Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-436/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1968/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Weir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 07-16 nömrəli 30.12.2016-cı il tarixli, 06/17 nömrəli 03.04.2017-ci il tarixli və 12/17 nömrəli 20.06.2017-ci il tarixli alış sifarişləri üzrə ödənilməmiş 217916,40 manat qalıq borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.10.2020-ci il tarixli e-2-2(113)-1968/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə “Weir SOS Limited” şirkəti arasında 07-16 nömrəli 30.12.2016-cı il tarixli, 06/17 nömrəli 03.04.2017-ci il tarixli və 12/17 nömrəli 20.06.2017-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən “Weir SOS Limited” şirkəti Cavabdeh MMC-nin ünvanlandığı sifariş aktlarına əsasən malları təqdim etməyi, Cavabdeh MMC isə sifariş edilmiş malların razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Weir SOS Limited” şirkəti (hüquq və vəzifələri ötürən) və İddiaçı (ötürülən hüquq və vəzifələri qəbul edən) arasında bağlanmış hüquq və vəzifələrin ötürülməsi haqqında 02 fevral 2020-ci il tarixli müqaviləyə əsasən “Weir SOS Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı 217916,40 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququ İddiaçınə güzəşt edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 217916,40 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək, bildirir ki, tərəflər arasında 40% güzəştlə bağlı razılaşma olmuş, sonra razılaşma baş tutmamışdır. İddiaçının tələb etdiyi borc məbləği tərəflər arasında bağlanmış 07-16 nömrəli 30.12.2016-cı il tarixli, 06/17 nömrəli 03.04.2017-ci il tarixli və 12/17 nömrəli 20.06.2017-ci il tarixli əqdlər əsasında yaranmışdır. Sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia ilə razı olduğunu bildirir və onun təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Weir SOS Limited” şirkəti ilə cavabdeh arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan 30.12.2016-cı il tarixli 07-16 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə cəmi 381045,60 manat dəyərində mallara dair sifariş verilmişdir. Həmin sifariş aktına əsasən “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə 151110 manat (ƏDV daxil 178309,80) dəyərində mallar təqdim etmiş və həmin malların təqdim edilməsinə dair 18.04.2017-ci il tarixli ********* saylı invoys və 03.05.2017ci il tarixli HN seriyalı 779689 nömrəli elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. Həmin mallara görə 63000 manat əsas məbləğ və 27199,8 manat ƏDV ödənilib, ödənilməyən cəmi məbləğ isə 88110 manat təşkil edir. 03.04.2017-ci il tarixli 06/17 R-1 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 14042,00 manat məbləğində mallar sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 14042 manat dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 30.05.2017-ci il tarixli ********* saylı invoys və invoys əsasında 05.06.2017ci il tarixli HO seriyalı 212550 nömrəli elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. Həmin mallara görə 2142 manat ƏDV ödənilib, ödənilməyən cəmi məbləğ isə 11900 manat təşkil edir. 20.06.2017-ci il tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 13849,66 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 13849,66 dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 06.07.2017-ci il tarixli ********* saylı invoys və həmin invoys əsasında 21.07.2017-ci il tarixli HO seriyalı 843912 nömrəli elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. Həmin mallara görə 2112,66 manat ƏDV ödənilib, ödənilməyən cəmi məbləğ isə 11737 manat təşkil edir. 20.06.2017-ci il tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış ƏDV daxil cəmi 125279,89 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 125279,89 manat dəyərində mallar təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 19.09.2017-ci il tarixli ********* saylı invoys və həmin invoys əsasında HP seriyalı 728235 nömrəli elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. Həmin mallara görə 19110,49 manat ƏDV ödənilib, ödənilməyən cəmi məbləğ isə 106169,4 manat təşkil edir. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməyən cəmi məbləğ 217916,4 manat təşkil edir (88110 + 11900 + 11737 + 106169,4 = 217916,4). Qeyd olunan müqavilə üzrə tələb hüququnun Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən iddiaçıya güzəşt edildiyini nəzərə alaraq və Mülki Məcəllənin 600.4-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. İddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh MMC-nin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışlara əsasən müəyyən edilir ki, Cavabdeh MMC 25.07.2017-ci il tarixdə HO 212550 saylı EVF-ya əsasən 2142,00 manat, HO 843912 saylı EVF-ya əsasən 2112,66 manat HN 779689 saylı EVF-ya əsasən 27199,80 manat və 29.09.2017-ci il tarixdə HP 728235 saylı VHF-ya əsasən 19110,49 manat məbləğində ödənişlər etmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh MMC tərəfindən “Weir SOS Limited” şirkətinə 60007859, 60007970, 60008063 saylı invoyslar üzrə sonuncu ödəniş 25.07.2017-ci il tarixdə, 60008203 saylı invoys üzrə isə 29.09.2017-ci il tarixdə həyata keçirilmişdir. Belə olan halda yuxarıda göstərilən üç invoys üzrə iddia müddətinin axımı 25.07.2017-ci il tarixdən, 60008203 saylı invoys üzrə isə 29.09.2017-ci il tarixdən hesablanmalıdır. Hazırkı iddia isə 27.07.2020-ci il tarixdə qaldırılmışdır. Beləliklə, müəyyən edilir ki, 60008203 saylı invoys üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməmişdir. Digər üç invoys üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin sonuncu günü isə 25.07.2020-ci il tarixinə - qeyri-iş gününə təsadüf etmiş, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi həmin tarixdən sonrakı iş günündə - 27.07.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, yəni həmin tələblər üzrə də iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır. Çünki Mülki Məcəllənin 370.2-ci maddəsində təsbit olunmuşdur ki, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Cavabdeh tərəfindən 40% güzəştlə bağlı razılaşmaya istinad edilməsi də əhəmiyyət kəsb etmir. Çünki cavabdehin nümayəndəsi özü etiraf edir ki, razılaşma baş tutmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1968/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-436/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-436/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver