Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-437/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-505/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 17131,09 ABŞ dolları məbləğində pulun və 3212,07 ABŞ dolları məbləğində faiz borcunun ödəniş gününə manat məzənnəsi ilə tutulması, həmçinin 30 manat dövlət rüsumunun və 250 manat ödənilmiş vəkil haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-505/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 29.122 (iyirmi doqquz min yüz iyirmi iki) manat, 80 (səksən) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin prosessual vəziyyətini araşdırmamış və tərəflər arasında hər hansı bir müqavilə olmadığı halda, naməlum müqavilə öhdəliklərindən yaranmış münasibətlərə istinad etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, alıcı Cavabdeh 13 iyun 2017-ci il tarixdən 2018-ci il tarixədək olan dövr ərzində İddiaçı MMC-dən nisyə alqı-satqı əsasında kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürərək aldığı malların pulun yalnız bir hissəsini ödəmiş və nəticə etibarı ilə götürdüyü malların pulunun tam ödənilməsini həyata keçirməmişdir. Tərəflər arasında 18 iyul 2020-ci il tarixdə tərtib edilərək imzalanmış üzləşmə aktında və ona əlavədə cavabdeh nisyə aldığı mallara görə ödəməli olduğu 17.718,98 ABŞ dolları borcunu inkar etməyərək təsdiqlənmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixədək həmin məbləği ödəməyi öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmiş, sonradan cəmi 587,89 ABŞ dolları ödəniş etmiş və ümumilikdə 17.131,09 ABŞ dolları borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə onunla deyil, "xxxx" MMC ilə bağlanılmış və mallar da həmin MMC-yə satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçı istinad etdiyi müqavilənin surətini təqdim etməyib, cavabdeh isə ümumiyyətlə müqavilənin bağlanılmadığına istinad edir. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. İş materiallarında olan 18 iyul 2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh verilmiş mallara görə 19538,35 ABŞ dolları borcunun qaldığını etiraf etmiş və borcun xx.xx.2020-ci il tarixədək qaytaracağını bildirmişdir. Borclu olan məsul şəxslərlə görüşün və borcların ödənilməsinin tələb olunması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh gübrə və dərman preparatlarının alışına görə 17718 ABŞ dolları borcunun qaldığını və həmin borcun xx.xx.2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfin etirafı və xx.xx.2021-ci il tarixli 3320 nömrəli kassa mədaxil orderindən müəyyən edilir ki, qeyd edilən borcdan 1000 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, qeyd olunan sübutlarla təsdiq olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmiş və nəticədə 17131,09 ABŞ dolları məbləğində borcu qalmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, üzləşmə aktı və borclu olan məsul şəxslərlə görüşün və borcların ödənilməsinin tələb olunması haqqında protokol "xxxx" MMC tərəfindən deyil, fiziki şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır. Əgər cavabdehin bildirdiyi kimi həqiqətən də tərəflər arasında heç bir müqavilə münasibətləri olmasaydı, cavabdeh üzləşmə aktını və protokolu imzalamazdı və ya öz adından deyil, istinad etdiyi "xxxx" MMC-nin adından imzalayardı. Lakin hazırki işdə bu hal mövcud deyil. Qeyd olunan hallar isə tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanmasını, iddiaçı tərəfindən müqavilədə göstərilən malların təhvil verilməsini, cavabdeh tərəfindən bu halın təsdiq etməsini və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-505/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-437/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-437/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver