Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-431/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-309/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli “Park Bulvar” alış-veriş mərkəzində qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə (Brands Hub) bağlanmışdır.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanda yerləşən “X3-veriş Mərkəzi”ndə olan və Müqavilənin 1-ci maddəsində göstərilən sahəni müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə icarə obyektini “Mağaza” üçün istifadəsinə qəbul edib əvəzində "İcarəyə verən"ə bu Müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və Alış-veriş Mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür.
3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilə 15 fevral 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək müəyyən edilir və aparılan təmir işləri ilə əlaqədar əlavə icarə haqqı xx.xx.2022-ci il tarixindən, əsas icarə haqqı isə xx.xx.2022-ci il tarixindən hesablanır. Müqavilənin müddəti icarə müddəti başa çatdıqda bitir. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya ona xitam verilməsi tərəflərin müqavilənin müddəti bitənə və ya ona xitam verilənədək icra etmədikləri öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyətdən azad etmir.
4. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən Əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1 də müəyyən edilmiş müddət üçün 11.083,70 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. "İcarəçi" əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir.
5. "İcarəçi" hər hansı bir səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödəməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əsas icarə haqqının 2% dəyərində olan məbləği icarəyəverənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılacaq.
6. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Əlavə icarə haqqı İcarə Obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olun müddət üçün 2.243,03 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir.
7. İcarə obyektinin hər kvadrat metrinə görə 12,50 manat (ƏDV xaric) əlavə icarə haqqı ödənilir. Nəzərdə tutulmuş əlavə icarə haqqı hər təqvim ayının ilk 10 iş günü ərzində ödənilməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əlavə icarə haqqının 2% dəyərində olan məbləği icarəyəverənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılıb ödəniləcəkdir.
8. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən Kommunal xərclər dedikdə icarə obyektinin daxilində sərf olunan bütün elektrik, su, qaz, telefon, internet və icarə obyektinin daxilindəki isitmə, soyutma ilə bağlı elektrik enerjisi xərcləri və s. bu kimi digər xərclər başa düşülür. İcarə obyektinin (sahənin) kommunal xərclərinin ödənilməsi "İcarəyəverən" tərəfindən hər ay üçün təqdim edilən hesab (sənəd) əsasında “İcarəçi" tərəfindən ödəniləcəkdir.
9. Həmin müqavilənin 9.1-ci (a) bəndinə əsasən icarəçinin bu Müqavilə çərçivəsində hər hansı icarə haqqını, yaxud pul məbləğini ödəniş edilməli tarixdən etibarən 10 (on) gün ərzində ödəməməsi öhdəliklərin yerinə yetirilməməsi halı hesab ediləcəkdir.
10. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci l tarixli əlavə razılaşma imzalanmışdır.
12. Əlavə razılaşmaya əsasən icarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına, “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixə kimi Park Bulvar AVM müvəqqəti olaraq bağlandığından, xx.xx.2021-ci il tarixdən iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkızlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti qismən bərpa olunduqdan sonra xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamasına baxmayaraq, icarəçinin sahibkarlıq fəaliyyətinin zəifləməsi, AVM-ə gələn müştərilərin azalması nəticəsində icarə haqqı ödəmələrində çətinliklərlə bağlı onun fəaliyyətinə dəstək məqsədilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 50%, 2023-cü ilin fevral ayı üçün 40%, mart ayı üçün 30% güzəşt müəyyən edilir. “Formula 1” yarışları zamanı yolların bağlı olduğunu nəzərə alaraq, icarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına 2022-ci ilin iyun ayında 10 günlük güzəşt müəyyən edilir. Müqavilənin digər maddələri dəyişdirilmədən saxlanılır.
13. Əlavə razılaşma tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış 31.938,58 manat əsas borc, icarə haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış 4560 manat cərimə məbləği və 200 manat məbləğində mediasiya xərci, ümumilikdə 36.698,58 manat məbləğində pul vəsaitinin Cavabdeh hesabından tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı bildirir ki, icarəçi tərəfindən 2023-cü ilin fevral, mart, aprel aylarının icarə haqları ödənilməmiş, bununla da icarəçinin icarəyə verənə 31.938,58 manat borc öhdəliyi yaranmışdır. İcarəçi ilə icarəyə verən arasında bağlanmış icarə müqaviləsinə 20 aprel 2023-cü il tarixində xitam verilmişdir. İcarəçi 2023-cü ilin fevral və mart ayları və aprel ayının 20 günü üçün nəzərdə tutulmuş icarə haqqını ödəməmiş və ödəməsi barədə xəbərdarlıqlara baxmayaraq hələ də ödəməməkdədir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək hesablanmış aylıq əsas icarə haqqı + ƏDV, aylıq əlavə icarə haqqı + ƏDV, ümumilikdə 31.938,58 manat, ödənilməmiş məbləğlər üzrə hesablanmış cərimə məbləği isə 4560 manat olaraq hesablanmışdır.
16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, fevral ayında “Park Bulvar”ın rəhbərliyi icarə haqqının qaldırılacağı barədə məlumat vermişdir. Bundan sonra cavabdeh etiraz etmiş və həmin obyekti tərk etmək niyyətində olduğunu bildirmişdir. Lakin çıxmağına razılıq verilmədiyindən, cavabdeh aprel ayının sonuna kimi orada məcbur qalmalı olmuşdur. Faktiki olaraq həmin aylarda (fevral, mart, aprel) mağazanı işlətməmişlər. Aprel ayında ölkədə keçirilən “Formula-1” yarışları ilə əlaqədar “Park Bulvar” həmin müddətdə bağlandığı üçün onlar məcbur olub icarəyə götürdükləri mağazadan çıxmışlar. Mart, aprel aylarında verilən hesabfakturaları imzalamamışdır.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-309/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ƏDV daxil 31.938,58 manat məbləğində borc və 1500 manat məbləğində dəbbə pulu, cəmi 33.438,58 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayətində cavabdehin iddiaya etirazda istinad etdiyi hallar göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi borcun məbləğini dəqiq müəyyən etməmiş, dəbbə pulu tələbinin əsaslı olub-olmadığını araşdırmamış, təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.
22. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
30. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
31. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə obyektinin cavabdehə təhvil verilməsi və hansı tarixə qədər müqavilə münasibətlərinin davam etməsi işin mübahisəsiz hallarıdır.
32. İşin mübahisəli halı isə icarə haqqının ödənilməsi ilə bağlıdır.
33. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh 2023-cü ilin fevral ayı üçün əsas və əlavə icarə haqqı, eləcə yanvar ayı üçün istifadə olunan elektrik enerjisi haqqına dair ƏDV daxil 10.768,09 manat məbləğinə EBCO seriyalı, xx.xx.2023-cü il tarixli, 254512 saylı; eləcə də 2023-cü ilin mart ayı üçün əsas və əlavə icarə haqqı, eləcə də 2023-cü ilin fevral ayı üçün elektrik enerjisindən istifadə haqqına dair cəmi ƏDV daxil 12.027 manat məbləğinə xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 079181 saylı; 2023-cü ilin aprel ayının 20 günü üçün əsas və əlavə icarə haqqı və 2023-cü ilin mart ayı-aprel ayının 20 arası dövr üçün üçün elektrik enerjisindən istifadə haqqına dair cəmi ƏDV daxil 9142,82 manat məbləğinə EBDC seriyalı, xx.xx.2023-cü il tarixli 723312 saylı elektron qaimə göndərilmişdir.
34. Cavabdeh tərəfindən həmin aylar üzrə icarə haqqının və elektrik enerjisindən istifadəyə görə haqqın ödənilməsi barədə sübutlar təqdim edilməmişdir.
35. Beləliklə, cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, 2023-cü ilin fevral, mart ayları və aprel ayının 20 günü üçün əsas və əlavə icarə haqqını, eləcə də 2023-cü ilin yanvar, fevral, mart ayları və aprel ayının 20 günü üçün elektrik enerjisindən istifadəyə görə haqqı iddiaçıya ödəməmişdir.
36. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi 2023-cü ilin fevral ayından icarə sahəsindən çıxmaq istəsə də, iddiaçının onun icarə obyektindən çıxmasına icazə verməməsi, aprel ayının sonunadək icarə sahəsində qalsa da, fevral-aprel ayında mağazanı işlətməməsinə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
37. Lakin, cavabdeh sözügedən faktiki halların həqiqətə uyğunluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
38. Bu baxımdan kollegiya qeyd edir ki, icarə sahəsi cavabdehə təhvil verildikdən sonra həmin sahədən faktiki istifadə edib-etməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur və cavabdehi icarə haqqını ödəmək öhdəliyindən azad etmir.
39. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 31.938,58 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə tam haqlıdır.
40. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
41. Tərəflər arasında bağlanmış 15 fevral 2022-ci il tarixli icarə müqaviləsində də müəyyən edimişdir ki, "İcarəçi" hər hansı bir səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödəməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əsas icarə haqqının 2% dəyərində cərimə hesablamaq hüququna malikdir.
42. İşin hallarını, yəni icarə haqqının ödənilməsi ilə bağlı gecikdirilmiş günlərin sayını və ödənilməli olan icarə haqqının məbləğini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 1500 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
43. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi həm borcun məbləğinə və dəbbə pulunun əsaslığına, həm də təqdim edilmiş sübutlara düzgün qiymət vermişdir.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-309/2024 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov