaraq yenidən hesablanmasına) səbəb olur. Ona görə də, birinci işə baxılarkən müəyyənləşdirilmiş qaydada iddia qaldırması ilə iddia müddətinin axımının kəsilməsi və yalnız yekun məhkəmə aktı 2022-ci il 17 yanvar tarixində qəbul edildikdən sonra iddia müddətinin həmin tarixdən hesablanmalı olmasına dair dəlilləri tamamilə əsassızdır.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 377.2, 379.1.1, 379.3, 380.1, 445.7, 741-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 32.4.2-ci maddələrinə, MPM-in 77.1, 10-1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
Kassasiya instansiyasi məhkəməsində icraat
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli, 2-2(102)-14/2024 nömrəli qərarı ilə (sədrlik edən İlqar Dadaşov, Zaur Əliyev, Bəhram Məmmədli) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-579/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2015-ci il 23 fevral tarixli 1781/15 və 1782/15 saylı kredit müqavilələrinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 2022-ci il 8 iyun tarixinə kimi hesablanmış, ilk müqavilə üzrə 25.572,30 manat, ikinci müqavilə üzrə 244.204,80 manat faiz məbləğlərinin tutulması barədə iddia tələbinin təmin olunmadığı hissələrdə ləğv edilmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
29. İddia tələbini təmin etməyən məhkəmələr ona istinad etmişlər ki, tərəflər arasında 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli və 2015-ci il 23 fevral 1782/15 nömrəli kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – 2019-cu il 23 fevral tarixədək müəyyən olunmuş, 1781/15 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2018-ci il 26 fevral tarixdə, 1782/15 nömrəli kredit müqaviləsi üzrə isə sonuncu ödəniş 2019-cu il 28 iyun tarixdə olmuş, iddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, məhkəməyə, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən, iddiaçı tərəfindən isə iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş, beləliklə, hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallar müəyyən olunmamış, cavabdeh tərəfindən isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir.
30. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hər iki kredit müqavilələri üzrə razılaşdırılmış faiz borclarının tutulmasının rədd edilməsi hissəsində məhkəmələrin gəldiyi nəticə ilə razılaşsa da, kredit müqavilələrinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən MM-nin 445.7-ci maddəsinə uyğun olaraq (illik 5 %) hesablanmış faiz borclarının təmin edilməməsi hissəsində apelyasiya məhkəməsinin qətnaməsini qanunsuz hesab etmişdir.
31. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2022-ci il 23 iyun tarixli olsa da, həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən məktubun göndərilmə tarixinin 2022-ci il 13 iyul tarixi olduğu görünür. Beləliklə, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif 2022-ci il 13 iyul tarixdə, yəni müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən hesablanmaqla 3 il 4 ay 20 gün və 3 il 15 gün keçdikdən sonra verilmiş, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən müvafiq olaraq 2019-cu il 23 fevral və 2019-cu il 28 iyun tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, bununla da hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə 2015-ci il 23 fevral tarixli 1781/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən 2019-cu il 23 fevral tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15.378,83 manat, eyni tarixli 1782/15 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 26 aprel tarixindən xx.xx.2019cu il tarixinədək hesablanmış 50.173,58 manat faiz məbləğinin tutulması hissəsində məhkəmələrin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
32. Bununla belə iş materiallarındakı cavabdehin iddiaya etirazından görünür ki , cavabdeh hər iki müqavilə üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək hesablanmış faiz məbləğləri üzrə iddia müddətinin ötürüldüyünü qeyd etmiş, bu dəlilini də onunla əsaslandırmışdır ki, 23 02.2019-cu il tarixdə həmin kredit müqavilələrinin müddəti bitmiş, həmin müqavilələr üzrə üç illik iddia müddəti xx.xx.2022-ci ildə bitdiyinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış müqavilə faizləri tutula bilməz.
33. Beləliklə, cavabdeh ayrıca ərizə verməsə də, iddiaya yazılı etirazında yalnız kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinə münasibətdə iddia müddətinin tətbiq edilərək, iddia tələbinin həmin hissələrdə rədd edilməsini xahiş etmişdir. İşə baxmış məhkəmələr isə cavabdeh bunu xahiş etmədiyi halda, iddia tələbinin bütün hissələrinə münasibətdə iddia müddətini tətbiq edərək iddia tələbini tamamilə rədd etmişlər. Halbuki cavabdeh iddia tələbinin, kredit müqavilələrinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən MM-nin 445.7-ci maddəsinə uyğun olaraq (illik 5 %) hesablanmış faiz borclarının tutulması hissəsinin, iddia müddəti keçdiyi əsası ilə deyil, digər əsaslarla təmin edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmələr cavabdehin buna dair iddia müddətinin tətbiq edilməsi barədə müraciəti (yazılı ərizəsi) olmadığı halda iddia tələbinin həmin hissəsini də iddia müddəti tətbiq edərək rədd etməklə MM-nin 375.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.
34. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, öhdəliklərin icrasının xitam edilməsinin əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur. MM-in 399.3 və 399.4-cü maddələrinin tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. "Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).
36. Məhkəmə kollegiyası MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər
37. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab etmişdir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3-ci və 425-ci maddələrinin tələbləri kontekstindən də qiymətləndirməlidir.
38. Məhkəmə kollegiyasının mövqeyinə görə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər.
Apellyasiya instansiya məhkəməsində ikinci icraatı zamanı iştirakçılarının izahatları
39. İddiaçının nümayəndəsi K.X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
40. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
41. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddə- (mübahisə yaranan vaxt qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası)). 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 420-ci maddə-kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
42. Qətnamə iddiaçı tərəfindən MM-nin 445.7-ci maddəsinə əsasən tələb edilən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə faiz tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 25.572,30 manat və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 244.204,80 manat pulun tutulması hissəsində rədd edilməlidir.
44. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərə müvafiq olaraq iddiaçının MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə məhkəmə tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsinə sorğu verilərək tərəflər arasında baxılmış əvvəlki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 5 mart tarixli, 2(103)- 551/2021 nömrəli qanuni qüvvədə olan qətnaməsinin icrası ilə bağlı icra işində olan sənədlər tələb edilmiş, həmin sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə borclulara könüllü icra barədə bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə "xxxx" ASC-yə sifariş verilmiş, iddiaçı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək "xxxx" ASC-nin hərrac sahəsində ixtisaslaşdırılmış təşkilat kimi fəaliyyəti 5 ildən az olduğundan hərracın keçirilməsi barədə digər təşkilata sifariş verilməsi xahiş olunmuş, bundan sonra Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü tarixli məktubla "xxxx" MMC-yə hərracın keçirilməsi üçün sifariş verilmiş, işdəki bildirişlərə əsasən "xxxx" MMC tərəfindən 1-ci hərrac xx.xx.2023-cü il tarixdə, ikinci hərrac xx.xx.2023-cü il tarixdə keçirilmiş, hərrac təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmetlərinin əldə edilməsi tələbkara təklif edilmiş, tələbkar xx.xx.2023cü il tarixli məktubla ipoteka predmeti olan torpaq sahələrinin əldə edilməsinə razılığını ifadə etmişdir.
45. İcra işində olan sənədlərin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu və ipotekaqoyanlar tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə və qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməsinə (hərracın keçirilməsinə) hər hansı maneə yaradılmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka qoyulmuş əmlaklar torpaq sahələri olduğundan ipoteka predmetlərinin fiziki olaraq icranın həyata keçirilməsi üçün icra qurumuna təqdim edilməsi borclular tərəfindən təmin edilə bilməzdi.
46. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ləğv prosesində olan bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməklə borcun tutulması prosedurana başlandıqdan (bu barədə borclulara bildiriş, pretenziya göndərilməsi, iddia qaldırılması) və məhkəmə tərəfindən bu barədə iddia tələbi təmin edildikdən sonra borcluların iddiaçı qarşısında öhdəliyi kredit öhdəliyinin təminatı olaraq ipoteka qoyulmuş əmlakların açıq hərracda satılması üçün təqdim etmək olduğundan və bu prosesin başa çatmasına hər hansı şəkildə maneə törədilməsi iddiaçı tərəfindən sübut edilmədiyindən cavabdehlərdən 2018-ci il 26 aprel tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) 2019-cu il 23 fevral tarixinədək MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində iddia əsassızdır.
47. İşə birinci instansiya qaydasında baxmış məhkəmə bu tələbin iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi barədə cavabdehin ərizəsi olmadığı halda illik 5 faizlə əldən çıxmış faydanın tutulması hissəsində tələbi iddia müddətinin keçməsi əsası ilə rədd etdiyindən, mübahisələndirilən qətnamə qeyd edilən hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 25.572,30 manat və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 244.204,80 manat pulun tutulması hissəsində iddia əsaslı olduğu təsdiq edilmədiyi üçün rədd edilməlidir.
48. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 179/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 25.572,30 manat və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 244.204,80 manat pulun tutulması hissəsində rədd edilməlidir.
49. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 nömrəli qətnaməsi qismən-cavabdehdən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 25.572,30 manat və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 244.204,80 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.