Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-423/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh ”Bakı-XXİ Əsr” MMC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3560/2021 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərardadından cavabdehin hüquqi varisi "xxxx" MMC-nin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 248.959,5 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləği 222.972,34 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdehin hüquqi varisi "xxxx" MMC ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 18.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC e-2-2(113)-3560/2021 saylı iş üzrə cavabdeh "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir. Qeyd olunan qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. “Elektron məhkəmə” informasiya sistemində e-2(113)-3560/2021 saylı işdən görünür ki, cavabdeh "xxxx" MMC-nin elektron kabineti vardır və “proses iştirakçısı – cavabdeh” qismində işə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3560/2021 saylı qətnaməsi 26.10.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmiş, eyni zamanda həmin qətnamə 26 oktyabr 2021-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir.” Qərardadla razılaşmayan cavabdehin hüquqi varisi "xxxx" MMC ondan şikayət verərək, ləğv edilməsini, cavabdehin onunla əvəz edilməsini, qətnamədən verdiyi apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəməyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Həmin 03.09.2021-ci il tarixli çıxarışdan görünür ki, məhkəmə qətnaməsi qəbul edilən tarixdə, yəni 19.10.2021-ci il tarixdə, eləcə də qətnamənin elektron kabinetə yerləşdirilməsi qeyd olunan 26.10.2021ci il tarixdə cavabdeh "xxxx" MMC mövcud olmamışdır. Cavabdeh "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması nəticəsində fəaliyyətinə xitam verilmiş, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Belə olan halda mövcud olmayan cavabdeh "xxxx" MMC elektron kabinet vasitəsi ilə qətnaməni necə ala bilərdi? Elektron kabinetə qətnamənin yerləşdirilməsi məhkəmə cavabdeh tərəfindən onun alınması kimi qiymətləndirilmişdir. Halbuki, cavabdeh artıq mövcud olmadığından qətnaməni ala bilməzdi və almamışdır. Qətnamənin cavabdehə çatdırılması ilə bağlı isə, hazırda cavabdehin vergi elektron sisteminə baxarkən müəyyən olunur ki, elektron sistemdə yalnız məhkəmənin müşayiət məktubu yerləşdirilmiş, qətnamə isə yerləşdirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdə olan, hüquqi şəxslərin dövlət reyestrindən 03.09.2021-ci il tarixli **********391200 nömrəli çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC, "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər; Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır; Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Qanunvericiliyin sadalanan normalarının tələbinə görə, bir hüquqi şəxs digərinə qoşulduğu anda birincinin fəaliyyətinə xitam verildiyi, ikinci isə yenidən təşkil edildiyi, birincinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq ikinciyə keçdiyi üçün, ikinci hüquqi şəxs birincinin hüquqi varisi olur. Bu mənada, 03.09.2021-ci il tarixdən etibarən "xxxx" MMC ilə bağlı bütün hüquqları həyata keçirmək və vəzifələri daşımaq "xxxx" MMC-yə aid olmuşdur. Odur ki, həmin tarixdən "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi varisi kimi 26.10.2021-ci il tarixdə elektron məhkəmə informasiya sistemində artıq onun sayılan kabinetinə saat 09:09-da yerləşdirilmiş və göndərilmə barədə məlumat eyni tarixdə saat 10:43-də X1 oxunan qətnaməni 26.10.2021-ci il tarixdə rəsmi qaydada almış hesab olunur. Belə ki, MPM-in: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Fərz olunsa ki, hüquqi varis olaraq məhkəmədə təmsil olunma ilə bağlı "xxxx" MMC hansısa texniki məsələləri ("xxxx" MMC ilə əvəz olunması üçün Məhkəməyə müraciət etmək və sair) həll etməli idi, bunun üçün o, 03.09.2021-ci il tarixdən 19.10.2021-ci il tarixədək kifayət qədər uzun zamana malik olmuşdur. MPM-in: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəliiləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunun istinad olunan tələblərini nəzərə alıb, MPM-lə nəzərdə tutulan 1 aylıq prosessual müddətdə verilməyən apellyasiya şikayətini düzgün olaraq qaytarmışdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3560/2021 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-423/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-423/2022
18.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver