Məhkəmə qərarları › İş №2-2(103)-436/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-436/2022

16.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-436/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı firmasının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərib edilmiş 05.07.2021-ci il tarixli SS 29/1640-01429-1 və SS 29/l640-01488 nömrəli, həmçinin Qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021-ci il tarixli ******* nömrəli aktların ləğv edilməsi və ona hesablanmış 17.105,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata aktların ləğv edilməsi tələbi hissədə xitam verilmiş, 28.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən **********00192 nömrəli abunə kodu üzrə 30.07.2021 tarixli akta əsasən hesablanmış 17.105,73 manat məbləğdə borcun silinməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, qaz sayğacına görə məsuliyyət bütövlükdə istehlakçının üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi “Qazdan istifadə Qaydaları”nın normasını düzgün tətbiq etməmişdir. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununa əsaslanaraq hesablanmış 17.105,75 manat borcun silinməsini qət etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama işləri aparılmamışdır. İş materiallarına əlavə edilmiş aktlardan da göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacının impuls ötürücüsü işləmədiyi üçün sayğac sərf edilən qaz həcmini qeyd etməmişdir. Bu səbəbdən də qaz sayğacı çıxarılaraq qüsurların aradan qaldırılması üçün müvafiq laboratoriyaya göndərilmişdir. Qeyd edilən qüsur növü nəticəsində qaz sayğacı sərf edilən qazın həcmini tam qeyd etmir və bunun nəticəsində paylayıcıya ziyan dəymiş olur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 05.07.2021-ci il tarixli SS 29/1640-01479-1 nömrəli Qeyriəhali qaz sayğacının yoxlanması haqqında akta əsasən, Suraxanı rayonu ərazisində yerləşən xidmət sahəsinin qaz xətti üzrərində quraşdırılmış G40 markalı 77057105 nömrəli rotor tipli “Elster” qaz sayğacı 29.06.2021-ci il tarixdə xətdən çıxarılmış, 05.07.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir; 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3. 29.01.2021-29.06.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.62 bar, korreksiya olunmuş maksimal qaz həcmi 27 kub.m, korreksiya olunmamış qaz həcmi 21 kub.m. qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 29.06.2021-ci il tarixdə qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 49 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmplus ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 14.668 kub.m. azdır. Şteyker yenisi ilə əvəz edildi. Pbaza=1.01325 bar, Tbaza=20C. 05.07.2021-ci il tarixli SS 29/1640-01488 nömrəli Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akta görə, Nizami rayonu ərazisində yerləşən xidmət sahəsinin İddiaçı firmasının şadlıq evlərinə məxsus qaz xətti üzrərində quraşdırılmış G65 markalı 75080449 nömrəli rotor tipli “Elster” qaz sayğacı 29.06.2021-ci il tarixdə xətdən çıxarılmış, 05.07.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. Sayğacın daxili çirklidir. Ekranda A və B işarələri var. Göstəricilər arasında fərq var. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. İmplus vurulan nömrəli plombun simi boşdur. İmplus öz yuvasından irəli gedir; 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3. 08.12.2020-29.06.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.48 bar, korreksiya olunmuş maksimal qaz həcmi 33 kub.m, korreksiya olunmamış qaz həcmi 25 kub.m. qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 29.06.2021-ci il tarixdə qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 0 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmplus ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 60.551 kub.m. azdır. Şteyker yenisi ilə əvəz edildi. Pbaza=1.01325 bar, Tbaza=20C. 30.07.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonent kodu **********00192 olan İddiaçı firmasına məxsus şadlıq evlərinə baxış keçirilərkən sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 68.423 kub.m. az olduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmiş, həmin akt əsasında 30.07.2021-ci il tarixdə Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilmiş və 68.423 kub.m itirilmiş qaz hesablanmış, qeyd olunan itirilmiş qazın dəyəri 17.105,75 manat 2021-ci ilin iyul ayı üçün iddiaçıya məxsus Abonent saldosuna işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir; 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır; 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, abonentin qanunsuz hərəkətləri barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi (əlavə sərfiyyat hesablanması) bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan qaz sayğaclarının göstəricilərinin oxunması istisnasına daxil deyil. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama aparılmadığını bildirsə də, onun, iş üzrə mübahisəli aktlarda qeyd etdiyi kimi, əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan sayğaclara baxış keçirilmiş, baxış zamanı sayğaclar xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilmiş, qanun pozuntusunun aşkarlanması barədə aktlar tərtib olunmuş, nəticədə iddiaçıya əlavə sərfiyyat (cərimə) hesablanmışdır. Bütün bunlar isə o deməkdir ki, mübahisəli baxış, o cümlədən baxış zamanı sayğacların xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilməsi birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanun yoxlamanın nəticəsində akt tərtib edilməməsi və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Eyni tələb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndində də əks olunmuşdur və bu tələb Əsasnamə ilə həm də “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər” kimi cavabdehə də aid edilmişdir. Bundan əlavə, həm “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində, həm də “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Şikayətin mübahisəli borc məbləğinin iddiaçı tərəfindən qüsurlu sayğacdan istifadə nəticəsində yaranması barədə dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası bildirir ki, sözügedən dəlil araşdırılıb, qanunsuz istifadə faktının təsbit edildiyi fərz olunan hal da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun qeyd olunan imperativ göstərişlərinin mübahisəyə tətbiqinə maneə deyil. Digər tərəfdən, hazırkı iş üzrə verilən məhkəmə qiymətləndirməsi də qazdan istifadə zamanı yol verilən qanunsuzluq faktlarının güman edilən mövcudluğunun məhkəmə kollegiyası tərəfindən təsdiq yaxud təkzibi ilə bağlı olmamaqla, yalnız baxılan konkret kazusda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əməl olunubolunmaması ilə əlaqədardır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar