Məhkəmə qərarları › İş №2-2(103)-422/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-422/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-422/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5650 ABŞ dollar əsas, mənə dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-271/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Mən cavabdehlə xx.xx.2015-ci il tarixdən etibarən birlikdə işləməyə başlamışam. xx.xx.2015- ci il tarixində yay sezonunu bağlamaq üçün öz aramızda hesablaşma apardıq və məlum oldu ki, bu müddət ərzində hər birimizə 1500 (bir min beş yüz) AZN gəlir olmuşdur. Bundan əlavə 800 (səkkiz yüz) AZN pul vəsaiticavabdehin tanıdğı müştərilərində (alıcılarında), 21 rulon yay sezonu parçası isə Mehtinin sexində qalmışdır. Həmçinin diqqətinizə çatdırıram ki, cavabdeh müxtəlif vaxtlarda 2 dəfə məndən banka olan borcunu ödəmək üçün 500 ABŞ dolları məbləğindəborc pul istəmişdir, daha sonra isə bacısı qızına toy etdiyini və əlavə də 500 ABŞ dolları məbləğində borc pul istədi və mən borc olaraq ümumilikdə 1500 (bir min beş yüz) ABŞ dollarıməbləğində pulu cavabdehə verdim. Diqqətinizə çatdırmağı zəruri hesab edirəm ki, hazırda cavabdehin mənə ümumi borcu 1500 (bir min beş yüz) ABŞ dolları pul,1000 (bir min) ABŞ dolları yay sezonundan qalan vəsait və 3150 ABŞ dolları isə qış sezonu üçün təhvil verilmiş parçaların ödənişi təşkil edir. Məhkəmədən, eləcə də polis orqanlarından qaçmağı bacaran cavabdehi heç bir dövlət qurumu tapa bilməmişdir. Məhkəmə isə öz qətnaməsində qeyd edir ki, təqdim edilən səs yazısının cavabdehə aid olması öz təsdiqini tapmır. Belə çıxır ki, hər kəs dövlətin qanunlarını istədiyi kimi tapdalayıb, digər şəxslərin hüquqlarını heç saya bilər. Çünki nə məhkəmə, nə də polis orqanları mənə öz hüquqlarımın bərpa edilməsində kömək edə bilməmişdir. Məhkəmə iclasında səs yazısını təqdim edəndə səs yazısını xəbərsiz yazmağımla qanunu pozmaqla hakim məni ittiham edirdi. Görünür qeyd etdiyim Konstitusiya Məhkəməsinin Plenum Qərarından xəbərsizdir, ya da özünü Konstitusiya Məhkəməsindən də üstün tutub, qanunvericiliyi öz bildiyi kimi şərh edir. Mən hər kəsin hüquqlarına hörmətlə yanaşıram, əlbəttə ki, bilirəm ki, hər kəsin şəxsi həyatın toxunulmazlığı hüququ vardır. Lakin həmin dövrdə mənim nömrəm işlədiyim müəssisə tərəfindən verilmişdir və səs yazılması tələbi edilirdi ki, müştəri məmnuniyyətini maksimum həddə təmin etmək mümkün olsun. İstəyərək etmədiyim hərəkət bu gün tək sübutum vəziyyətindədir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işi hərtərəfli, obyektiv və şəffaf araşdırmamışdır. Mən başqa şəxsə məxsus olan səs yazısını məhkəməyə niyə təqdim edim? Və illərdir ki, mən öz pozulmuş hüquqlarımı bərpa etməyə çalışıram. Polis orqanlarına belə müraciətlər etmişəm ki, polisə yalan məlumat verilməsi məsuliyyətini də bilirəm. Bu gün çox təəssüf ki, ölkədə mənim kimi öz hüquqlarını bərpa etməyə çətinlik çəkən vətəndaşlar çoxdur. Cavabdeh kimi insanlar da qanunvericiliyin bu boşluqlarından istifadə etməkdədir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

6. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

10. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

20. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehdən tələb etdiyi məbləğin bir qismini borc formasında, bir qismini birlikdə işgüzar fəaliyyətləri olduğu üçün qazanc götürmək məqsədilə verdiyini qeyd etsə də, məhkəmə iclaslarında qeyd etdiyi hallara dair, ümumiyyətlə cavabdehlə aralarında hər hansı bir müqavilə, razılıq olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.

21. Borcun verilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən heç bir sübut (yazılı borc müqaviləsi, üzləşmə aktı, təhvil-təslim aktı və s.) təqdim olunmamışdır.

22. İddiaçı tərəfindən məhkəməyə yalnız sübut qismində Suraxanı Rayon Polis İdarəsini 32-ci Polis Bölməsinin 28 yanvar 2019-cu il tarixli qərarı təqdim edilmiş, həmin qərarın məzmunundan göründüyü kimi, cavabdeh izahatında ümumiyyətlə heç bir borcunun olmadığını qeyd etmiş, bundan əlavə məhkəmə iclasında tədqiq olunan iddiaçı tərəfindən təqdim olunan telefon danışığının səs yazısından, həmin səslərin həqiqətən cavabdehə aid olması müəyyən olunmamış, həmçinin həmin səs yazılarının hansı qaydada əldə edilməsi kimə məxsus olmasına dair heç bir sübut əlavə edilmədiyi kimi, həmçinin səs yazılarda iddia tələbinə dair heç bir fakt müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi faktı, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. Hazırkı halda isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

26. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. İddiaçının yalnız izahatına əsaslanaraq zərərin vurulması faktı təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi hallar müəyyən edilmədən iddiaçının deliktlə bağlı tələbi təmin edilə bilməz.

27. Apellyasiya şikayətinin səs yazıları ilə bağlı dəlili də əsassızdır. Belə ki, məhkəmə əsaslı olaraq səs yazılarını mümkünlük, aidiyyət və mötəbərlik meyarlarına uyğun şəkildə qiymətləndirmiş və sübut növü kimi qəbul etməmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar