Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-425/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-678/2024 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.
2. Cavabdeh ASC-nin X3 İdarəsinin əməkdaşları tərəfindən 29 avqust 2023-cü il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və bunun nəticəsində 54714/0279698 nömrəli akt tərtib edilmişdir.
3. Həmin akta əsasən sayğaca müdaxilə aşkar edilməmiş, sayğac istismara yararsız olduğundan yenisi ilə əvəz edilmişdir.
4. Həmin yoxlmanın nəticəsi olaraq iddiaçıya 5878 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 5878 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, onlara məxsus müəssisə hər ay sudan istfadə nəticəsində yaranmış borcu zamanında ödəmişdir. İstifadələrində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt və sudan sayğacdan kənar istifadə halı olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya məxsus obyektdə yerləşən sayğaca cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, nəticədə sayğacda texniki qüsur olması aşkar edilmiş, yalnız sayğacın elektron və mexaniki hissələri arasında olan fərqə görə abonentə əlavə borc (2940 kub metr, yəni 5880 manat) yazılmışdır. Həmin qüsurun nə zaman yaranması barədə cavabdeh məlumatsızdır. Qüsur texniki qüsurdur, sayğacın istismar müddəti başa çatdığı üçün sərfiyyatı tam qeydə ala bilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlama keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır.
8. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli e-2-2(113)-678/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyətin əməkdaşları tərəfindən sayğac göstəricisinin götürülməsi zamanı həmin sayğacın elektron hissəsi işləmədiyi, sayğacın mexaniki hissəsinin işlədiyi aşkar edilmişdir. Araşdırma nəticəsində çıxarılmış sayğacın göstəricisi ilə abonent bazasında fərqin yarandığı müəyyən edilmişdir. Sayğac göstəricisinin 11683 m olmasına baxmayaraq, abonent bazasında sərfiyyatın 8744m olması müəyyən edilmişdir. Arada yaranmış 2939m fərq iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi məbləğdir (11683m-8744m=2939mx2manat=5878manat). Həmin borc iddiaçının faktiki olaraq sudan istifadə etməsi üzrə yaranmış borc məbləğidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi.
13. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü bəndlərinə əsasən bu qaydalara uyğun verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aiddir.
15. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
19. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
21. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
22. Həmin Qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
23. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
24. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
25. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Belə ki, iddiaçı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçıya hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür.
31. Cavabdeh isə bildirir ki, sayğac göstəricisinin 11683 m olmasına baxmayaraq, abonent bazasında sərfiyyatın 8744m olması müəyyən edilmişdir. Arada yaranmış 2939m fərq iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi məbləğdir (11683m-8744m=2939mx2manat=5878manat).
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisələndirilən borcun hesablanmasını yuxarıda qeyd olunanlarla əsaslandırsa da, bu faktları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
33. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
34. Məhkəməyə təqdim edilmiş həmin xx.xx.2023-cü il tarixli akt isə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
35. Belə ki, cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
36. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.
37. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
38. Bundan əlavə, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan faktların faktiki mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan suyun dəyəri tələb oluna bilməzdi.
39. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların abonentin hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, istehlak edilmiş suyun dəyəri səhv hesablanmışdır.
40. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.
41. “Sudan istifadə Qaydaları”nın 7.6-cı bəndində isə təsbit edilmişdir ki, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı həmin yoxlamanın nəticəsi olaraq hesablanmış və hazırda ödənilməmiş 5878 manat borcun silinməsini tələb etməkdə haqlıdır.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-678/2024 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov