Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-430/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı əldən çıxmış faydanın tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(82)-140/2020 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsasında kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən kredit öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445-7-ci maddəsinə əsasən hesablanmış illik 5 faizlə 55.948,27 ABŞ dolları məbləğində faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(82)-140/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli KM 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixədək illik 12% ödəmək şərti ilə 3.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 MMC keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Hal-hazırda xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu qalmamış, kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 55.948,27 ABŞ dolları, cəmi borcu isə 55.948,27 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddianı əsassız olaraq təmin etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(82)-140/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 41606,7 ABŞ dolları pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixinə qədər illik 12 faizlə 3.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)- 1471/2016 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və İddiaçı ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-2(82)- 1188/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə borcun “X4 (CDB)” ASC-nin İddiaçı ASC-də olan depozit hesabındakı məbləğlə əvəzləşdirilməsi və silinməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,1053 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli müqavilə şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixə banka illik 5 faizlə hesablanmış faiz borcu 57.681,76 ABŞ dolları məbləğindədir. Ekspert rəyindən eyni zamanda görünür ki, kredit müqaviləsi üzrə 2.496.402 ABŞ dolları əsas borc xx.xx.2016-cı ildə, 128911,46 manat faiz borcu isə xx.xx.2016-cı il tarixdə ödənilmişdir. İddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən 55.948,27 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını xahiş etmiş, iddia ərizəsində öhdəliyin icrasının hansı müddət üçün gecikdirildiyi və tələb edilən borcun hansı tarixədək hesablandığı qeyd edilməmişdir. İddianın hüquqi əsası kimi, aşağıdakı normalara istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcunun tutulmasını tələb etsə də, ödənilməsini tələb etdiyi həmin borcun kreditin verilməsi müddəti üçün hesablanmış kreditdən istifadəyə görə faiz borcu və ya həmin müddətdən sonrakı dövr üçün hesablanmış zərər (illik 5% hesabı ilə) olmasını konkretləşdirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Belə ki, iddia ərizəsində tələbin hüquqi əsası kimi MM-nin 445.7-ci maddəsinə istinad edilməsi cavabdehdən tələb edilən faiz borcunun tam və ya bir hissədə həmin normaya əsasən hesablandığını təsdiq edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,1053 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu xx.xx.2016-cı il tarixədək tam ödənilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən razılaşdırılmış müddətdə icra edilməmiş, əsas kredit borcunun qaytarılması 4 ay gecikmişdir. Əsas borc üzrə öhdəliyin icrasının 4 ay gecikdirilməsinə görə həmin məbləğə (2.496.402 ABŞ dolları) illik 5 %-lə hesablanan faiz borcu 41606,7 ABŞ dolları (2.496.402-5%=124820.1/12 x 4 ) təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,1053 saylı ekspert rəyində cavabdehin iddiaçıya illik 5 faizlə hesablandıqda xx.xx.2020-ci il tarixə 57681,76 ABŞ dolları faiz borcu olduğu qeyd edilsə də həmin məbləğin hansı müddət üçün və hansı məbləğə hesablandığı əsaslandırılmadığından məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əldən çıxmış faydanın məbləği müəyyənləşdirilərkən həmin rəyə sübut kimi istinad oluna bilməz. MM-nin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməz hesab edildiyindən illik 5 %-lə əldən çıxmış fayda qismində tələb edilən faizlər yalnız əsas borcun ödənilməsinin gecikdirildiyi müddət üçün hesablana bilərdi. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə vermiş və MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən cavabdehdən öhdəliyin icra müddəti bitdikdən sonra icranın gecikdirilməsi ilə əlaqədar dəymiş ziyan-əldən çıxmış fayda tələb edildiyindən və bu tələblərin ümumi iddia müddəti (10 il) ərzində irəli sürülməsi mümkün olduğundan cavabdehin ərizəsi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası gecikdirilməmişdir. Məhkəmənin iş üzrə gəldiyi bu nəticədə də işin faktiki hallarına uyğun deyil. İşin mübahisəsiz halıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016cı il tarixinədək müəyyən edilmiş, həmin tarixədək cavabdeh kredit borcunu tam ödəməmiş, əsas kredit borcu öhdəliyin icra müddəti bitdikdən 4 ay sonra- xx.xx.2016-cı ildə qaytarılmışdır. Belə olan halda müəyyən olunur ki, öhdəlik cavabdeh tərəfindən vaxtında icra edilməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Hazırkı halda kredit borcunun cavabdehin öz vəsaiti və ya onun xeyrinə 3-cü şəxslərin vəsaiti hesabına ödənilməsindən asılı olmayaraq öhdəliyin icrasının kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə təmin edilməməsinə və icranın gecikdirilməsinə görə borcalan məsuliyyət daşıyır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə cavabdeh tərəfindən əsas kredit borcunun banka müqavilədə nəzərdə tutulmuş müddətdən 4 ay gec qaytarıldığını müəyyən edərək hesab edir ki, həmin müddət üçün cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə illik 5 % hesabı ilə 41606,7 ABŞ dolları faiz borcu tutulmalı, iddia qalan hissərə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(82)-140/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 41606,7 ABŞ dolları pul (illik 5%-lə faiz) tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti qismən edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(82)-140/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh1ndən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 41606,7 ABŞ dolları (ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə) pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-430/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-430/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver