Məhkəmə qərarları › İş №2-2(103)-429/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-429/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-429/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Açar söz: icarə müqaviləsi üzrə mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə borc tələbinə dair ilk iddiası, Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə üzrə artıq ödənişin geri qaytarılmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)- 90/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 10 dekabr 2020-ci il tarixdə “ofis icarəsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. 4.2-ci bəndinin a) yarımbəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. 4.2-ci bəndinin b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. 5.1-ci bəndinə görə icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1%-ini ödəməlidir. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qüvvədədir. Tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. 9-cu bəndinə əsasən icarəçi Əlavə 1-in 2.1-ci maddəsində göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 2.” xx.xx.2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsinin (ofis sahəsi): 1.1-ci bəndinə görə icarəyə verən, icarəçiyə əlavə olaraq İ Plazanın 4-cü mərtəbəsində 130 m2 sahəni icarəyə verir. 2.1-ci bəndinə əsasən icarəçi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2119 manat+18% ƏDV, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2340 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə hesab-faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2-ci bəndinə görə icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişiliklər haqqında 13 yanvar 2021-ci il tarixli 2 saylı əlavə ilə müəyyən edilir ki, qarşılıqlı razılığa əsasən icarə müqaviləsinə aşağıdakı əlavə və dəyişiliklər edilir: 2.4. İcarəçinin İ Plazanın 4-cü mərtəbəsində yerləşən 130 m2 ofis sahəsi üçün dünyada yayılmış COVİD-19 xəstəliyi ilə bağlı elan olunmuş pandemiya ilə əlaqədar olaraq icarə haqqına (2119 manat+18% ƏDV) aşağıda qeyd olunmuş aylar üzrə güzəştlər tətbiq olunur: Yanvar ayı üzrə icarə haqqına 50% güzəşt tətbiq edilir. Müqavilə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir.

4. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun (6 ay) ayları üçün ümumilikdə 11.652,84 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMCnin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

5. İddiaçı MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli 425 nömrəli, xx.xx.2021-ci il tarixli 2994 nömrəli, xx.xx.2021-ci il tarixli 3073 nömrəli, xx.xx.2021-ci il tarixli 3802 nömrəli, xx.xx.2021-ci il tarixli 3867 nömrəli, xx.xx.2021-ci il tarixli 3921 nömrəli, xx.xx.2021-ci il tarixli 4032 nömrəli, xx.xx.2021-ci il tarixli 4123 nömrəli, xx.xx.2021-ci il tarixli 4141 nömrəli, xx.xx.2021-ci il tarixli 4244 nömrəli, xx.xx.2022-ci il tarixli 349 nömrəli, xx.xx.2022-ci il tarixli 368 nömrəli, xx.xx.2022-ci il tarixli 710 nömrəli, xx.xx.2022-ci il tarixli 736 nömrəli, xx.xx.2022-ci il tarixli 818 nömrəli, xx.xx.2022-ci il tarixli 1067 nömrəli və xx.xx.2022-ci il tarixli 1074 nömrəli qəbzlərdən görünür ki, 2021-ci ilin fevral, iyul, avqust, sentyabr, oktyabr və noyabr (6 ay) ayları üçün ümumilikdə 13.040 manat icarə haqqı Cavabdeh MMC-dən (qalıq borcu 1.622,40 manat olmaqla) alınmışdır.

6. Kassir tərəfindən imzalanmış 425 nömrəli qəbz daxil, 2994 nömrəli, 3073 nömrəli, 3802 nömrəli, 3867 nömrəli, 3921 nömrəli, 4032 nömrəli, 4123 nömrəli, 4141 nömrəli, 4244 nömrəli, 349 nömrəli, 368 nömrəli, 710 nömrəli, 736 nömrəli, 818 nömrəli, 1067 nömrəli və 1074 qəbzlər imzalanmasa da, qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.

7. İddiaçı MMC tərəfindən (ƏDV daxil) cəmi 30.319,51 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 679621 saylı; xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 679623 saylı; xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 145218 saylı; xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 145219 saylı; xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 373177 saylı; xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 105397 saylı; xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 752567 saylı; xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 164700 saylı; xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 431293 saylı və xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 430012 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə X4” MMC-yə göndərilmişdir.

8. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 110 manat məbləğində pul vəsaiti “De Fendo” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 02 iyun 2022-ci il tarixli pretenziya (məktubu) ilə müraciət edilərək, ödənilməmiş icarə haqqı üzrə 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat məbləğində ƏDV və 1.800 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 20.465,83 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İşdən görünür ki, İddiaçı MMC (icarəyə verən) ilə X4” MMC (icarəçi) arasında eyni zamanda 28 noyabr 2018-ci il tarixdə “ofis icarəsinə dair” müqavilə bağlanmış, həmin müqavilə əsasında Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Plazanın 4-cü mərtəbəsində yerləşən 72 m2 sahə (ofis sahəsi) icarəyə verilmişdir. Müqvailə şərtlərinə əsasən icarə haqqı xx.xx.2018-xx.xx.2019-cu ilədək 700 manat+18% ƏDV müəyyən edilmişdir.

11. xx.xx.2018-xx.xx.2019-cu il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2018-ci ilin dekabrdan 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 10.738 manat icarə haqqı ödəmişdir.

12. xx.xx.2018-xx.xx.2020-ci il tarixləri əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2018-ci ilin dekabrdan 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 29.980 manat icarə haqqı ödənmişdir. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.

13. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2020-ci ilin yanvar, fevral və mart (3 ay) ayları üçün ümumilikdə 3.480 manat icarə haqqı ödənmişdir. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.

14. İddiaçı MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 767 nömrəli, xx.xx.2020-ci il tarixli 783 nömrəli, xx.xx.2020-ci il tarixli 787 nömrəli, xx.xx.2020- ci il tarixli 836 nömrəli və xx.xx.2020-ci il tarixli 900 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin oktyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 767, 783, 787, 836 və 900 nömrəli qəbzlər kassir tərəfindən imzalanmış və qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.

15. İddiaçı MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 1156 nömrəli və xx.xx.2020-ci il tarixli 1193 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin noyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 1156 və 1193 nömrəli qəbzlər imzalanmasa da və qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.

16. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar, fevral, oktyabr, noyabr və dekabr (5 ay) ayları üçün ümumilikdə 4.130 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqı üzrə 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat məbləğində ƏDV və 1.800 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20.465,83 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən ümumilikdə cavabdeh tərəfindən 11.653,68 manat məbləğində icarə haqqı ödənilmişdir. 679621 saylı, xx.xx.2021-ci il tarixli yanvar ayı üçün və 145218 saylı, xx.xx.2021-ci il tarixli fevral ayı üçün elektron qaimələr üzrə qalıq icarə haqqı borcu, 752567 saylı, xx.xx.2021-ci il tarixli iyul ayı üçün; 164700 saylı, xx.xx.2021- ci il tarixli avqust ayı üçün; 431293 saylı, xx.xx.2021-ci il tarixli sentyabr ayı üçün; 430012 saylı, xx.xx.2022- ci tarixli oktyabr, noyabr və dekabr ayları üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 2021-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları olmaqla 8 ay üçün (yanvar- 359,50 əsas borc+64,71 ƏDV= 424,21 manat; fevral – 1419+255,42= 1674,42 manat; iyul –2360 əsas borc+424,8 ƏDV= 2784,80 manat; avqust 2320 əsas borc+417,60 ƏDV= 2737,60 manat; sentyabr- 340 əsas borc+421,20 ƏDV= 2761,20 manat, oktyabr- 2340 əsas borc+421,20 ƏDV= 2761,20, noyabr– 2340 əsas borc+421,20 ƏDV= 2761,20 manat; dekabr– 2340 əsas borc+421,20 ƏDV=2761,20 manat) cəmi 15.818,50 manat əsas borc, 2847,33 manat ƏDV borcu, ümumilikdə 15.818,50 +2847,33 =18.665,83 manat icarə haqqı borcu mövcuddur. Müqavilənin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1 faizini ödəməlidir. Belə ki, Cavabdeh MMCnin icarə haqqını gecikdirməyə görə 1800 manat cərimə borcu vardır. 02 iyun 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir.

19. Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia verərək cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliklərinin icrası təmin edilərək 34.624 manat məbləğində pul vəsaitinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında ofis icarəsinə dair xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 2021-ci ilin yanvar ayı üçün 826 manat, fevral ayı üçün 2466 manat, mart ayı üçün 2500,42 manat, aprel ayı üçün 2500,42 manat, may ayı üçün 2500 manat, iyun ayı üçün 2500 manat, iyul ayı üçün 2761 manat, avqust ayı üçün 2761 manat, sentyabr ayı üçün 2239,20 manat, oktyabr ayı üçün 2761,20 manat, noyabr ayı üçün 877,60 manat – ümumilikdə 24.692,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci ildən bəri ofis icarəsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr üzrə Cavabdeh tərəfindən müqavilədə qeyd olunan məbləğlərdən artıq ödənişlər həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində icarəçinin xx.xx.2018-xx.xx.2019-cu ilədək 700 manat+18% ƏDV aylıq icarə haqqını ödəməli olduğu öz əksini tapmışdır. İddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üçün 3186 manat, 2019-cu ilin yanvar ayı üçün 3186 manat, fevral ayı üçün 3186 manat, mart ayı üçün 3186 manat, aprel ayı üçün 3186 manat, may ayı üçün 2936 manat, iyun ayı üçün 2936 manat, iyul ayı üçün 2986 manat, avqust ayı üçün 3216 manat, sentyabr ayı üçün 3186 manat, oktyabr ayı üçün 3216 manat, noyabr ayı üçün 3216 manat, dekabr ayı üçün 3216 manat – ümumilikdə 40838 manat; 2020-ci ilin yanvar ayı üçün 2526 manat, fevral ayı üçün 2496 manat, mart ayı üçün 200 manat, oktyabr ayı üçün 2466 manat, noyabr ayı üçün 966 manat, dekabr ayı üçün 826 manat – ümumilikdə 9480 manat ödəniş etmişdir. xx.xx.2018- xx.xx.2019-cu ilədək iddiaçı tərəfindən 30100 manat, 2020-ci il üzrə isə 4524 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir. Artıq ödənilmiş məbləğ qaytarılmalıdır. Həmçinin iddiaçı hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə və məhkəməyə müraciət etmək üçün 200 manat dövlət rüsumu ödəyərək xərc çəkmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-90/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk iddia qismən təmin edilmiş, ilk Cavabdeh MMC-dən 5625,4 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5875,4 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 3280 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 20 manat, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 10 dekabr 2020-ci il tarixli müqavilə üzrə iddiaçıya borcunun olmadığını sübut etmək üçün cəmi 13.040 manat məbləğində icraə haqqının ödənilməsinə dair hesabat blanklarında tərtib edilməmiş qəbzlərə istinad etmiş, ilk iddia üzrə İddiaçı MMC qəbzlərin şirkətin kassasında verilməsini, o cümlədən həmin qəbzlərdəki imzaların onların nümayəndələrinə (kassirlərə) məxsus olmasını qəbul etməyərək qəbzlərə vurulmuş “K1, ödənilib, tarix” qeydli ştampın onlara məxsus olmadığını, onlarda belə bir ştampın ümumiyyətlə olmadığını iddia etmişdir. Məhkəmə aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, həmin qəbzlər ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya mübahisəli icarə müqaviləsi üzrə ödəniş edilməsini təsdiq edən sübut qismində qəbul edilməlidir. Birincisi, sözügedən qəbzlərdə olan imzalarla ilkin iddiaçı tərəfindən ilkin cavabdehə təqdim edilmiş ciddi hesabat blanklarında tərtib edilmiş kassa mədaxil orderlərində olan imzaların eyni şəxslər tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2022-ci il tarixli, 4/1510 saylı ekspert rəyinə əsasən qəbzlərin bir hissəsində imzaların kassa mədaxil orderlərindəki imzalarla eynilik təşkil etməsi müəyyən edilmişdir. Göstərilən hal isə öz növbəsində həmin qəbzlərin də iddiaçının nümayəndələri (kassirlər) tərəfindən icra edilməsini və belə olan halda qəbzlərə vurulmuş “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştampın da ilkin iddiaçıya aid olmasını təsdiq edir

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2022-ci il tarixli, 4/1510 saylı ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 697160 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697144 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697283 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697371 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 482171 nömrəli xx.xx.2020-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 425 nömrəli xx.xx.2021-ci il tarixli, 836 nömrəli xx.xx.2020-ci il tarixli qəbzlərdə “Kassir” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 482090 nömrəli xx.xx.2020-ci il tarixli, ĞLL seriyalı 482147 nömrəli 26.11,2020-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 900 nömrəli xx.xx.2020-ci il tarixli, 767 nömrəli xx.xx.2020-ci il tarixli, 783 nömrəli xx.xx.2020-ci il tarixli qəbzlərdə “İmza” qrafalarındakı imzalar, nömrəsiz xx.xx.2020-ci il tarixli, nömrəsiz xx.xx.2020-ci il tarixli, nömrəsiz xx.xx.2020-ci il tarixli xəzinə mədaxil orderlərində “İmza” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmusdur. 3. Ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 138581 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510413 nömrəli xx.xx.2018-ci il tarixli, GÖQ seriyalı 510475 nömrəli xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar ilə ĞLL seriyalı 138437 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510556 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510625 nömrəli xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur.

24. İş üzrə şahid qismində ifadə vermiş X2 "xxxx" MMC-nin qanuni təmsilçisi olduğunu və qanuni təmsilçisi olduğu şirkətin də ilkin iddiaçıdan ofis icarəyə götürdüyünü, İddiaçı MMC ilə aralarındakı münasibətlərdə analoji halla icarə haqqı ödənilərkən kassada eyni formalı “K-1 ştamplı qəbzlərin” təqdim edilməsi qarşılaşdığını bildirmişdir. Şahidin ifadələrinin təsdiq etmək məqsədilə "xxxx" MMC-nin adına verilmiş eyni formalı və ştamplı qəbzlər də iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməısinn Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMCyə verilmiş eyni formalı və ştamplı qəbzlərin həqiqiliyi məhkəmə prosesi gedişində "xxxx" MMC tərəfindən mübahisələndirilməmişdir.

25. İş materiallarından həmçinin görünür ki, ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya internetə, elektrik enerjisinə, eləcə də ilkin iddiaçının göstərdiyi müxtəlif xidmətlərinə görə ödənişlərin həyata keçirilməsi də eyni formalı qəbzlərlə rəsmiləşdirilmişdir. Bununla bağlı internetlə bağlı ödənişlərin ilkin cavabdeh tərəfindən onlara ümumiyyətlə edilməməsi barədə ilkin iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsində sözügedən kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə vaxtında ödənilməli olması barədə şərtin yer alması, eyni zamanda tərəflər arasında həmin xərclərin ödənilməsi ilə bağlı mübahisənin olmaması kimi halları nəzərə aldıqda ilkin iddiaçının istinad etdiyi dəlilləri ağlabatan görünmür Beləliklə, iş materiallarında olan “K-1 ştamplı” qəbzlərin ilkin İddiaçı MMC tərəfindən ilkin Cavabdeh MMC-yə təqdim edilməsi müəyyən edilmişdir.

26. İcarə haqqı borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə və ona əlavələrə əsasən icarəçi tərəfindən 2021ci ilin yanvarında ƏDV daxil 1250,2 manat, fevral-iyun aylarında hər ay üçün ƏDV daxil 2500,4 manat və iyul-dekabr aylarında hər ay üçün ƏDV daxil 2761,2 manat məbləğində ödəniş edilməli idi. İş materiallarından isə görünür ki, 2021-ci ilin yanvar ayı üçün ödənilməli 1250,2 manat icarə haqqının 826 manat hissəsi ödənilmiş, 424,2 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin fevral ayı üçün ödənilməli olan 2500,4 manat məbləğində icarə haqqıdan kassa mədaxil orderinə əsasən 826 manat və “K1 ştamplı” qəbzə əsasən 1640 manat olmaqla, cəmi 2466 manat pul ödənilmiş, icarə haqqının 34,4 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin sentyabr ayı üçün “K1 ştamplı” qəbzlərə əsasən 2239 manat məbləğində ödəniş edilməklə, 522 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin noyabr ayı üçün icarə haqqıdan “K1 ştamplı” qəbzə əsasən 877,6 manat ödənilməklə, 1883,6 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin dekabr ayı üzrə isə heç bir ödəniş edilmədiyindən ödənilməmiş icarə haqqı borcu məbləği 2761,2 manat təşkil edir. Beləliklə, ilk iddia üzrə cavabdehin icarə müqaviləsi üzrə icarə haqqı borcu cəmi 5625,4 (424,2+34,4+522+1883,2+2761,2) manat təşkil edir. Məhkəmə Cavabdeh MMC-nin 10 dekabr 2020-ci il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə ilkin İddiaçı MMC-yə (ƏDV daxil) 5625,4 manat məbləğində icarə haqqı borcu yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, ilk iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilk cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Əvvəlki icarə müqaviləsi üzrə artıq ödənişlərin mübahisəli müqavilə üzrə avans qismində nəzərə alınmalı olması barədə ilk cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmamış, eləcə də tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 10 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə razılaşmanın mövcud olması da iş materialları ilə təsdiq edilmir. Odur ki, göstərilən dəlillər əsassızdır.

27. Məhkəmə MM-nin 467-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu azaldaraq 250 manat məbləğində müəyyən etmişdir.

28. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ofis icarəsinə dair 28 noyabr 2018-ci il tarixli müqaviləyə və müqavilənin 1 saylı əlavəsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”nın 4-cü mərtəbəsində 72 m2 olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək 700 manat (+18% ƏDV) olmaqla icarəyə vermişdir. Hazırda qarşılıqlı iddiaçı göstərilən müqavilə üzrə icarə haqqını tam ödəməklə yanaşı tərəflərindən artıq ödəniş etdiklərini əsas göstərərək qarşılıqlı cavabdehdən artıq ödənilmiş 34.624 manat məbləğində pul vəsaitinin pulunun qaytarılmasını tələb edir. Qarşılıqlı cavabdeh qarşılıqlı iddianı qəbul etmir və etirazına əsas kimi Mülki Məcəllənin 1095-ci maddəsinə, yəni əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsinə və Mülki Məcəllənin tələbini nəzərə alınmaqla qarşılıqlı iddiaçının 2018 və 2019-cu illərə aid qəbzlər üzrə ödənişlərin də geri qaytarılmasını tələb hüququnun olmamasına istinad edir

29. Məhkəmə qarşılıqlı cavabdehin etirazının dəlillərini qismən əsaslı hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş mədaxil orderlərinə və qəbzlərə əsasən müəyyən edilir ki, “ofis icarəsinə dair” 28 noyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin 25 ay (2018-ci ilin dekabrından 2021-ci ilin yanvarınadək) üçün ödəməli olduğu icarə haqqı ƏDV daxil 20.650 manat təşkil etdiyi halda sonuncu tərəfindən həmin müqavilə üzrə icarə haqqı olaraq ümumilikdə 50.420 manat ödənilməklə 29.770 manat məbləğində artıq ödəniş edilmişdir.

30. Qarılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

31. Müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə artıq ödənişlərin 26.490 manat hissəsi xx.xx.2020-ci il tarixədək olan dövrdə edilmişdir. Odur ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı xx.xx.2022-ci ildə verməklə qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətini buraxmışdır. Qalan 3280 manat məbləğində (2020-ci ilin oktyabr ayı üzrə icarə haqqına görə 1640 manat və noyabr ayı üzrə icarə haqqına görə 1640 manat məbləğində artıq ödəniş) artıq ödəniş isə qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən 2020-ci ilin oktyabrdekabr aylarında edildiyindən qarşılıqlı iddia verilərkən həmin ödənişlərin qaytarılması üzrə iddia müddəti buraxılmamışdır. Belə olan halda isə qarşılıqlı iddiaçı Cavabdeh MMCnin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş həmin pul vəsaitinin (3280 manat) geri qaytarılmasını İddiaçı MMC-dən tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən 3280 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

32. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Qarşılıqlı iddiaçı ilə qarşılıqlı cavabdeh arasında 2018-ci ildən bəri ofis icarəsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr üzrə Cavabdeh tərəfindən müqavilədə qeyd olunan məbləğlərdən artıq ödənişlər həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində icarəçinin xx.xx.2018xx.xx.2019-cu ilədək 700 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməli olduğu öz əksini tapmışdır. Qarşılıqlı iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üçün 3186 AZN,2019-cu ilin yanvar ayı üçün 3186 AZN, fevral ayı üçün 3186 AZN, mart ayı üçün 3186 AZN, aprel ayı üçün 3186 AZN, may ayı üçün 2936 AZN, iyun ayı üçün2936 AZN, iyul ayı üçün 2986 AZN, avqust ayı üçün 3216 AZN, sentyabr ayı üçün 3186 AZN, oktyabr ayı üçün 3216 AZN, noyabr ayı üçün 3216 AZN, dekabr ayı üçün 3216 AZN – ümumilikdə 40838 AZN; 2020-ci ilin yanvar ayı üçün 2526 AZN, fevral ayı üçün 2496 AZN, mart ayı üçün 200 AZN, oktyabr ayı üçün 2466 AZN, noyabr ayı üçün 966 AZN, dekabr ayı üçün 826 AZN – ümumilikdə 9480 AZN ödəniş etmişdir. xx.xx.2018-xx.xx.2019-cu ilədək qarşılıqlı iddiaçı tərəfindən 30100 AZN, 2020-ci il üzrə isə 4524 AZN məbləğində artıq ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı istisna olmaqla digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarından isə görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə artıq ödənişlərin 26.490 manat hissəsi xx.xx.2020-ci il tarixədək olan dövrdə edilmişdir. Odur ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı xx.xx.2022-ci ildə verməklə qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətini buraxmışdır. Məhkəmə öz qətnaməsində bu fakta əsaslansa da, qarşılıqlı iddiaçının müqavilə üzrə artıq ödəniş etdiyini bildiyi anın 2022-ci ilə təsdüf etdiyini nəzərə almamışdır. Belə ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edildikdən sonra qarşılıqlı iddiaçı tərəfindən müqavilələr üzrə məbləğlər hesablanmış və bu illər ərzində artıq ödənişlər etdiyi məlum olmuşdur. Bu əsasdan çıxış edərək məhkəmə iddia müddətinin axımı Mülki Məcəllənin 377- ci maddəsinə əsasən hesablamalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etmişlər.

35. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi iştirak etməmişdir.

36. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 439.4-cü maddə- öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə- əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə- varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddə- əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-cü maddə-tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

37. Apellyasiya baxışının predmetini ilk iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin rədd edildiyi hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-90/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli “ofis icarəsinə dair” müqaviləyə əsasən icarəçi tərəfindən 2021-ci ilin yanvarında ƏDV daxil 1250,2 manat, fevral-iyun aylarında hər ay üçün ƏDV daxil 2500,4 manat və iyul-dekabr aylarında hər ay üçün ƏDV daxil 2761,2 manat məbləğində ödəniş edilməli idi. İş materiallarındakı qəbzlərə əsasən 2021-ci ilin yanvar ayı üçün ödənilməli 1250,2 manat icarə haqqının 826 manat hissəsi ödənilmiş, 424,2 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin fevral ayı üçün ödənilməli olan 2500,4 manat məbləğində icarə haqqıdan kassa mədaxil orderinə əsasən 826 manat və “K1 ştamplı” qəbzə əsasən 1640 manat olmaqla, cəmi 2466 manat pul ödənilmiş, icarə haqqının 34,4 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin sentyabr ayı üçün “K1 ştamplı” qəbzlərə əsasən 2239 manat məbləğində ödəniş edilməklə, 522 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin noyabr ayı üçün icarə haqqıdan “K1 ştamplı” qəbzə əsasən 877,6 manat ödənilməklə, 1883,6 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin dekabr ayı üzrə isə heç bir ödəniş edilmədiyindən ödənilməmiş icarə haqqı borcu məbləği 2761,2 manat təşkil edir. Beləliklə, ilk iddia üzrə cavabdehin icarə müqaviləsi üzrə icarə haqqı borcu cəmi 5625,4 (424,2+34,4+522+1883,2+2761,2) manat təşkil edir. Buna görə də məhkəmə həmin borcun və müqavilənin 5.1-ci bəndinə əsasən hesablanmış 250 manat dəbbə pulunun icarəçidən tutulması barədə ilk iddianı əsaslı hesab etmişdir.

40. Apellyasiya şikayətində ilk iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün hər hansı dəlil qeyd edilmədiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin qanuni və əsaslı hesab edir.

41. Tərəflər arasında bağlanmış 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı məbləğindən artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinin 26490 manat hissəsi üzrə MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən qarşılıqlı iddia həmin hissədə rədd edilmişdir. Cavabdeh MMC apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin axımının nə vaxtdan başladığını düzgün müəyyən etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı hesab edir ki, iddia müddətinin axımı artıq ödənişin həyata keçirildiyi tarixlərdən deyil, icarəçiyə artıq ödəniş etdiyini bildiyi vaxtdan, 2022-ci ildən başlamış, belə olan halda isə müddət ötürülməmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, 377.1-ci maddəsində iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi günlə yanaşı, eyni zamanda bilməli olduğu gündən başlanması nəzərdə tutulmuşdur. Hazırkı halda 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi ödəməli olduğu icarə haqqı məbləğini bildiyi üçün həmin ödənişdən artıq ödədiyi məbləğlərin öhdəlikdən kənar artıq ödənilmiş məbləğlər olduğunu bilməli idi. Buna görə də, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əsassız varlanma qaydasında öhdəlikdən kənar artıq ödənilmiş vəsailərin geri qaytarılmasına dair iddia tələbində iddia müddəti ödəmənin həyata keçirildiyi tarixdən hesablanmalıdır. Qarşılıqlı iddia 2022-ci ilin avqust ayında irəli sürüldüyündən xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş icarə haqqından artıq ödənişlər üzrə iki illik iddia müddəti ötürülmüşdür.

43. Əvvəlki icarə müqaviləsi üzrə artıq ödənişlərin mübahisəli müqavilə üzrə avans qismində nəzərə alınmalı olması barədə ilk cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmadığından və tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 10 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə razılaşma mövcud olmadığından bu dəlillər də məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil.

44. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 90/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-90/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar