Məhkəmə qərarları › İş №2-2(103)-443/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-443/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-443/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “xx.xx.2021-ci il tarixli, 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişinin ləğv edilməsi, kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6146/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 100 000 AZN məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir.

2. "xxxx" QSC-nin “Azadlıq” filialı (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 16 mart 2021-ci il tarixli, 009S**********02, 009S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış 16 mart 2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 100.000 manat, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28 %, ödənişlərin dövriliyinin hər təqvim ayında bir dəfə olması müəyyən edilmişdir.

3. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 30 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 26773.56 manat məbləğində krеdit bоrcu, 1835.09 manat məbləğində faiz bоrcu və 1440.42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30049 manat 7 qəpik məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3226,44 manat ödəmiş, onun 26.773,56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 105 gün üçün hesablanmış faiz borcu 1835,09 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 105 gün üçün hеsablanmış cərimə 1440,42 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

6. Cavabdehlərin iddia ərizəsinə etirazları daxil olmamışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6146/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 009R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 26.773,56 manat məbləğində əsas borcun, 1835,09 manat məbləğində faiz borcunun və 1440,42 manat məbləğində dəbbə pulunun, cəmi 30.049 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəbbə pulu hissəsində iddianı rədd edə biləcəyi təqdirdə bunu etməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq onlara əməl etməmiş, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərkən izahatında göstərmişdir ki, krediti götürdükdən sonra uzun müddət borclarını vaxtlı-vaxtında ödəyirdilər. Kənd təsərrüfatı ilə məşğul olur. Pandemiya şəraiti və Ukrayna Respublikasında müharibə başladıqdan sonra fəaliyyət göstərə bilməyib. Belə ki, fəaliyyəti Ukrayna Respublikasında kənd təsərrüfatı mallarının satışı ilə bağlı olub və bununla əlaqədar ödənişlərin həyata keçirilməsində müəyyən problemlər yaranıb. Məhkəmə işə baxarkən işin bütün hallarını nəzərə almalıdır, lakin cavabdehin düşdüyü çətin maliyyə vəziyyəti məhkəmə nəzərə almamış, bununla yanaşı müvafiq ekspertiza təyin etmədən, yalnız bankın təqdim etdiyi sənədlər əsasında bankın hesabladığı borc məbləğləri ilə tam razılaşıb iddianı tam təmin etmişdir. Məhkəmə iddianın tam təmin edilməsi qənaətinə gələrkən bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa və maliyyə arayışına istinad etmişdir. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 26773.56 manat, faiz borcu 1835.09 manat, (gecikdirilən günlərin sayı 105 gün) cərimə borcu 1440.42 manat olmaqla, cəmi borc 30049.07 manat təşkil edir. Birincisi hesab edirik ki, kredit müqaviləsi üzrə yaranmış borcun (əsas borc, faiz borcu və cərimə) düzgün müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. İkincisi məhkəmə işin hallarını, cavabdehin düşdüyü çətin vəziyyəti nəzərə alıb dəbbə pulunu azalda bilərdi. Lakin məhkəmə bu kimi halları nəzərə almamış, bankın iddiasını tam təmin etməklə ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

22. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

23. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh2 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və borcun tutulmasına aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

27. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh2 uzunmüddətli kredit müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 30.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit razılaşması üzrə 26773.56 manat məbləğində əsas və 1835,09 manat məbləğində faiz borcu yaranmışdır.

28. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 100 000 AZN məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir.

29. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay 16 mart 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur.

30. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir.

31. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

32. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir.

33. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir.

34. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

35. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 30 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir.

36. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

37. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.

38. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 19.29 % təşkil edir.

39. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur.

40. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

41. 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh2 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 30.000 manat, faizin məbləği 9747,83 manat, cəmi ödəniləcək məbləğ 39747,83 manat müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

42. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 30.000 manat kredit Cavabdeh2 AZ47ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

43. Apellyasiya baxışı zamanı məhkəmənin 11 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə xx.xx.2021-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə cavabdehlərin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixə əsas, faiz və cərimə borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 25 iyun 2023-cü il tarixli 9/4613 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 01 oktyabr 2021-ci il tarixli 009R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 28.657,53 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 26.773,56 manat, faiz borcu 1.883,97 manat; Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı QSC- yə olan borcu 29.575,99 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 26.773,56 manat, faiz borcu 2802,43 manat. Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 29.900,99 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 26.773,56 manat, faiz borcu 3127,43 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.

44. Məhkəmə kollegiyası hesab edir ki, hazırda ekspert rəyi ilə müəyyən edilən əsas borc məbləği iddia tələbində qeyd olunan əsas borc məbləği ilə üst-üstə düşdüyündən, ekspert rəyində müəyyən edilən faiz borcu məbləği iddia tələbində qeyd edilən faiz borcu məbləğindən yüksək olduğundan, məhkəmə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) borc alandan tutulmasını tələb etməkdə də haqlıdır.

46. İddiaçı tərəfindən cavabdehdən 1440.42 manat cərimə tutulması xahiş olunmuş, məhkəmə həmin hissədə iddianı MM-nin 462-ci maddəsinə əsasən təmin etmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndində qeyd edilmişdir ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərmə ödəyir.

47. Məhkəmə tərəfindən tutulmuş 1440.42 manat cərimə məbləğinin azaldılması və ya tam ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

48. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, ondan tələb edilən əsas, faiz və cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. Apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir.

51. Kollegiya apellyasiya şikayətinə təqdim edilmiş əlavə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinə əlavə Cavabdeh2 tərəfindən ona məxsus elektron kabinet vasitəsilə elektron imza ilə imzalanaraq təqdim edilsə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən faktiki imza ilə imzalanmış, lakin elektron imza ilə imzalanmamış, eyni zamanda onlara məxsus elektron kabinet vasitəsilə təqdim edilməmişdir. Bundan başqa, ilkin apellyasiya şikayəti də yalnız Cavabdeh2 tərəfindən verilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinə əlavəni yalnız Cavabdeh2 münasibətdə qəbul etmişdir.

52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6146/2022 saylı qətnaməsi Cavabdeh2 və borcun tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar