Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-430/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 685721,75 manat əsas borcun, 98377,78 manat faiz məbləğinin, 149772,31 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 1346,52 manat əldən çıxmış faydanın, ümumilikdə 935218,36 manat məbləğin, 400 manat mediasiya xərcinin, 825,22 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 195280,62 manat əsas borc, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 29286,48 manat cərimə və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə “AZEMİS” elektron məhkəmə sistemində yerləşdirilmiş apelyasiya şikayətini verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3442/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3442/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasından imtina edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3442/2023 saylı xx.xx.2024-cü il tarixli Qərardadının ləğv edilməsinə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3442/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət vermə müddətini bərpa edərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 3442/2023 saylı qətnamə 04 dekabr 2023-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə elektron məhkəmə ünvanıma daxil olmuşdur. Apellyasiya şikayəti vermək üçün prosessual müddət 1 ay müddət müəyyən olunduğundan apellyasiya şikayətinin təqdim olunmasının son günü xx.xx.2024-cü il tarix hesab olunur. Lakin 04 yanvar 2024-cü il tarix bayram günü hesab olunduğundan apellyasiya şikayətinin sonuncu iş günü 07 yanvar 2024-cü il tarixi hesab olunur. Odur ki, bayramdan sonra ilki iş günü- 07 yanvar 2024-cü il tarixində apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron məhkəmə sistemi vasitəsilə təqdim etmək etmək üçün həmin gün saat 00:00-dək dəfələrlə cəhd olunsa da, elektron məhkəmə sistemində yaranmış texniki problemlər ucbatından həmin şikayəti elektron məhkəmə sisteminə yükləmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təqdim edilməsi müddəti 1 gün ötürülmüşdür. Ona görə də apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində elektron sistem vasitəsilə təqdim edilmişdir. Qeyd edək ki, aldığımız məlumata görə həmin gün elektron məhkəmə sisteminə çoxlu sayda texniki problemlərlə bağlı müraciətlər daxil olmuşdur. İşə baxan məhkəmə isə yaranmış texniki problemi araşdırmamış və müddətin bərpası haqqında ərizəni rədd etmişdir. Əlavə olaraq bildirirəm ki, 1 gün ötürülmüş müddətin texniki problemlər səbəbindən baş verməsi ağlabatandır. Dəqiq vaxt ilə desək, apellyasiya şikayəti 08 yanvar 2024-cü il tarixində saat 15:19-da sistemə yerləşdirilmişdir. Göründüyü kimi müddət heç 1 gün də deyil, saatlar fərqi ilə ötürülmüşdür. Hesab edirik ki, elektron məhkəmə sistemindəki texniki problemlər həmin müddətdə kütləvi surətdə baş verdiyindən məhkəmə tərəfindən ötürülmüş 1 gün müddət təmin edilməli idi. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3442/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü tarixdə imzalanmaqla avtomatik olaraq İddiaçı MMC-nin elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Həmin apellyasiya şikayəti də müddətin ötürülməsi əsası ilə deyil, digər əsasla, yəni dövlət rüsumunun az ödənilməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı MMC qətnamədən növbəti apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə saat 15:19-da elektron məhkəmə sisteminə yerləşdirmişdir. Apellyasiya şikayətinin təqdim edilməsi müddəti 1 gün ötürülmüşdür. İşin qeyd olunan hallarını, yəni İddiaçı MMC-nin ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını, bundan sonra qısa müddətdə qüsurlar aradan qaldırılaraq apellyasiya şikayətinin verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməli və İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3442/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-430/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-430/2024
04.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver