Məhkəmə qərarları › İş №2-2(103)-43/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-43/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-43/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X12 Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 25/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 27 may 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 286.506,96 manat, faiz borcu üzrə 112611,53 manat, cərimə borcu üzrə 9176,54 manat, cəmi 408295,03 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyətinin 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış 27 may 2013-cü il tarixli 54AV/20-13saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20% faiz olmaqla, 340200 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi cavabdeh mülkiyyətində olan Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları ipoteka predmeti kimi Banka təqdim etmiş və bu barədə 27 may 2013-cü il tarixli 54İP/F20-13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “Bank of Azerbaijan’’ açıq səhmdar cəmiyyətinin 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış 27 may 2013-cü il tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 286506,96 manat, faiz borcu üzrə 112611,53 manat, cərimə borcu üzrə 9176.54 manat, cəmi 408295.03 manat borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtısadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən “Bank of Azerbaıjan” açıq səhmdar cəmiyyəti müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi təyin edilmişdir.

3. İş üzrə xx.xx.2018-ci il tarixdə iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilmiş, cavabdehin ərizəsi əsasında qiyabi qətnamə xx.xx.2019-cu il tarixdə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-2(113)-25/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 27 may 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat, cərimə borcu üzrə 4588,27 manat, cəmi 361393,16 manat borcun ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmetinin ilkin satış qiyməti avtobusların hər biri üçün 54000 manat məbləğində müəyyən edilməklə X2 mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-25/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsini, iş üzrə təkrar ekspertiza keçirilərək ipoteka predmeti olan əmlaklara düzgün ilkin satış qiyməti müəyyən edilərək yeni qətnamə qəbul edilməsin xahiş etmişdir. Həmin qətnamədən cavabdeh X5 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-2(113)-25/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsi, faiz və cərimə borcunun az miqdarda müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş; iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi; cavabdehdən iddiaçının xeyrinə 5.214,72 manat cərimə tutulması; tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. İddiaçı kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 166/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə qismən – 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsindən yaranmış əsas və faiz borcu üzrə mövqeyi əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflərin apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, qətnamə əsas borcun tutulması ilə bağlı hissədə mübahisələndirilmir. Buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əsas borcun əsaslığına dair münasibət bildirilmədən birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilmədən saxlanılmışdır. Halbuki iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamışdır. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin vəsatətdə mahiyyət etibarilə heç bir istisna qoyulmadan, ekspert rəyində müəyyən edilmiş əsas borc da mübahisələndirilmişdir. Bu mənada, apellyasiya instansiyası məhkəməsi əsas borcu apellyasiya baxışının predmeti hesab etmədiyi halda, məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən onun qarşısında əsas borca dair sual qoyması da anlaşılan deyildir. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat tələb etsə də, həmin məbləğ birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəylə 281.534,31 manat, apellyasiya icraatında təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2021-ci il 1 mart tarixli 09/986 saylı rəylə 284.197,25 manat məbləğində müəyyən olunmuş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin məbləğlər arasındakı fərqə, eləcə də həmin məhkəmənin özünün aldığı son ekspert rəyində müəyyən edilmiş əsas borcun əsaslığına qiymət verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, faiz borcuna münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı hesab oluna bilməz. Belə ki, bu məsələ ilə əlaqədar iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 2021-ci il 1 mart tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödənilmişdir. Ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etməyin mümkün olmamasına gəldikdə, qeyd olunmalıdır ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının heç birinin qarşısında borcun məhz həmin tarixə, yəni iddia ilə tələb olunan tarixə hesablanmasına dair sual ümumiyyətlə qoyulmamışdır. Odur ki, məhkəmənin həmin nəticəsi heç bir halda əsaslı hesab edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddətini 2017-ci il 27 may tarixində bitmiş hesab edərək iddiaçı tərəfindən həmin tarixdən sonrakı dövr üçün (2017-ci il 27 noyabr tarixinədək) tələb edilən faiz borcu məbləğini ümumiyyətlə əsassız hesab etmişdir. Bunun nəticəsidir ki, 2019-cu il 12 dekabr tarixli 8304 saylı ekspert rəyi ilə məhz tədqiqatın qarşısında qoyulmuş suala cavab olaraq, əsas, faiz və cərimə borcunun məbləği 2017-ci il 27 may tarixinə, yəni 2013cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kreditin bitmə tarixinə (məhkəmənin güman etdiyi kimi) müəyyən edilmişdir. Halbuki 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı Təminatlı Kredit Müqaviləsinin müddəti həmin müqaviləyə edilmiş 2015-ci il 16 fevral tarixli 2 saylı Əlavə ilə 2019-cu il 27 may tarixinədək uzadılmış, odur ki, hətta iddianın qaldırıldığı 2018-ci il 10 aprel tarixində də davam etməkdə idi. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 2017-ci il 27 may tarixi tarixinə deyil, iddia ilə tələb edilən 2017-ci il 27 noyabr tarixinə olan borcun məbləğini müəyyən etməli idi. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində nəinki işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı nəzərə almamış, hətta sözügedən 2015-ci il 16 fevral tarixli 2 saylı əlavəyə sübut kimi istinad belə etməmiş, nəticədə əsassız nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır. Öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu halda ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödədiyinə gəldikdə isə qeyd olunmalıdır ki, eyni məntiqlə birinci instansiyası məhkəməsinin cavabdehdən heç 75.270,58 manat faiz borcu tutması da düzgün hesab edilməməli idi. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma apellyasiya instansiyası məhkəməsinin subyektiv mülahizələrindən başqa bir şey deyildir, odur ki, MPM-in 9.3, 88 və 217.1-ci maddələrinə görə, tərəflərin çəkişmə prinsipinə uyğun olaraq müzakirə etdiyi dəlillərin, verdikləri izahatların, mötəbər sübutların əlaqəli şəkildə təhlilindən irəli gələn əsaslı nəticə hesab oluna bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə cavabdeh X9 arasında bağlanmış 27 may 2013-cü il tarixli, 54AV/20-13 №-li kredit müqaviləsinə əsasən X3 7 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə İddiaçı ASC tərəfindən 48 (qırx səkkiz) ay müddətinə illik 20% olmaqla 340 200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X2 mülkiyyətində olan ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslar banka girov kimi təqdim edilmiş və bu barədə 27 may 2013-cü il tarixli, 54İP/F20-13 nömrəli girov müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8304 saylı ekspert rəyinə əsaslanmış, bank tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışlarına və hesabdan çıxarışlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur: - Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286 506.96 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8304 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 281.534,31 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəməyə təqdim edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamışdır, halbuki həmin vəsatətdə ekspert rəyinə etiraz bildirilmiş və ekspertin kredit müqaviləsinin şərtlərini nəzərə almayaraq, eyni zamanda bir çox gün üzrə faiz məbləği hesablamayaraq və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması açıqaşkar izah edilmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində göstərilən məbləğin açıq-aşkar iddia tələbindən az olmasına, ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmiş, vəsatətə heç bir qiymət verməyərək qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə qətnamə qəbul edərkən girov predmeti olan avtobusların hər biri üçün ilkin satış qiymətini 54 000 manat təyin etmişdir ki, bu da avtobusların bugünkü real bazar dəyərindən qat-qat artıqdır. Belə ki, həmin avtobuslar 2013-cü ildə alınmışdır və artıq 8 ildir ki, həmin avtobuslar istismardadır.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, külli miqdarda ödənişlər etməyinə baxmayaraq bank tərəfindən əsas və faiz borcu həddən artıq çox hesablanmışdır. Ödənişləri gecikdirdiyi vaxtdan uzun zaman sonra bank məhkəməyə müraciət etmiş və nəticədə süni şəkildə artırılmış faiz və cərimə borcları hesablanmışdır. Bundan əlavə ipoteka ilə yüklü edilmiş avtobusların qiyməti aşağı qiymətləndirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.

19. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

21. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının “2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.

24. 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC X3 48 ay müddətinə, illik 20 faiz olmaqla, 340.200 manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

25. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir.

26. 2013-cü il 27 may tarixli 54İP/F20-13 saylı girov müqaviləsindən görünür ki, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus aşağıdakı 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları iddiaçı qarşısında girov ilə yüklü edilmişdir: - Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012- ci il, - Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il.

27. Müqavilənin 2.1-ci bəndinə əsasən, girov predmeti 378.000 manat dəyərində qiymətləndirilmişdir.

28. 7 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, avtobuslar cavabdehin adına qeydiyyata alınmışdır.

29. 2013-cü il 27 may tarixli AA seriyalı 087140 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, 2013-cü il 27 may tarixli 54İP/F20-13 saylı girov müqaviləsi üzrə cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, 90- VR-646, **-VR-*** dövlət qeydiyyat nişanlı avtobuslar iddiaçının adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

30. Müqaviləyə 2015-ci il 16 fevral tarixdə edilmiş 2 saylı Əlavəyə əsasən kredit kapitallaşdırılaraq öhdəliyin icra müddəti 2019-cu il 27 may tarixinədək uzadılmışdır.

31. Kredit müqaviləsinə 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə əsasən qalıq kredit borcu 291.000 manat olmuş, öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək banka 146.276,71 manat faiz ödənilməli olduğu nəzərdə tutulmuşdur.

32. 2017-ci il 21 dekabr tarixli **********165 saylı maliyyə arayışından görünür ki, cavabdehin 2017-ci il 19 dekabr tarixinə 286.506,96 manat kredit, 112.611,53 manat faiz, 9.176,54 manat cərimə borcu olmaqla cəmi 408.295,03 manat borcu vardır.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019- cu il 12 dekabr tarixli 8304 saylı rəyi ilə, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 2013 il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu 2017-ci il 27 may tarixinə 356.804,89 manat, o cümlədən əsas borc üzrə 281.534,31 manat, faiz borcu üzrə 75.270,58 manat müəyyən edilmişdir. İş materiallarında 2013-cü il 27 may tarixli 107/OM/km2 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə cavabdehə cərimə hesablanmamışdır.

34. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq kredit müqavilələri üzrə əsas və faiz borcların tutulması hissəsində yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

35. Apellyasiya baxışı zamanı 21 oktyabr 2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 2 fevral tarixli 9/8392 saylı ekspert rəyi ilə X2 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 27 may 2013-cü il tarixli, 54AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X4 xx.xx.2017-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 74.701,70 manat məbləğində müəyyən edilmişdir.

36. Eyni zamanda, rəydən müəyyən edilir ki, 27 may 2013-cü il tarixli, 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borc məbləği 284676,29 manat təşkil edir.

37. Beləliklə ekspert rəyi ilə iddiaçının tələb etdiyi xx.xx.2017-ci il tarixinə olan əsas borc məbləğinin 284676,29 manat, faiz borcunun 74701,70 manat olduğu müəyyən edilir.

38. Odur ki, kollegiya hesab edir ki, cavabdeh Murad Ağamurad oğluna xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, 2023-cü il 2 fevral tarixli 9/8392 saylı ekspert rəyinə əsasən onunla Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış 27 may 2013-cü il tarixli, 54AV/F20-13 saylı kredit müqaviləsinə əsasən 284676,29 manat əsas, 74701,70 manat məbləğində faiz borcu olduğu müəyyən edilməlidir.

39. Birinci instansiya məhkəməsi avtobusların ilkin satış qiyməti kimi cavabdehə satış zamanı “Azauto” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş Arayış- Hesablarda göstərilən dəyər, 54000 manatı (1 ədədinin qiyməti) əsas götürmüşdür.

40. Birinci instansiya məhkəməsinin 2020-ci il 6 fevral tarixli iclas protokollundan görünür ki, həmin iclasda iştirak edən cavabdeh ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə olduğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu, habelə avtobusların hazırda qarajda saxlanıldığını və işlək vəziyyətdə olmadığını məhkəməyə bildirmişdir.

41. Göründüyü kimi yanlız 3 avtobusun deyil, ipoteka qoyulmuş digər avtobusların da istismara yararsız vəziyyətdə olması bilavasitə cavabdehin özü tərəfindən müvafiq məhkəmə iclaslarında təsdiq edilmişdir.

42. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 2 fevral tarixli 9/8392 saylı ekspert rəyində qeyd olunmuşdur ki, respublikada mövcud olan avtobazarlarda, yerli internet (sayt: turbo.az) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən qərardadda göstərilən ekspertiza tədqiqatına təqdim edilmiş mühərrik tutumu 4570 kub/sm, 2012-ci il buraxılışlı istifadəyə yararsız “İsuzu Ecobus” markalı avtobusun texniki qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən orta bazar qiyməti təxminən 5000 manat, likvid qiyməti isə 3000 manat müəyyən olunur.

43. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-43/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 06 sentyabr tarixli, 9/4611saylı ekspert rəyində göstərilmişdir ki, 7 ədəd “İsuzu Ecobus” markalı avtobusların, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtobusun 1 ədədinin nəzəri orta bazar qiyməti təxminən 32000 manat, likvid dəyəri 28000 manat müəyyən olunur. Təyinatı üzrə istifadəyə yararsız avtobusun 1 ədədinin nəzəri orta bazar qiyməti təxminən 5000 manat, likvid qiyməti 3000 manat müəyyən olunur.

44. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qəbul edilmiş qətnamədə ilkin satış qiyməti kimi əmlakın likvid dəyərinin deyil, satın alındığı qiymətin qeyd edilməsi qanunun tələbinə uyğun olmadığından mübahisələndirilən qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 3.000 manat müəyyən edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

46. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 2 fevral tarixli 9/8392 saylı və 2023-cü il 06 sentyabr tarixli, 9/4611saylı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qəbul edir.

49. Məhkəmə kollegiyası hesab edir ki, 250 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edildiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-25/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi qismən – 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 284676,29 manat əsas, 74701,70 manat faiz borcu tutulmalı, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 3000 manat müəyyən edilməlidir.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-25/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi qismən – 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 284676,29 manat əsas, 74701,70 manat faiz borcu tutulsun. Tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 3000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 250 manat ekspertiza xərci cavabdeh X1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Pərviz Hüseynov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar