Məhkəmə qərarları › İş №2-2(103)-428/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-428/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-428/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və "xxxx" MMC) “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və üçüncü şəxs X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-79/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcarəyə verən ASC "xxxx" Bankı ilə icarəçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,50 kv.m təşkil edən əmlak kompleksinin 1-ci mərtəbəsindəki 70 kv.m qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə qeyriyaşayış sahəsini qəbul etməyi və icarəyə verənə icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən banka mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq mövcud olan 309,93 (üç yüz səkkiz manat 93 qəpik) manat məbləğində icarə haqqı üzrə borc və icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin qeyri-yaşayış sahəsindən faktiki istifadəyə görə 2.890,73 (iki min səkkiz yüz doxsan manat 73 qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3.199,66 (üç min yüz doxsan doqquz manat 66 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, həmin 70 kv.m sahə iddiaçı tərəfindən cavabdehə aptekin yerləşdirilməsi üçün icarəyə verilmişdir. Bank tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 2062 №-li xəbərdarlıq məktubu göndərilərək müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin uzadılmayacağı və müqaviləyə onun müddətinin bitməsi tarixində xitam veriləcəyi bilidrilmiş və icarə obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq banka təhvil verilməsi tələb edilmişdir. Lakin müqaviləyə 28 yanvar 2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq İcarəçi hazıra kimi qeyriyaşayış sahəsini boşaltmamış və banka təhvil verməmiş, bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Belə olduğu təqdirdə Cavabdeh tərəfindən icarə obyekti olan qeyri-yaşayış sahəsinin hazıra qədər istifadə edildiyini nəzərə alaraq icarə haqqı üzrə borcu yaranmışdır.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, bankla onun arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlansa da, faktiki icarə münasibətləri yaranmamışdır. Belə ki, qeyri-yaşayış sahəsinin ümumiyyətlə onun icarəsinə verilməmişdir. O, bir neçə ay müqavilə üzrə icarə haqqını ödəsə də, sonradan icarə sahəsi verilmədiyindən icarə haqqını ödəməmişdir.

5. Üçüncü şəxs X6 da iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş edir.

6. Üçüncü şəxs "xxxx" MMC bildirir ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin birinci mərtəbəsində 70 kv.m qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli lisenziya əsasında və X5 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4M-274 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, 3 M-29 reyestr nömrəli icarə müqavilələri əsasında fəaliyyət göstərir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-79/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı ASC "xxxx" Bankı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqını xx.xx.2021-ci il tarixdən başlayaraq 8 ay müddətində mütəmadi olaraq ödəməsi onun icarə obyektini faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirir. Həmçinin, cavabdeh icarə obyektinin faktiki olaraq ona verilmədiyi barədə iddiaçıya hər hansı şifahi və ya yazılı müraciət, o cümlədən pretenziya bildirməmişdir. Ona görə də, icarəçinin müqavilə üzrə icarə obyektinin ona verilmədiyi təqdirdə icarəyə verənə, hazırki halda iddiaçıya bununla bağlı şifahi və ya yazılı müraciət etməməsi və 8 ay ərzində icarə haqqının vaxtında və lazımınca ödəməsi inandırıcı deyildir. Məhkəmə yuxarıda qeyd edilən dəlilləri nəzərə almamış, yalnız cavabdehin nümayədəsinin izahatına istinad etməklə cavabdeh tərəfindən icarə obyektinin faktiki olaraq qəbul edilmədiyini bildirmişdir. Bundan başqa, cavabdeh icarə müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq 3 aylıq icarə müddətlərinin sonunda icarə müqaviləsinin uzadılmaması ilə bağlı banka müvafiq xəbərdarlıq etməmişdir. Qeyd edilən dəlillərə məcmu halda qiymət verdikdə aşkar şəkildə müəyyən olunur ki, cavabdeh tərəfindən icarə obyekti faktiki olaraq qəbul edilmiş və təyinatı üzrə istifadə edilmişdir. Bundan əlavə, Qalib Məmmədov ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin predmeti olan əmlak hazırda iddiaçının xüsusi mülkiyyətində olduğundan qeyd edilən əqd əhəmiyyətsiz əqddir. Belə ki, həmin əmlak kompleksi ASC "xxxx" Bankına məxsusdur. ASC "xxxx" Bankı isə qeyd edilən əmlaka mülkiyyət hüququndan irəli gələrək müstəqil sərəncam vermiş və cavabdehlə xx.xx.2021-ci il tarixli icarə müqaviləsini bağlamışdır. Qeyd edilən əmlakın bankın balansına keçməzdən əvvəl həmin əmlaka dair hansısa şəxslər arasında bağlanmış icarə müqaviləsi hazırda əhəmiyyətsizdir və həmin müqavilə üzrə tərəflər hazırki iddia tələbinə cavab verməli olan şəxslər deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və üçüncü şəxs X6 isə apellyasiya şikayətinə etiraz etdi.

12. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

14. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

15. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

20. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi, faktiki istifadəyə görə pul vəsaitinin tutulması barədə tələblərin qanuni əsasını həmin Məcəllənin 697.2-ci maddəsi, icarəyə verilən sahənin boşaldılması barədə tələblərin qanuni əsasını isə həmin Məcəllənin 697.1-ci maddəsi təşkil edir.

21. Lakin hazırki işdə həmin maddələrin dispozisiya şərtləri mövcud deyil.

22. Belə ki, qeyd olunan maddələrdən də görünür ki, icarə müqaviləsi üzrə öhdəlik ilk növbədə icarəyə verənin üzərinə düşür və o, yalnız icarə obyektini icarəçiyə təhvil verdikdən sonra icarəçinin icarə haqqını ödəmək, o cümlədən icarə hüquq münasibətlərinə xitam verildikdən sonra əşyanı qaytarmaq öhdəliyi yaranır.

23. Cavabdeh də iddiaya etirazının əsası kimi bildirir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, icarə obyekti onun faktiki istifadəsinə verilməmişdir.

24. Göründüyü kimi müəyyən olunmalı məsələ icarə müqaviləsi üzrə icarə obyektinin icarəçiyə təhvil verilib-verilmədiyi ilə bağlıdır. Bununla bağlı sübutetmə yükü isə yuxarıda qeyd olunanlara əsasən iddiaçının üzərinə düşür.

25. Lakin iddiaçı bununla bağlı heç bir sübutu (təhvil-təslim aktı və s.) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

26. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektin 1-ci mərtəbəsində olan 70 kv.m mağaza X1.

27. Qalib Məmmədov isə "xxxx" MMC ilə icarə müqaviləsi bağlayaraq qeyri-yaşayış sahəsini sonuncuya icarəyə vermişdir.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə xüsusi lisenziya verərək ünvan 1 ünvanında yerləşən sahədə dərman vasitələrinin pərakəndə satışına icazə vermişdir.

29. İş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bankın "xxxx" MMC-yə qarşı borcun tutulması və s. tələbinə dair iddiası qismən təmin edilmiş və borcun tutulması ünvan 1 ünvanında yerləşən sahəsi 16.100,50 kv.m təşkil edən əmlak komplesinə yönəldilmişdir. Qeyd edilən mübahisəyə dair yekun qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı olmuşdur. Bundan sonra əmlak hərraca çıxarılmış və əmlakı hərracdan Bank qəbul etmiş və buna dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış əldə edilmişdir.

30. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməsə də, məhkəməyə ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin birinci mərtəbəsində 70 kv.m qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli lisenziya əsasında və X5 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4M-274 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, 3 M-29 reyestr nömrəli icarə müqavilələri əsasında fəaliyyət göstərir.

31. Göründüyü kimi, icarəyə verən "xxxx" Bank ASC icarə müqaviləsində nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m qeyri-yaşayış sahəsini ümumiyyətlə cavabdehə təhvil verməmiş və həmin sahə, xx.xx.2014-cü il tarixdən faktiki olaraq X5 ilə bağlanmış icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsindədir.

32. Belə olan halda isə, iddiaçı tərəfindən cavabdehə icarə obyektinin təhvil verilməsi və bununla da, icarə müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur.

33. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin icarə haqqını ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqını, həmçinin həmin Məcəllənin 697.1 və 697.2-ci maddələrinə əsasən icarəyə verilən sahənin boşaldılmasını və faktiki istifadəyə görə pul vəsaitini tələb etmək hüququ mövcud deyil. Ona görə də, iddia rədd olunmalıdır.

34. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışda ödənişlərin Cavabdeh tərəfindən edilməsi ilə bağlı qeyd olsa da, həmin sənəd birtərəfli qaydada bank tərəfindən tərtib edilmişdir. Cavabdeh də 3 ay istisna olmaqla qalan ödənişlərin onun tərəfindən edilmədiyini bildirir. Qeyd olunan halın, yəni həmin ödənişlərin konkret kim tərəfindən edilməsinin dəqiqləşdirilməsi məqsədilə hazırki apellyasiya baxışı zamanı iddiaçıya kassa mədaxil orderlərini məhkəməyə təqdim etməsi təklif edilmiş, lakin sonuncu həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehin 8 ay ərzində icarə haqqını vaxtında və lazımınca ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu, məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi icarə müqaviləsi üzrə öhdəlik ilk növbədə icarəyə verənin üzərinə düşür və o, yalnız icarə obyektini icarəçiyə təhvil verdikdən sonra icarəçinin icarə haqqını ödəmək, o cümlədən icarə hüquq münasibətlərinə xitam verildikdən sonra əşyanı qaytarmaq öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxslər arasında hazırda iddiaçının mülkiyyətində olan obyekt barəsində bağlanmış icarə müqaviləsinin əhəmiyyətsiz olub-olmamasının isə hazırki mübahisənin həllinə hər hansı təsiri yoxdur və bu hal hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki hazırki iddia məhz Cavabdeh qarşı qaldırılıb və işin halları ilə icarə obyektinin məhz onun istifadəsinə verilməsi heç bir sübutla təsdiq olunmur. Əksinə üçüncü şəxs "xxxx" MMC etiraf edir ki, həmin sahə xx.xx.2014-cü il tarixdən faktiki olaraq onun istifadəsindədir. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.3-cü bəndində icarəyə götürülən qeyri-yaşayış sahəsinin icarəçi tərəfindən aptekin (aptek məntəqəsinin) yerləşdirilməsi məqsədi üçün istifadə olunacağı qeyd olunmuşdur. Lakin işin halları ilə müəyyən olunur ki, cavabdehin aptek fəaliyyəti ilə məşğul olmaq üçün ümumiyyətlə xüsusi lisenziyası mövcud deyildir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-79/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar