Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-422/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QYSİ 36/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi; icarə obyektində olan mülkiyyətində olan hazır məhsullar və xammalın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməsi; İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə "Cavabdeh" MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə 1 549 446 manat miqdarında maddi zərərin və 1 000 000 (bir milyon) manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə 5 000 000 (beş milyon) manat həcmində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclərin, vəkillə bağlanan müqavilə üzrə 20000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, İddiaçı MMC-nin müqavilə üzrə istifadəsində olan və əmlakının olduğu əraziyə müəssisənin rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanların, müəssisədə çalışan bütün işçilərin əraziyə, anbar, ofis, istehsal sahəsinə giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına Cavabdeh MMC tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi, əraziyə daxil olmağa şərait yaradılmasının Cavabdeh MMC-yə həvalə edilməsi, həmçinin İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s) istifadə edilməsinin cavabdehə qadağan edilməsi, həmin məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1377/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, xx xxx 2020-ci il tarixli QVSİ36/2020 nömrəli icarə müqaviləsinin predmeti olan “xxxx” ASC-yə məxsus 8529,13 kv.m anbar və ofis sahələrindən İddiaçı MMC-nin sahiblik və istifadəsinə maneələrin törədilməsinin cavabdeh "Cavabdeh" MMC-yə qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə iddiaçının ərizəsində göstərilən iddianın təmini tədbirlərinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların məhz iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Eyni zamanda iddiaçı da iddianın təmini tədbiri barədə ərizəni bu aspektdən əsaslandırmamış və yalnız istifadə və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, habelə maddi zərər dəyməsinə istinad etmişdir. Halbuki, iddianın təmini tədbiri ilə bağlı məsələ həll olunarkən istifadə və mülkiyyət hüquqlarının pozulub-pozulmaması, habelə zərərin dəyib-dəyməməsi deyil, iddia təmin olunduğu təqdirdə qətnamənin icrasına maneə törədə biləcək hallar araşdırılır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və iddianın təmini tədbiri barədə məsələnin həlli zamanı əsassız olaraq maddi hüquq normalarına (Mülki Məcəllənin 424.2, 424.3, 158.4, 43.1, 49.1-cü maddələrinə) istinad etmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş İddiaçı MMC-nin müqavilə üzrə istifadəsində olan və əmlakının olduğu əraziyə müəssisənin rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanların, müəssisədə çalışan bütün işçilərin əraziyə, anbar, ofis, istehsal sahəsinə giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına Cavabdeh MMC tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi, əraziyə daxil olmağa şərait yaradılmasının Cavabdeh MMC-yə həvalə edilməsi, həmçinin İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s) istifadə edilməsinin cavabdehə qadağan edilməsi, həmin məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-422/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-422/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver