Məhkəmə qərarları › İş №2-2(103)-442/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-442/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-442/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1479/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20- MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya görə cavabdehə 120 ay müddətinə, aylıq 2,5% dərəcəsi ilə, 50000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20- MCR-1-571-23/1 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə aylıq 1,75 % dərəcəsi ilə, 12 ay müddətinə 10000 manat məbləğində biznes məqsədilə kredit vermişdir. Həmin müqaviləyə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətdə faizlərin və müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi və müqavilə ilə müəyyən edilmiş digər şərtlərə uyğun olaraq borcverənə qaytarmağı öhdəsinə götürür.

3. xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı müqavilənin 1 saylı əlavəsində kredit müqaviləsi üzrə ödənişlər, onların tarixi, ödənilməli olan əsas və faiz məbləğləri öz əksini tapmışdır.

4. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023 tarixli Z/18340/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən zamin borclanın bank qarşısında xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair razılaşması üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə borcalan ilə birgə məsuliyyət daşıyır.

5. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2023 tarixli Z/18341/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli, 20-MCR-1- 571-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

6. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 2600 manat, xx.xx.2023-cü il tarixli məxaric qəbzinə görə 6500 manat məbləğində kredit Cavabdeh2 MMC-yə verilmişdir.

7. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 5259,97 manat, faiz borcu 392,58 manat, cərimə borcu 76,03 manat olmaqla, ümumilikdə borc 5728,58 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı ASC cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5259,97 manat əsas borc, 392,58 manat faiz borcu və 38,02 manat cərimə borcu olmaqla, cəmi 5690,57 manat borcun, 76,91 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 MMC-yə 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC İddiaçı ASC-dən 21% olmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə ilə və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin oktyabrın 9-dək Cavabdeh2 MMC banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5259,97 manat əsas borc, 392,58 manat faiz borcu və 76,03 manat cərimə borcu olmaqla cəmi 5728,58 manat borcu vardır. Cavabdeh2 MMC-nin xx.xx.2023- cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 76,03 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 38,02 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(113)- 526/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, həmin razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdeh MMC-yə həmin tarixdə 10000 manat məbləğində kredit verilmiş, digər cavabdehlər zaminlik müqavilələri bağlayıb kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərilərinə məsuliyyət götürmüşlər. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 5259,97 manat məbləğində əsas bоrc, 392,58 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 38,02 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmışmüqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit müqaviləsi üzrə 5259,97 manat məbləğində əsas bоrc, 392,58 manat məbləğində faiz borcu, 38,02 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 76,91 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 743.1, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində və qətnamədə qeyd edildiyi kimi heç də öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu faktı təsdiq edə biləcək sübutlar tərəflərindən təqdim olunacaqdır. Məhkəmə Mülki Məcəllənin 385.1, 425.1-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Halbu ki, iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə cavabdehlərin iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Cavabdehin müqaviləyə imza etməsi əsas gətirilərək tələb təmin edilmişdir. Əvvəlki bənddə qeyd edildiyi kimi məhkəmə iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunduğu üçün pullarını istədiyini müəyyən etmişdir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Bundan əlavə əsas borca hesablanmış faiz borcunun necə yaranması və hansı əsaslara görə həmin faiz məbləğinin müəyyən oluması ilə bağlı məhkəmə qətnaməsində heç bir sübut göstərilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, borcu alan Cavabdeh2 MMC şirkətidir. Əgər həmin şirkət hal-hazırda mövcud deyildirsə cavabdeh zamin kimi tərəf ola bilərdi. Halbuki məhkəmə həmin halı araşdırmadan iddiaçının mövqeyi tərəfdən çıxış edərək zamin kimi borcun ödənilməsini apelyatora yönəltmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-cü maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh3 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit razılaşmasına əsasən Cavabdeh2 MMC iddiaçıdan aylıq 1,75 faizlə, 12 ay müddətinə 10000 manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə digər cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü tarixli Z/18340/23 və Z/18341/23 nömrəli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərinə zamin durmuşlar. Cavabdeh2 MMC kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka 5259,97 manat məbləğində əsas və 392,58 manat məbləğində faiz borcu yaranmışdır.

22. Belə olan halda məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23/1 saylı kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu, zamin Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 20-MCR-1-571-23 saylı kredit razılaşması üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh2 MMC və zaminlər Qanuni nümayəndə və Cavabdeh3 sözügedən kredit müqaviləsi üzrə 5259,97 manat məbləğində əsas və 392,58 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

23. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi borcalan Cavabdeh2 MMCnin fəaliyyət göstərməməsi barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan müəyyən edilir ki Cavabdeh2 MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır və kommersiya hüquqi şəxslərin dövlət reyestrində sözügedən hüquqi şəxsin ləğv edilməsi barədə qeydiyyat aparılmayıb.

24. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddia ərizəsində ödənilməsi tələb edilən əsas və faiz borcunun əsaslılığını mübahisələndirmiş, lakin həmin borc məbləğlərini şübhə altına alınmasına əsas verən hər hansı konkret faktiki hala istinad etməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Odur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

25. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 qeydiyyatda olduğu ünvana bildirişlər, eləcə də mobil telefon nömrəsilə SMS xəbərdarlıqlar göndərilmişdir. Odur ki, istinad edilən dəlillər əsassızdır.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1479/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar