Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-421/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı "xxxx» MMC-nin Cavabdeh MMC-yə qarşı «liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi ilə bağlı ödənilmiş əsas vəsaitin və əldən çıxmış faydanın tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1752/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx» MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 02.05.2017-ci il taixli 48 saylı, 26.12.2017-ci il tarixli 35 saylı, 19.01.2018-ci il tarixli 38 saylı, 01.09.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, 15.11.2018-ci il tarixli 78 saylı, 18.03.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçıya məxsus obyektlərdə, ümumilikdə, 5 (beş) ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən 71520 manat ödənilmiş əsas vəsait və 30000 manat əldən çıxmış fayda, ümumilikdə 101520 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.05.2017-ci il taixli 48 saylı, 26.12.2017-ci il tarixli 35 saylı, 19.01.2018-ci il tarixli 38 saylı, 01.09.2018-ci il tarixli CCİ\ULS-08-18-29 saylı, 15.11.2018-ci il tarixli 78 saylı və 18.03.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə şərtlərinə müvafiq olaraq 33520 manat məbləğində ödəniş həyata keçirilmiş, bundan əlavə mal-materal almaq məqsədilə kassa mədaxil orderləri əsasında firmanın xəzinədarından 38.000,00 manat pul cavabdeh tərəfindən götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə əməl olunmamışdır. 02 aprel 2020-ci il tarixdə rəsmi qaydada pretenziya göndərilərək müqavlə öhdəliklərinin yerinə yetirilməsi barədə sonuncu müddət təyiqn edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1752/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 02.05.2017-ci il taixli 48 saylı, 26.12.2017-ci il tarixli 35 saylı, 19.01.2018-ci il tarixli 38 saylı, 01.09.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, 15.11.2018-ci il tarixli 78 saylı, 18.03.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən 71520 manat ödənilmiş pulun tutularaq "xxxx» MMC firmasına ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,13 manat məbləğinin iddiaçıdan tutularaq "İddiaçı» firmasına ödənilməsi, qalan 8,87 manat məbləğinin isə həmin firmaya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi hüquq pozuntularına yol verilməklə çıxarılmışdığından, həmin qətnamə üzrə cavabdeh "Cavabdeh" MMC-nin pozulmuş hüquqları bərpa edilməli və iş obyektiv həll edilməlidir. Belə ki, Cavabdeh MMC-nin dirktoru Bəhruz Məmmədov məhkəmədə verdiyi ifadəsimndə 4 ədəd liftin quraşdırılmasının 90 faizinin tamamlanmasını bildirsə də guya məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki iddiaçı tərəf müqavilə üzrə öhdəsinə götürdüyü şərtlərə riayət etməmiş, hətta işin tamamlanmasını görərək ödəniş etməmək üçün cavabdehin işçilərini əraziyə buraxmamış, müqavilə öhdəliklərinin şərtlərini pozmuş, bir müddət sonra isə əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz xeyrinə qəbul olunmasına nail olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsi birtərəfli, iddiaçının xeyrinə təfsir olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsi hər iki tərəf eyni hüquqları versə də, nədənsə, məhkəmə yalnız iddiaçı tərəfin hüququnun ilduğunu əsaslandırmış, cavabdehin hüquqlarına münasibət bildirməmişdir. Bu halda iddiaçıya heç bir zərər dəyməmiş, əksinə onun işini tamamlamağa şərait yaradılmamış və nəticədə əmlakı ələ keçirilməmişdir. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 441.2-ci maddəsinə əəsasən əükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Şirinli onunla razılaşmamış, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini, iddiaçının məcbur olub başqası ilə müvafiq razılaşma əsasında liftlər alınıb quraşdırıldığını, cavabdehin gətirdiyi avadanlıq və əşyaların isə bir yerə yığılaraq qaldığını və istədiyi vaxt geri götürə biləcəyini qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh (icraçı) tərəflər arasında bağlanmış aşağıdakı müqavilələrin 1-ci bəndinin şərtlərinə müvafiq olaraq iddiaçıya məxsus öbyektləri liftlərlə təchiz etməyi və quraşdırıb sifarişçiyə (iddiaçıya) təhvil verməyi, sonuncu isə onların müqavilə dəyərini ödəməyi öhdəsinə götürmüşdür: - 02.05.2017-ci il taixli 48 №-li müqaviləyə əsasən ümumi qiyməti 21020 manat təşkil edən bir ədəd sərnişin lifti; - 26.12.2017-ci il tarixli 35 №-li müqaviləyə əsasən ümumi qiyməti 15.000 manat təşkil edən iki ədəd sərənişin lifti; -19.01.2018-ci il tarixli 38 №-li müqaviləyə əsasən ümumi qiyməti 25.000,00 maqnat təşkil edən bir ədəd sərənişin lifti; -15.11.2018-ci il tarixli 78 №-li müqaviləyə və ona 01 saylı əlavə yə əsasən qiyməti 15000 manat olan bir ədəd yük sərnşin lifti. -18.03.2019-cu il tarixli 109\010 №-li müqaviləyə əsasən ümumi qiyməti 8500 manat olan bir ədəd yük lifti. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşə əlavə olunmuş 16.01.2018, 22.01.2018, 25.01.2018 və 27.01.2018-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, iddiaçı (sifarişçi) tərəfindən liftin alınması və quraşdırılması üçün cavabdehə müvafiq olaraq - 3000 manat, 12750 manat, 12250 manat, 10000 manat olmaqla, cəmi, 38000 manat pul ödənilmişdir. Bundan əlavə, 14 aprel 2020-ci il tarixli bank hesab çıxarışı və 04 mart 2019-cu il tarixli və 29 mart 2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən, həmçinin, liftlərə görə cavabdehin hesabına - 21.06.2017-ci il tarixində 10510 manat; 12.05.2017-ci il tarixdə 10.510 manat; 07.05.2018-ci il tarixində 2500 manat; 04.03.2019-cu il tarixində 5000 manat; 29.03.2019-cu il tarixdə 5000 manat –cəmi 33520 manat pul vəsaiti köçürülmüşdür. Beləliklə də tədqiq edilən kassa məxaric orderləri və bank köçürmələri ilə liftlərə görə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 71520 (38000+33520) manat pul ödənilmişdir ki, bu da işin tərəflər arasında mübahisələndirilməyən hallarını təşkil edir. Lakin iş materiallarına əsasən müəyyn olunur ki, iddiaçının qeyd olunan ödənişləri müqabiində cavabdeh tərəfindən müqavilələrin 4.1-ci bəndləri ilə müəyyən olunan şərtlərə əsasən lift avadanlıqdarının ümumi təchizat dövrü 3 həftə və ən çoxu 1 aydan çox olmadığına baxmayaraq, iddiaçıya məxsus obyektləri liftlərlə təchizatı və onların quraşdırılıb iddiaçıya təhvil verməsini təsdiq edən sübutetmə vasitələri mövcud deyil. Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, bununla bağlı cavabdeh heç bir arqumenti və istinad edə biləcəyi mötəbər əsaslandırması da yoxdur. İş mateririallarından, o cümlədən, 01 oktyabr 2020-ci il məhkəmə iclas protokolundan da görünür ki, həmin məhkəmə iclasında iştirak edən cavabdehin direktoru X2, məhkəmənin və iddiaçı tərəfin verdiyi sualları cavabdandırarkən göstərmişdir ki, «liftləri gətirilmişdir, sadəcə quraşdırırılmayıb. 1 lift tam şəkildə anbardadır, 4 liftin elektronik hissələrində çaışmazlıq olub…» İddiaçının hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi T.Şirinlinin qeyd olunan izahatından da görünür ki, cavabdehin gətirdiyi liftlərə aid avadanlıq və əşyalar obyektə quraşdırılmamış, bir otada yığılıb saxlanılır. İş materiallarına əsasən də müəyyən olunur ki, iddiaçı (icraçı) cavabdehə ünvanlanmış 02 aprel 2020-ci il tarixli pretenziya məktubunda cavabdehdən beş gün müddətin müqavilə öhdəliklərinin yeninə yetirilməsi tələb olunmuş, müsbət nəticəsi olmamış, cavabdehin müqavilə öhdəliklərinin icrasından imtina edərək çəkdiyi xərcləri, o gümlədən ona ödədiyi 71520 manat məbləğində pulun ödənilməsi və əldən çıxmış faydaya dair iddia tələbinə dair 19.06.2020-ci il tarixində məhkəmədə iddia qaldırmışdır. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi, iddiaçı tələbində haqlı olduğu işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normaları ilə təsdiq olunur. Beləliklə də cavabdehin apellyasiya şikayətinin - iddiaçıya heç bir zərər vurmadığını, əksinə, işi tamamlamağa şərait yaradılmadığını, habelə, Mülki Məcəllənin 387.2, 441.2 və 446.1-ci maddələrinə istinad olunan dəlilləri, sübutlarla əsaslandırılmadığı, başqa sözlə, mübahisələndirilən müqavilə öhdləlikləri üzrə iddiaçıya məxsus obyektlərdə liftləri quraşdırıb qüsurusuz şəkildə ona təhvil verdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyi halda, formal xarakter daşıyır və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, onun həmin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindlən mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikaytinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1752/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin maddi hüquq norimalarının pozulması ilə çıxarıldığını və onun hüquqlarını pozduğunu vurğulayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1752/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-421/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-421/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver