Məhkəmə qərarları › İş №2-2(103)-427/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-427/2020

19.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-427/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə ilə, iddiaçı “İddiaçı” X1 cavabdeh “xxxxxxxx” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-726/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı” X2 cavabdeh “xxxxxxxx” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə iddia tələbinə dəqiqləşmə verərək təbii qazdan istifadəyə görə 2016-cı ilin fevral ayı üçün istehlak edilmiş təbii qaza görə hesablanmış 15.298 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” MMC 2013-cü ildən etibarən sənaye müəssisəsi olaraq təbii qaz istehlakçısıdır və istehlak olunmuş təbii qaza görə ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Cavabdeh “xxxxxxxx” İB ilə onun arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə uyğun olaraq MMC-yə gələn qaz xəttinə G-400 markalı elektron sayğac quraşdırılmışdır. Həmin sayğacın elektron və mexaniki göstəricilərinə əsasən istehlak olunan təbii qazın həcmi müəyyən edilir. 2016-cı ilin fevral ayında MMCnin fəaliyyət göstərmədiyi halda, qaz sayğacının mexaniki göstəricisi 153.298 kub.metr həcmində sərfiyyat qeydə almışdır. Məsələ ilə əlaqədar 2016-cı ilin mart ayında qaz sayğacının yoxlanılması üçün MMC tərəfindən ARDNŞ İnformasiya, Texnologiya və Rabitə İdarəsinə müraciət olunmuş və qaz sayğaclarına mexaniki xidmət göstərən Avtomatika və Metrologiya Departamenti həmin dövrdə qaz sayğacını çıxararaq yoxlamaya aparmışdır. Sayğac çıxarılarkən cavabdehin quraşdırdığı xüsusi plomba və qaz sayğacına kənar müdaxilənin olması aşkar edilməmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, sayğacın mexaniki göstəricisi 153.298 kub.metr qaz sərfiyyatı qeydə aldığı halda, elektron göstəricisi bu sərfiyyatı qeydə almamışdır. Belə ki, ARDNŞ İnformasiya, Texnologiya və Rabitə İdarəsi tərəfindən “İddiaçı” MMC-yə məxsus elektron ünvana göndərilmiş qaz sayğacının elektron göstəriciləri çıxarışında aydın şəkildə görünür ki, 153.298 kub.metr sərfiyyat qeydə alınmamışdır. Bu uyğunsuzluğun səbəbi isə şifahi olaraq “İddiaçı” MMC-yə gələn qaz xəttində təzyiqin qəfil 1 atmosferdən 3 atmosferədək artması nəticəsində qaz sayğacındakı hesablayıcı mexanizmdə pozulmanın olduğu bildirilmişdir. “xxxxxxxx” İB ilə MMC arasında bağlanmış müqavilənin 2.1.7-ci bəndinə əsasən paylayıcı qazın verilməsində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etməlidir. Eyni zamanda həmin müqavilənin 2.4.2-ci bəndində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət olunmasını paylayıcıdan tələb etməsi hüququ da müəyyən edilmişdir. MMC-yə gələn qaz xəttində müəyyən edilmiş təbii qazın təzyiqi 1 atmosferdir. Bundan başqa, MMC tərəfindən qış aylarında təbii qaz minimum həcmdə istehlak olunur. Çünki, qış aylarında, xüsusən də 2016-cı ilin fevral aynda hava şəraiti qarlı və yağmurlu olduğundan, sifarişlər olmur, yəni asfalt çəkilişi işlərinin yağmurlu hava şəraitində aparılması mümkünsüz olur. “İddiaçı” MMC asfalt istehsalı ilə məşğuldur. Odur ki, MMC-nin 2016-cı ilin fevral ayında qeydə alınmış 153.298 kub.metr qaz sərfiyyatını, digər qış aylarında istehlak etdiyi sərfiyyatla müqayisə etdikdə, 50% artıq olduğunu görmək olar. Qeyd olunan hallar “İddiaçı” MMC-yə 15.298 manat maddi ziyan dəyməsinə tam dəlalət edir. Cavabdehə pretenziya qaydasında müraciət olunsa da, müsbət nəticə əldə olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-726/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, 2016-cı ilin fevral ayı üçün iddiaçıya hesablanmış 15.298 manat borc sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Həmin ayda iddiaçının özünün də etiraf etdiyi kimi, sayğacın elektron göstəricisi işləmədiyi üçün sərfiyyat mexaniki göstəricilərə əsasən müəyyən edilmişdir. İş üzrə verilmiş ekspert rəyi cavabdehə göndərilməmişdir. Ekspert iş üzrə ətraflı araşdırma aparmamışdır. Sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olması normaldır. Ekspert isə bu halı qüsur kimi qiymətləndirmişdir. Məhkəmə bu rəyə əsaslanaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cavabdehə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Hazırkı halda elektron tablo işləmədiyi üçün istifadə edilmiş qazın dəyərinin mexaniki tabloya görə müəyyən edilməsində hər hansı pozuntu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2-2(82)- 926/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-535/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-726/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı bundan ibarətdir ki, 2016cı ilin fevral ayı üçün iddiaçı “İddiaçı” MMC-yə məxsus obyektdə təbii qaz təchizatı üçün quraşdırılmış “Elster G-400” tipli, 80101372 saylı sayğacın elektron korrektoru işləmədiyi üçün həmin ayın qaz sərfiyyatının mexaniki göstəriciyə əsasən 153.298 kub.metr olduğu müəyyən edilmiş və həmin ay üçün 15.298 manat borc hesablanmışdır. İddiaçı 2016-cı ilin fevral ayında müəssisənin fəaliyyət göstərmədiyini və bu əsasla həmin ayda qaz sayğacının mexaniki göstəricisində qeydə alınmış sərfiyyatın düzgün olmadığını və həmin göstərici əsasında hesablanmış borcun silinməsini xahiş etmiş, məhkəmə iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın əsaslı olub-olmadığında hüquqi qiymət verərkən ilk əvvəl iddiaçının istinad etdiyi əsas dəlillə bağlı sübut olub-olmamasını yoxlamalı idi. 2016-cı ilin fevral ayında “İddiaçı” X1 fəaliyyət göstərməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə işin bu halını yoxlamamışdır. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında yenidən baxılarkən verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin ayda müəssisə tam işləməsə də, müəyyən günlər fəaliyyət göstərmişdir. İş materiallarının 42-ci vərəqindəki iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda 2016-cı ilin fevral ayında iddiaçıya məxsus zavodun fasilələrlə işlədiyi və 400 ton asfalt istehsal etdiyi qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, qeyd edilən dövrdə iddiaçının fəaliyyət göstərməməsi barədə iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Bundan əlavə qeyd edilən dövrdə iddiaçı müəyyən həcmdə qaz istehlak etdiyini qəbul edirsə, həmin ay üçün hesablanmış borcun hansı əsasla tam silinməsini tələb etdiyi anlaşılan deyil. İş materiallarında iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğacın mexaniki göstəricisində 2016-cı ilin fevral ayında qüsur olması barədə hər hansı sübut yoxdur. Müəyyən olunur ki, müəssisə tərəfindən qeyd edilən dövr üçün qaz istehlak edilmiş və bu səbəbdən sayğac qaz sərfiyyatını qeydə almışdır. Məhkəmə qətnamədə iddiaçının istehlak etdiyi təbii qaza görə sayğac göstəricisi əsasında hesablanmış borcu hansı normaya əsasən qanunsuz hesab etdiyini qeyd etməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 30701 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçı “İddiaçı” MMC-yə gələn qaz xəttinə quraşdırılmış G-400 markalı (tipli) 80101372 zavod nömrəli qaz sayğacı 2016-cı ilin fevral ayı ərzində mexaniki göstəricilərinə görə 32.783 kub.metr, elektron göstəricilərinə görə isə 153.298 kub.metr həcmdə qaz sərfiyyatı qeydə almışdır. Qeyd lunan aylıq sərfiyyat sayğacın mexaniki və elektron hesablama mexanizmləri üzrə fərqli olması ilə yanaşı, bu göstəricilər mövsüm üzrə müvafiq aylarda qeydə alınmış sərfiyyat göstəricilərinə də uyğun gəlmir ki, bu da sayğacda yaranmış qüsurla əlaqədar hesabatın düzgün aparılmadığını göstərir. Ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman G-400 markalı (tipli) 80101372 zavod nömrəli qaz sayğacının elektron yaddaşına və qoşulma sxeminə müdaxilə edilmə əlamətləri aşkar edilməmişdir. Bununla yanaşı, mülki iş materialları ilə təqdim olunmuş sənədlərə əsasən sayğac “xxxxxxxx” İB tərəfindən çıxarılarkən və yoxlamadan keçirilərkən (xüsusi stenddə “test” və “kolibrovka” olunarkən) sayğacın plomblarına və hesablama mexanizmlərinə müdaxilə əlamətləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi işin həqiqi faktiki halları ilə uyğun gəlmədiyindən məhkəmə tərəfindən sübut kimi nəzər alına bilməz. Belə ki, həm iddia ərizəsində, həm də pretenziya məktubunda iddiaçı 2016-cı ilin fevral ayında ona məxsus sayğacın mexaniki göstəricisi üzrə qaz sərfiyyatının 153.298 kub.metr qeydə alındığını göstərsə də, ekspert rəyində ekspert bu sərfiyyatın elektron göstəriciyə əsasən müəyyən edildiyi qeyd edilmişdir. Bundan əlavə, ekspert rəyində sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisinin fərqli olmasının sayğacın qüsurla işlədiyini təsdiq etdiyi qeyd edilmiş, ekspertin hansı normativ sənədə əsasən bu nəticəyə gəldiyi rəydə qeyd edilməmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdəki Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxx 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. İddiaçıya məxsus obyektdə quraşdırılmış sayğacın mexaniki və ya elektron hissəsinin işlək vəziyyətdə olmaması və bu səbəbdən dəyişdirilməsi barədə də iş materiallarında sübutlar mövcud deyil. Bundan əlavə iddia ərizəsində 2016-cı ilin fevral ayında 153.298 m3 (15.329,80 manat) həcmində təbii qazdan istifadə etmənin qeyri-mümkün olduğu göstərilsə də, abonentin saldosuna əsasən iddiaçının 2016-cı ilin iyun ayında 166.700 m3, avqust ayında isə 151.418 m3 təbii qazdan istifadə etdiyi aydın olur. Aylar üzrə istifadə edilmiş qazın həcmlərində cüzi, əhəmiyyətsiz fərqlərin olması qaz sayğacının düzgün işləmədiyinə dair iddiaçının dəlillərinin əsaslı olduğunu təsdiq edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-726/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-726/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar