Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-442/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi və icarə haqqının tutulması”na dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1763/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin ləğvi, 8000 manat məbləğində icarə haqqının və cavabdehin üzərinə qeyri-yaşayış sahəsini boşaldıb təhvil verənədək hər keçən vaxt üçün həmin icarə müqaviləsinin 4-cü bəndinə nəzərdə tutulmuş icarə haqqı öhdəliyini icra etməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1763/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1763/2024 nömrəli qərardadının ləğv edilməsi, əks halda hazırkı şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə zəruri hesab edilən sübutlar, o cümlədən vəkil orderi və 15 dekabr 2023-cü il tarixli etibarnamə əlavə edilmişdir. Məhkəmə isə hesab edib ki, etibarnamədə nümayəndə X1 iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilməyib. Lakin iddia ərizəsinə əlavə olunmuş 15 dekabr 2023-cü il tarixli etibarnamədə nümayəndənin iddiaçının adından bir sıra sənədləri, o cümlədən ərizələri imzalaması səlahiyyəti göstərilib. Bu səbəbdən də məhkəmənin adıçəkilən qərardadı ləğv edilməlidir. Məhkəmə nəzərə almayıb ki, 15 dekabr 2023-cü il tarixli etibarnamə hüquq şəxsin qanun təmsilçisi olan dirketorunun imzası və onun möhürü vurulmaqla verilib. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Müraciət təklif, ərizə, şikayət şəklində ola bilər. Hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət ərizədir. İddia ərizəsi də ərizənin bir növüdür. İddia ərizəsini ərizə hesab etməmək hüquq nihilizm və ya qərəzlilikdir. Həmçinin etibarnamədə ərizələr dedikdə iddia ərizəsi və digər ərizələr anlaşılır. Yəni iddia ərizəsi ərizənin bir növüdür. Məhz qanunun bu göstərişinə görə etibarnamədə nümayəndənin ərizələr imzalamaq səlahiyyəti iddia ərizələrini imzalamaq səlahiyyətini də özündə ehtiva edir. Məhkəmənin bu sadə məntiqə əməl etməməsi qəbuledilməzdir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını səhv təfsir etməsi səbəbindən düzgün olmayan nəticəyə gəlib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1763/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1763/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddia ərizəsi nümayəndə və vəkil X3 tərəfindən elektron imza ilə imzalanmış, iddia ərizəsinə əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli etibarnamədə sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş sadə yazılı etibarnamənin məzmununa görə X3 "xxxx" MMC-nin adından dövlət orqanları və məhkəmələrdə çıxış edə, müqavilələr, digər əqdlər, ərizələr, şikayətlər, vəsatətlər, rəylər, izahatlar, barışıq razılaşmaları və digər sənədlər imzalaya və təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində sadalanan səlahiyyətlərin, o cümlədən iddia ərizəsini imzalamaq səlahiyyətinin etibarnamədə “xüsusi olaraq” göstərilməli olduğu nəzərdə tutulduğundan, hazırkı halda X2 verilmiş etibarnamədə bu səlahiyyətin xüsusi olaraq qeyd edilməməsi nümayəndəyə iddiaçının adından digər ərizələrlə yanaşı, eyni zamanda iddia ərizəsinin imzalanması səlahiyyəti verildiyinə dair qənaətə gəlməyə əsas verməmişdir. Şikayətin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsini müəyyən edən 5.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmədiyindən iddiaçının həmin qanunun müddəalarının məhkəmə tərəfindən pozulması ilə bağlı bütün arqumentləri əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin müvafiq olaraq xx.xx.2024-cü il tarixli e-2-2(113)-1095/2024 nömrəli və xx.xx.2024-cü il tarixli e-2-2(113)-1539/2024 nömrəli qərardadları ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardadlarla da iddiaçının nümayəndəsi və vəkilinin diqqətinə digər nöqsanlarla yanaşı, hazırda mübahisələndirilən nöqsan çatdırılmış, lakin digər nöqsanlar aradan qaldırılsa da, etibarnamə ilə bağlı nöqsan sonuncu tərəfindən aradan qaldırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1763/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1763/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-442/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-442/2024
29.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver