Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-428/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-560/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.01.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.05.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 198174,48 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 88,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 492100 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.01.2021-ci il tarixli e-2-2(113)-560/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MTK Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 21.05.2020-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 21.05.2020-cu il tarixə yaranan borcuna görə 492100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21.05.2020 tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 16.06.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 21.05.2020-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 198174,48 manat, Dövlət Sosial Müdafiə Fonduna 88,01 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, bütün vergi borcları ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Cavabdeh MTK tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 22.05.2020-ci il tarixdə 50000 manat, 23.07.2020-ci il tarixdə 50000 manat, 29.06.2020-ci il tarixdə 100000 manat, 10.08.2020-ci il tarixdə 20000 manat, 17.08.2020-ci il tarixdə 10000 manat, 24.08.2020-ci il tarixdə 10000 manat, 08.09.2020-ci il tarixdə 10000 manat, 14.09.2020-ci il tarixdə 10000 manat, 28.09.2020-ci il tarixdə 30000 manat, 08.10.2020-ci il tarixdə 10000 manat, 23.10.2020-ci il tarixdə 40000 manat, 05.11.2020-ci il tarixdə 100000 manat, 13.11.2020-ci il tarixdə 15000 manat, 27.11.2020-ci il tarixdə 35000 manat, 03.12.2020-ci il tarixdə 50000 manat, 23.12.2020-ci il tarixdə 35000 manat, 06.01.2021-ci il tarixdə 100000 manat, 25.02.2021-ci il tarixdə 100000 manat, ümumilikdə 775000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda Cavabdeh MTK-nın məhz 21.05.2020-ci il tarixinə dövlət büdcəsinə olan 198174,48 manat və Dövlət Sosial Müdafiə Fonduna olan 88,01 manat borcunun ödənilib-ödənilməməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri, o cümlədən cavabdehin şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclası təxirə salınaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bildiriş-sorğu göndərilmiş, lakin sorğuya heç bir cavab verilməmiş, habelə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı istinad etdiyi hallarla bağlı sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməkdən yayınmışdır. Belə olan halda isə qəbul edilir ki, cavabdehin yuxarıda qeyd olunan ümumilikdə 775000 manat məbləğində ödənişləri məhz 21.05.2020-ci il tarixinə dövlət büdcəsinə olan 198174,48 manat və Dövlət Sosial Müdafiə Fonduna olan 88,01 manat borcu da əhatə edir. Göründüyü kimi cavabdeh həmin borcu artıqlaması ilə ödəmiş və onun həmin tarixə ödənilməli olan vergi borcu mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-560/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.01.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı cavabdehin 21.05.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 198174,48 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 88,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 492100 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-428/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-428/2021
29.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver