Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-440/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı alqı-satqı müqaviləsi üzrə əsas borcun, əldən çıxmış faydanın, bank uçot dərəcəsi ilə faizin, dövlət rüsumu və hüquqi xidmətə görə xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-792/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən (hakim Etibar Mustafayev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-792/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək Cavabdeh Firmasından 22.360 manat əsas borc, 2000 manat əldən çıxmış fayda, 15% məbləğində hesablanmaqla 6708 manat məbləğində bank uçot dərəcəsinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 200 manatın tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Firması apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 19.05.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 19.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının direktoru tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmiş “iddiadan imtina barədə” ərizəni məhkəməyə təqdim edərək ərizənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iddiadan imtina barədə ərizəyə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-792/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı MMC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-792/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-440/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-440/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver