Məhkəmə qərarları › İş №2-2(103)-43/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-43/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-43/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)-139/2020 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı borcun tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 29837,52 manat əsas borc, 6862,11 manat müddət sonuna hesablanan faiz, 17423,87 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3878,71 manat olmaqla, cəmi 62386,94 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)-139/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 29837,52 manat əsas borcun, 6862,11 manat faiz borcunun, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3878,71 manat, 1000 manat cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat olmaqla, cəmi 41598,34 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)-139/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam əsaslandırılmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Kredit vəsaitinin Cavabdeh MMC-yə verilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. 02.05.2013-cü il tarixli kredit müqaviləsinin 2.5-ci bəndində əsas borcun və faizlərin ödənilməsinin müqavilənin tərkib hissəsi hesab olunacaq Əlavə №1 də razılaşdırılan ödəniş qrafikinə uyğun olaraq aparılması müəyyən edilsə də ödəniş qrafiki barədə əlavə razılaşma məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, hissə-hissə ödənişin icra müddəti müəyyən olunmasa da, hər ay üçün faizlər hesablanmışdır. Bu da nəticədə əgər borc həqiqətən verilmiş olsa idi də belə borcun məbləğinin dəqiqləşdirilməsi maliyyə-mühasibatlıq ekspertizası nəticəsində müəyyən oluna bilərdi. Müqavilə üzrə iddia müddəti 05.02.2018-ci il tarixində bitdiyi üçün iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra, iddiaçı tərəf, 24.01.2017, 13.03.2017-ci i tarixlərə nəğd pulun ödənilməsi barədə elanin (mədaxil qəbzlərində) surətini məhkəməyə təqdim etmişdir. Mədaxil orderində pulu təhvil verən şəxsin soyadı, adı, atasının adı qeyd edilməmişdir. Qəbzin üzərində “Babylonia MMC” yazılması borcun cavabdeh tərəfindən ödənilməsi demək deyil. 2017-ci ilə olan kassa mədaxil qəbzləri 10.04.2002-ci il tarixli, 7 nömrəli Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na uyğun olaraq hazırlanmamışdır. Həmin kassa mədaxil qəbzləri etibarlı sayıla və Cavabdeh MMC-nin iradə ifadəsini əks etdirə bilməz. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 22.09.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə iclasının vaxtı barədə bildiriş yerləşdirilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)-139/2020 saylı qətnaməsi müqavilə müddətinin sonuna faiz borcu tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 527,63 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 30.000 manat kredit xətti açılmışdır. Müqavilənin 2.3-cü bəndində kreditin nağd və ya köçürmə yolu ilə verilməsinin mümkünlüyü, müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayıldığı qeyd edilmişdir. Müqavilənin qeyd edilən şərtinə əsasən, kredit vəsaitinin kreditalanın hesabına mədaxil edilməsi mümkün olduğundan kreditin cavabdehə nağd təqdim edildiyinə dairddiaçı tərəfindən sübut təqdim edilməli olduğuna dair cavabdehin apelyasiya şikayətinin dəlili əsassız hesab edilir. Müqavilənin 2.5-ci bəndində kredit üzrə ödənişlərin ödəniş qrafiki əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, iddiaçı həmin qrafiki məhkəməyə təqdim edə bilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək mqavilənin qüvvədə olma müddəti 05.02.2016-cı il tarixdə bitdiyindən müqavilə tələbi üzrə üç illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinin 03.03.2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki. cavabdehlə üç kredit xətti müqaviləsi bağlanmış, bütün əməliyyatlar bir ssuda hesabı ilə həyata keçirilmişdir. Müqavilə kredit xətti müqaviləsi olduğu üçün cavabdehin istifadə etdiyi kredit vəsaitinin bir hissəsi müqavilə müddəti ərzində qaytarılmış, sonradan təkrar istifadə edilmişdir. Kredit xəttindən istifadə 05.02.2014-cü ildən başlamışdır. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı ASC tərəfindən kredit xətti üzrə hesabdan çıxarışdakı əməliyyatlarla bağlı izahlı maliyyə arayışı təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2020-ci il tarixli rəyində işdə olan sənədlər əsasında cavabdehin kredit borcunu müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14.04.2021-ci il tarixli ekspert rəyi göndərilsə də, rəydə borcun hesablanmasının mümkün olmadığı qeyd edilmişdir. Cavabdehin kredit borcunun hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi “Məhkəmə Ekspertiza və X1” MMC-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən süsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. “Məhkəmə Ekspertiza və X1” MMC-nin 03 saylı 15.07.2021-ci il tarixli rəyində qeyd edilir ki, tərəflər arasında bağlanmış 05.02.2013-cü il tarixli 01/14 saylı kredit müqaviləsi üzrə kredit müddətinin sonuna 29850 manat əsas, 527,63 manat faiz borcu olmaqla, cavabdehin cəmi 30377,63 manat borcu var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkməsi tərəfindən cavabdehdən tutulmalı olan əsas borc, illik 5 faizlə əldən çıxmış faydaya görə borcun məbləği düzgün müəyyən edilsə də kredit müqaviləsinin müddətinin sonuna faiz borcu cəmi 527,63 manat təşkil etdiyindən, qətnamə həmin hissədə dəyişdirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, kredit öhdəliyinin lazımı qaydada icra edilməməsinə görə cavabdehdən 1000 manat cərimə tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndində qeyd edilir ki, borcalan ödənişin gecikdirildiyi hər gün üçün aylıq ödəniş məbləğinin 1 faizi, vaxtı keçmiş kredit üzrə 46 faizlə dəbbə pulu ödənilməyi öhdəlik götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)- 139/2020 saylı qətnaməsi müqavilə müddətinin sonuna faiz borcu tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 527,63 manat faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2 (113)-139/2020 saylı qətnaməsi müqavilə müddətinin sonuna faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 527,63 manat faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə (cavabdehdən iddiaçının xeyrinə 29837,52 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3878,71 manat, 1000 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın tutulması) dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-dən 500 manat ekspertiza xərci “Məhkəmə Ekspertiza və X1” MMCnin xeyrinə (hesablaşma hesabı Kapital Bank AZ96AİİB400900C********** 107) xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar