Məhkəmə qərarları › İş №2-2(103)-426/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-426/2022

20.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-426/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Masazır Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə icarə müqaviləsinin dəyişdirilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-404/2022 nömrəli iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2005-ci il tarixli torpağın icarəyə verilməsi haqqında icarə müqaviləsinin müddətə dair şərtinin dəyişdirilməsi, müqavilənin 15 il müddətinə bağlanmış hesab edilməsi, müqavilə müddətinin bitməsinə və digər əsaslara görə xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan xx.xx.2011-ci il tarixli sazişə xitam verilməsi, cavabdehin adına DƏDRX tərəfindən həmin torpaq sahəsində icarə hüququnun qeydiyyata alınmasına dair verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bələdiyyənin ehtiyat fondunda sahəsi 14,2 ha olan olan örüş torpaq sahəsi 84 il müddətinə icarəyə verilmişdir. xx.xx.2011-ci il tarixdə həmin torpaq sahəsinin 8,2 ha müəyyən edilməsi, 6 ha torpaq sahəsinin bələdiyyəyə qaytarılması barədə saziş bağlanmışdır. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verlməsi, habelə istifadə edilməsi Qaydaları”nın İV bölməsinin 21-ci bəndinə əsasən örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun həyata keçirilir. Həmin Qaydaların İİİ bölməsinin 13-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Cavabdehə icarəyə verilmiş torpaq bələdiyyənin mülkiyyətində ehtiyat fondunda olan örüş torpaqları olmuşdur. Həmin növ torpaq sahəsi Torpaq Məcəlləsinin 16-ci maddəsinin üçüncü bəndinə və Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə təsdiqlənmiş qaydalara əsasən maksimum 15 il müddətinə icarəyə verilə biləcəyi halda, müqavilə 84 il müddətinə bağlanmış, bununla da iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh həmin torpaq sahəsinin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək əvəzinə bütün bunları etmədən icarə müqaviləsini pozmuşdur. Cavabdehə icarəyə verilmiş torpaq sahəsinin üzərində əsaslı tikinti işlərinin aparılması torpaq qanunuvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh tərəf bu günə kimi həyata keçirdiyi qanunsuz tikililərlə bağlı Bələdiyyədən, eyni zamanda müvafiq icra qurumlarından lazımi içazə almamışdır. İcarə hüququna xitam verilməsi məhkəmə qaydasında həll edilməlidir. Lakin məhkəmə bunu ləğv kimi qətnamədə göstərməklə, bu halın Məcəllədə olmadığı qənaətinə gəlir. Tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 6-cı bəndinin birinci cümləsində göstərilir ki, “Bu müqavilə açıqlana bilməz və icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə aldıqdan sonra qüvvəyə minir.” 2005-ci ildə sənədləşmə aparılarkən dövlət qeydiyyatından keçən şəxslərə şəhadətnamə verilirdi (indiki halda çıxarış). Lakin tərəf saziş imzaladıqdan sonra çıxarış almış və bu çıxarışda yüklülüyün müddəti 84 il göstərilmişdir. Bu da eyni zamanda dövlət tərəfindən qeydiyyata alan müvafiq icra qurumuna düzgün məlumatın verilməməsi səbəbindəndir. xx.xx.2012-ci il tarixli çıxarış da köhnəlmiş çıxarışlara aiddir ki, bunun da təzələnməsinə və elektron qaydada hazırlanmasına ehtiyac vardır. Bələdiyyə daşınmaz əmlakını hər hansı bir statusda fiziki və ya hüquqi şəxsə verərkən bu həmin dövrdə olan qanunvericiliyə müvafiq olaraq torpaq sahəsini ayırmalıdır. Lakin bələdiyyənin sabiq rəhbərliyi tərəfindən torpaq sahəsi ayrılarkən əsas icarəyə torpaq sahəsinin hansı qaydada ayrılmasına istinad edilməyərək torpaq sahəsi ayrılmışdır. Bələdiyyə qərarının 5-ci bəndində torpağın ayrılması (xx.xx.2005-ci il tarixli Qərar, 6 saylı) müddəti müvəqqəti istifadə kimi göstərilmişdir. Hakim isə bunu qiymətləndirməmiş və əsaslandırmamışdır. Bundan başqa, cavabdeh həmin torpaq sahəsində tikdiyi tikililərin bəzilərində (tövlələrdə) mal-qara saxlayır. Həmin ərazi hər tərəfdən yaşayış sahələri ilə əhatə olunduğundan, ərazidə ekoloji təmizliyi, sanitar vəziyyəti pozur. Yaxınlıqda olan əhali iydən, ekoloji natəmizlikdən, antisanitar vəziyyətdən dəfələrlə rarazılıq bildirirlər. Məhkəmə torpağın kateqoriyasını, təyinatını və ekoloji vəziyyətini müəyyən etmək üçün (nə qədər örüş, otlaq, tikilialtı, tikililər yaşayış massivindən hansı məsafədədir, mühafizə sahəsinə düşür, düşmür və sair) lazımi məhkəmə ekspertizası keçirmədən, mütəxəssis rəyi əldə etmədən, tələbi tam araşdırmadan cavabdehin fikirlərinə və öz iradəsinə söykənərək qərar qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdeh və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2524/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə görə, iddiaçı Masazır Bələdiyyəsi Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı məqsədilə 8,2 ha torpaq sahəsinə dair cavabdehlə bağlanmış xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Saziş və bundan irəli gələn bütün hüquqi nəticələrin, eyni zamanda DƏDRX-in xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsini və torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətinə gətirilərək təhvil verilməsini xahiş etmiş, iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2664/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 2(012)-2524/2021 nömrəli məktubunda xx.xx.2021-ci il tarixli qətnamənin xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldığı göstərilmişdir. İş materiallarından, həmçinin, məlum olur ki, xx.xx.2005-ci il tarixdə tərəflər arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1 və 2.1-ci bəndləri ilə müəyyən olunur ki, tərəflərin razılığı ilə Abşeron rayonu Masazır kəndi ərazisindən 14,2 hektar torpaq sahəsi kənd təsərrüfatı (maldarlıq) məqsədilə icarə əsasında 84 il müddətinə cavabdehə verilmişdir. xx.xx.2011-ci il tarixdə Masazır Bələdiyyəsi ilə İcarəçi Tovuz kooperativinin sədri Cavabdeh arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında Saziş (müqavilə) bağlanmışdır. Həmin Sazişin 1-ci bəndindən görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 14,2 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Masazır Bələdiyyəsi ilə hüquqi şəxs - Tovuz kooperativinin sədri Cavabdeh arasında xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarda göstərilən torpaq sahəsinin bir qismi - 6 hektarı tərəflərin razılığı ilə ləğv edilmişdir. Həmin Sazişin 2-ci bəndinə görə, İcarəçi icarəyə verilmiş 14,2 hektar torpaq sahəsindən 6 hektarını ləğv edilərək Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasını öz öhdəsinə götürmüş və 8,2 ha torpaq sahəsinin bütün sənədlərini sənədləşdirib Tovuz kooperativinin sədri Cavabdeh təqdim edilməsini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası icarə hüquq münasibətinin tərəfinin kim olmasını müəyyənləşdirərkən qeyd edir ki, icarə müqaviləsinin tərəfi cavabdehdir. Belə ki, işdə olan DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********84 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa görə, Masazır Bələdiyyəsinin mülkiyyətində olan Masazır kəndində yerləşən 8,20 ha torpaq sahəsi üzərində icarə növü əsasında cavabdehin xeyrinə hüquq yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2005-ci ildən başlayaraq 84 il, əsas öhdəliyin təsviri və müddəti xx.xx.2005-ci il tarixli icarə müqaviləsi və xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sazişdir. Həmçinin, tərəflər icarə münasibətlərinin Masazır Bələdiyyəsi ilə cavabdeh arasında yarandığını mübahisə etmirlər. Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarına görə, cavabdehə kənd təsərrüfatı məqsədi üçün (əkinçilik və maldarlıq üzrə) icarə müqaviləsi yolu ilə ayrılmış 14,2 hektar torpaq sahəsinin 8 ha hissəsi əkin yeri, 4,2 ha hissəsi örüş yeri, 2 ha hissəsi isə tikintialtı sahə kimi uçota alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki icraat qaydasında iddiası təmin olunmadığından N.Aləmmədzadə və qeyriləri yenidən məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati icraat qaydasında qərar qəbul edilməsini xahiş etmiş və iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. ... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər; hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).” MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən, MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən qərarında şərh etmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). ... ... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. ... ... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarında verilən şərhləri rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)-2524/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi hazırkı işə münasibətdə preyudisial qüvvəyə malikdir. Belə ki, həmin mülki işdə həm tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, həm xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Sazişin (müqavilə) qanuniliyinə hüquqi qiymət verildiyindən, habelə, Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarı və DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********84 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış həmin məhkəmə araşdırmasının predmeti olduğundan, həmçinin, hazırkı iddianın 1. çıxarışın ləğv edilməsi; 2. cavabdehin torpaq sahəsindən çıxarılması və 3. həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbləri 2(012)-2524/2021 nömrəli mülki iş üzrə iddianın 1. çıxarışın ləğv edilməsi; 2. torpaq sahəsinin təhvil verilməsi və 3. torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətinə gətirilməsi tələbləri ilə faktiki cəhətdən və tələbləri obyektləri baxımından eyni olduğundan və sözügedən üç tələbə də mahiyyəti üzrə baxılaraq, rədd edildiyindən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin faktlar hazırkı işdə iddiaçı və cavabdeh tərəfindən yenidən mübahisələndirilə bilməz, həmin faktiki halların yenidən sübut edilməsi yolverilməzdir, bu səbəbdən iddiaçının eyni cavabdehə qarşı yenidən eyni mübahisə predmeti ilə bağlı qaldırdığı iddia prosessual hüquqlardan vicdanlı istifadə kimi qiymətləndirilməməlidir, iddia qanunsuz və əsassızdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial qüvvəyə malik olmadığı fərz olunan halda da iddia əsassızdır. Belə ki, “Torpaq icarəsi haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 719.4. İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir. İşdən müəyyən olunur ki, mübahisəli müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi, dəyişdirilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamış, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı aşkar edilməmişdir. Belə ki, qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna və dəyişdirilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və yaxud bu hal Məcəllədə nəzərdə tutulmuş olsun. İddiaçı Torpaq Məcəllənin 16-cı maddəsinin 4-cü bəndinə (yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verlməsi, habelə istifadə edilməsi Qaydaları”nın İV bölməsinin 21-ci bəndinə (örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun həyata keçirilir. Həmin Qaydaların İİİ bölməsinin 13-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir) istinad edərək, icarə müqaviləsinin 84 il müddətinə bağlanmasının qanunazidd olduğunu bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən normalar imperativ yox, dispozitiv normalardır. Yəni “bir qayda olaraq” ifadəsi ilə qanunverici müqavilənin həmin müddətlərə bağlanmasını tövsiyə etsə də, mülki dövriyyə iştirakçılarının buna zərurət görəcəkləri hallarda həmin şərti də qanunvericiliklə onlara tanınan hüquqlar həddində müəyyən edə biləcəklərinə etiraz etməmişdir. İddianın icarə müqaviləsinin müddətə dair şərtinin dəyişdirilməsi, müqavilənin 15 il müddətinə bağlanmış hesab edilməsi, müqavilə müddətinin bitməsinə və digər əsaslara görə icarə müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan sazişə xitam verilməsi tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbləri də, müzakirə edilmədən rədd edilməlidir. Torpaq sahəsində tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə gəldikdə isə, icarəyə verilmiş torpaq sahəsində onun tərəfindən əsaslı tikinti işlərinin aparıldığını cavabdeh təkzib etmiş və izahatında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində mövcud tikililər 1990-cı ildə tikilmişdir və o, torpağı icarəyə götürəndə həmin iki tikili artıq orada mövcud idi. Onun bildirdiyi bu fakt Masazır Bələdiyyəsinin sədrinin 2003-cü ilin aprel ayında təsdiq etdiyi mübahisəli torpaq sahəsinin yerquruluşu planı ilə təsdiqini tapır. Həmin planda, V Literində 2 tikilinin mövcud olduğu görünür, iddiaçı faktın doğru olmaması barədə hər hansı mötəbər sübuta istinad etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə, yəni kənd təsərrüfatı və maldarlıq məqsədilə istifadə etdiyi işin mübahisəsiz halıdır, onun icarə müqaviləsinin bu şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmədiyi, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün hansı aqrotexniki tədbirləri görmədiyi, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına hansı ziyan vurduğu isə şikayətdə konkret faktlarla göstərilməmiş və dəqiqləşdirilməmişdir. xx.xx.2012-ci il tarixli çıxarışın köhnəlmiş çıxarışlara aid olması və onun da təzələnməyə və elektron qaydada hazırlanmaya ehtiyac duyulması da iddiaçının hüquq və maraqlarına toxunmur. Masazır Bələdiyyəsinin sabiq sədrinin bələdiyyə əmlakını şəxslərə verərkən qanunvericiliyin tələblərini pozması halı cavabdehə məlumdursa, o, bu barədə səlahiyyətli dövlət orqanları qarşısında müvafiq məsuliyyət məsələləri ilə bağlı çıxış etmək hüququndan istifadə etməkdə haqlıdır. Şikayətin cavabdehin torpaq sahəsində tikdiyi tikililərin bəzilərində (tövlələrdə) malqara saxlaması, həmin ərazinin hər tərəfdən yaşayış sahələri ilə əhatə olunması, ərazidə ekoloji təmizliyi, sanitar vəziyyəti pozması, yaxınlıqda olan əhalinin iydən, ekoloji natəmizlikdən, antisanitar vəziyyətdən dəfələrlə rarazılıq bildirməsinə dair dəlili də əsaslı deyil. Belə ki, cavabdehin torpaq sahəsində mal-qara saxlaması icarə müqaviləsinin kənd təsərrüfatı və maldarlıq təyinatına uyğundur, ərazidə ekoloji təmizliyi, sanitar vəziyyəti pozması, yaxınlıqda olan əhalinin iydən, ekoloji natəmizlikdən, antisanitar vəziyyətdən dəfələrlə rarazılıq bildirməsi haqqında iddiaçı hər hansı mötəbər sübut təqdim etməmişdir, ərazinin yaşayış məntəqələrinə ayrılmış torpaq sahələri kateqoriyasına aid olması barədə də işdə heç bir sübut mövcud deyil. Torpağın kateqoriyasını, təyinatını və ekoloji vəziyyətini müəyyən etmək üçün (nə qədər örüş, otlaq, tikilialtı, tikililər yaşayış massivindən hansı məsafədədir, mühafizə sahəsinə düşür, düşmür və sair) məhkəmə ekspertizasının keçirilməsi barədə dəlil və tələb də əsassızdır. Belə ki, inzibati orqan olan iddiaçının bələdiyyə olaraq ona məxsus torpaq sahələri haqqında qeyd olunan məlumatları əks etdirən rəsmi sənədləri bu vaxtadək əldə etməsi həm zəruri, həm də vacib idi və bu səbəbdən onda olmalı olan bu sübutları Məhkəməyə təqdim etmək onun vəzifəsi idi. Sözügedən mötəbər sübutlar olmadan Məhkəməyə müraciət etmək isə o mənaya gəlir ki, iddia sübutetmə vəzifəsinin cavabdeh və məhkəmə tərəfindən yerinə yetiriləcəyi ümidi ilə qaldırılmışdır. MPM-in: Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-404/2022 nömrəli iş üzrə 25 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Masazır Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar