Məhkəmə qərarları › İş №2-2(103)-442/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-442/2023

02.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-442/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-723/2023 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvana Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və SS 29/1640-01235-4 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmişdir. Akta əsasən ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektor sönmüş, impuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Şəffaf qapaq yuvasına kip oturmayıb. Ehtiyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Batareya yoxlandı, gərginliyi 0V korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 70364 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlandı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlandı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlandı, sızma yoxdur. Tempurator və təzyiq çeviriciləri normaldır. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya tələb olunur.

3. Daha sonra cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus müəssisədə xx.xx.2022-ci il tarixdə 29/1640-01235-4 saylı rəyə əsasən 75145140 saylı sayğacın mexaniki hissəsindən keçən 7036 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Dəymiş ziyan hesablanmalıdır.

4. Cavabdeh tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 29211 m3 qaz həcmi qeydə alınmamışdır. Həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 7302,75 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən "xxxx" MMC-yə əsassız hesablanan 7302,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tam əsassız və heç bir normalara müvafiq tərtib edilməmişdir. Həmin aktla müəyyən edir ki, 2016-cı ilin 15 dekabr tarixindən aidiyyatı Qaz Xidmət Sahəsi tərəfindən sayğac tələb olunan norma və qaydalara uyğun olaraq vaxtında müayinə edilməmiş, batareyanın minumum işləməsi həddi nəzərə alınmamış, korrektorun xx.xx.2021-ci il tarixdən sönməsi hər hansı bir formada nəzarətdən kənar qalmışdır. Öz vəzifə və funksiyasını vaxtında və lazımı səviyyədə icra etməyərək, tələb olunan tədbirləri görməyən cavabdeh tərəf, sonradan istismar müddətindən çox işləyən sayğacda çatışmazlıq müəyyən etməklə, istehlakçını təqsirli çıxarmağa yönələn tədbirlər görür. Qaz sayğacı 17 may 2022-ci il tarixdə ******* nömrəli akt əsasında xətdən çıxarılmış və yerinə xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla G65 markalı 75118562 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı faktiki istehlak etdiyi qaza görə BRQSD Abşeron Xidmət Sahəsi tərəfindən təqdim olunan hesab fakturalar əsasında bütün ödənişləri tam və vaxtında həyata keçirmişdir. Həmin hesab fakturalardan və sayğacın əvvəlki göstəricilərindən də müəyyən etmək olur ki, müəssisə tərəfindən istehlak olunan qazın həcmi aylar üzrə oxşar həcmdədir. Bu xronoloji ardıcıllıqdan da görmək olur ki, akt əsasında əlavə hesablanan 29211 m3 qazın istifadəsi mümkün deyil və ya uyğun gəlmir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sayğac iddiaçının balansındadır, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılmış, laborator yoxlanışı həyata keçirilmiş, sayğacda texniki qüsurlar aşkar edilmiş, bunda iddiaçının təqsiri yoxdur. Belə ki, müəyyən edilmişdir ki, sayğacın mexaniki hissəsi işləkdir, lakin elektron hissədə problem olduğu üçün qaz sərfiyyatını düzgün qeydə almamışdır. Bundan əlavə, sayğacda problem, yəni korrektorun sönməsi halı xx.xx.2021-ci ildə baş vermiş, bu barədə vaxtında iddiaçıya məlumat verilmiş, lakin sayğacın təmir xərcləri iddiaçı tərəfindən ödənilmədiyi üçün vaxtında sayğac təmir edilməmişdir. Bundan əlavə, tərəflərindən aparılmış baxış yoxlama və ya monitorinq olmadığı üçün dövlət reyestrində qeydiyyatı aparılmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-723/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.

13. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

16. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

20. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

22. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

23. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

26. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

29. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 7302,75 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

30. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

31. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin aktda qeyd olunan faktların (sayğacın mexaniki hissəsindən keçən 70364 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması) faktiki mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.

32. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

33. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

35. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, iddiaçıya məxsus qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilməsi və bunun nəticəsi olaraq qaz sayğacının yoxlamadan keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-723/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar