Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-430/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlun və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-246/2024 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00285585-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 106902,65 manat əsas, 16121,22 manat faiz, 5454,22 manat cərimə olmaqla, cəmi 128478,09 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının və 19 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-246/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında bağlanmış 20 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən şikayət və buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, xx.xx.2024-cü il tarixli qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, 20 iyun 2024-cü il tarixli qərardad 27 iyun 2024-cü il tarixdə Cavabdeh1 MMC-nin və onun nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmiş, qərardaddan şikayət isə 02 fevral 2025-ci il tarixdə verilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə MPM-in 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsi” barədə “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı 27 iyun 2024-cü il tarixdə, saat 12:57-də Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Şikayət isə qanunla müəyyən edilmiş müddət buraxılmaqla (7 aydan artıq) verilmişdir. Məhkəmə haqlı olaraq şikayətçinin müddətin bərpa edilməsi üçün əsas kimi istinad etdiyi halların şikayətin verilməsi müddətinin buraxılmasının üzrlü səbəbdən baş verməsinə dəlalət etmədiyi və belə olan halda buraxılmış prosessual müddətin bərpası üçün də əsasın olmadığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri isə buraxılmış müddətin bərpa olunması üçün deyil, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması haqqında ayrıca iddianın qaldırılması üçün əsas sayıla bilər. Ona görə də kollegiya hesab edir ki, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-246/2024 nömrəli iş üzrə 12 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-430/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-430/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver