Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-444/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 286/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli sənəddən (aktdan) görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı ASC-yə məxsus obyektin su sayğacına baxış keçirilmiş və baxış nəticəsində xx.xx.2022-ci il tarixdə sayğacın mexaniki göstəricisinin 15077 olması, elektron sərfiyyat göstəricisinin işləməməsi aşkarlanmış və Sayğac NÖCİ tərəfindən sökülərək təmir olunması üçün abonentlə laboratoriyaya göndərilmişdir. Sayğac çıxarılarkən Azərsu və dövlət plombunun sayğacın üzərində olunmuşdur. Aktda həmçinin sayğac göstəricisinin əvvəlki oxunma tarixinin xx.xx.2022-ci il tarixi olduğunu və həmin tarixdə sayğacın göstəricisinin 15035 olduğu qeyd edilmişdir.
2. Cavabdeh ASC X4 İdarəsi (NÖÇİ) “X2 Laboratoriyası”nın xx.xx.2022-ci il tarixli 30567/0204602 nömrəli rəydən görünür ki, S.C-ın hesablayıcı mexanizmini kipləşdirən plastik halqanın üzərində olan 3 ədəd qurğuşun möhürlər yoxdur. S.C-ın hesablayıcı mexanizminin alt hissəsində müdaxilə izləri var. S.Cın hesablayıcı mexanizmində müdaxilə aşkar olundu. S.C təmirə və istismara yararsızdır.
3. ********* saylı xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, əvvəlki və son oxunma tarixi xx.xx.2022-ci il olmaqla 3026 m3 sərf edilmiş su və çirkab suya görə Cavabdeh ASC tərəfindən İddiaçı ASC-yə (su - 3026 m3 + çirkab su - 3026 m3 x1 manat) 6052 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq İddiaçı ASC-yə hesablanmış 6.052 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonent kimi cəmiyyətlə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ASC-yə məxsus su təchizatı sistemindən tələbatına uyğun miqdarda içməli suyun buraxılması və tullantı sularının kanalizasiya sisteminə qəbul edilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Cəmiyyət isə öz növbəsində abonent kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlərə və çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə müvafiq olaraq xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüş və hər ay cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə əsasən vaxtlıvaxtında xidmət haqqını ödəmişdir. Tərəflər arasında yaranmış münasibətlər Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ “Su təchizatı və tullantı suları haqında” Qanunu ilə və “Su təchizatı və kanalizasiya sistemlərindən istifadə qaydaları” ilə tənzimlənir. Cavabdeh cəmiyyətdə olan su sayğacının elektron hissəsi işləmədiyi üçün sayğacı Nöci tərəfindən sökülərək təmir olunması abonentlə laboratoriyaya göndərilmiş və Cavabdeh ASC X4 idarəsi “X1 Laboratoriyası” xx.xx.2022-ci il tarixli 30567/0204602 saylı rəyə əsasən S.C.-in hesablayıcı mexanizmini kipləşdirən plastik halqanın üzərində olan 3 ədəd qurğuşun möhürlərin olmması S.C-in hesablayıcı mexanizminin alt hissəsində müdaxilə izlərinin olması, S.C-in hesablayıcı mexanizmində müdaxilənin olması, S.C. təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Cavabdeh ASC Səbail rayon Sukanal İdarəsinin təqdim etdiyi hesab fakturaya əsasən çirkab su sərf -3026 kub.m, su 3026 kub.m, məbləğ (ƏDV-siz) -2564,41 manat, 2564,41 manat, cəmi 5128,81 manat, ƏDV 18 % 451,59 manat, 451, 59 manat, cəmi 923,19 manat, cəmi məbləğ-3026,00 manat, 3026,00 manat, 6052,00 manat. xx.xx.2022-ci il tarixə qalıq borcları 8615,6 manat təşkil edir. Bildirmək istəyirlər ki, cəmiyyət olaraq tərəflərindən su sayğacına hər hansı müdaxilə olunmamışdır. Bu sayğac cavabdehin nümayəndələri tərəfindən sökülərək təmir olunması üçün laboratoriyaya göndərilərkən abonent və dövlət plomblarının üzərində olduğu öz təsdiqini tapmışdır. Tərəflərindən cavabdehin strukturuna daxil olan bölmələrə (müştəri xidməti bölməsi və s) bir neçə dəfə müraciət edilməsinə baxmayaraq heç kim cəmiyyət üçün cavabdeh tərəfindən süni şəkildə yaradılan bu problemi həll etmək istəmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyət öz fəaliyyətini normal həyata keçirə bilmir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-286/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı ASC-nin istifadəsində olan obyektin su sayğacına baxış zamanı sayğacın elektron hissəsinin işləmədiyi müəyyən edildiyindən sayğac sökülərək təmir olunması üçün laboratoriyaya göndərilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli rəyi ilə sayğaca müdaxilə edilməsi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçıya 6052 manat məbləğində borc hesablanmışdır.
8. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş mübahisəli borca dair xx.xx.2022-ci il tarixli hesab-fakturadan göründüyü kimi sözügedən borc sayğac göstəricilərinə əsasən hesablanmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi borcun su sayğacına müdaxilə ilə bağlı hesablandığını bildirsə də, borcun hesablanması üçün əsas olmuş sənədləri (X3nın pozulması barədə akt və dəymiş ziyanın məbləği barədə hesabatı) məhkəməyə təqdim etməmiş, həmin borcun hesablanması qaydası barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC mübahisəli borcu hesablamaqla sayğacın yararsız olması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Əksinə iş materiallarına xx.xx.2022-ci il tarixli sayğacın yoxlamadan keçirilməsi barədə akt və xx.xx.2022-ci il tarixli laboratoriya rəyindən da göründüyü kimi laboratoriya rəyində sayğacın plombların sınıq olması və sayğaca müdaxilə izlərinin olması qeyd olunduğu halda aktda sayğac çıxarılarkən Cavabdeh və dövlət plomblarının yerində olması göstərilmişdir. Qeyd olunan hal isə su sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini faktiki olaraq istisna edir.
10. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, sayğacın yoxlamadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi xx.xx.2022-ci il tarixdən 14 gün əvvəl - xx.xx.2022-ci il tarixdə də Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mübahisəli sayğaca baxış keçirilmiş və göstəriciləri yoxlanılmışdır. Odur ki, sayğacın yalnız xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrdə yararsız vəziyyətdə olması ehtimalı mövcuddur. Digər tərəfdən xx.xx.2022-ci il tarixli sayğac göstəriciləri (15035) ilə xx.xx.2022-ci il tarixli sayğac göstəriciləri (15077) arasında fərqin 42 kub metr (84 manat) olmasını, eləcə də abonentin əvvəlki aylarda su sərfiyyatını (2022-ci ilin aprel ayında 150 manat, may ayında isə 200 manat) nəzərə aldıqda İddiaçı ASC-nin su sayğacının xx.xx.2022-ci il -xx.xx.2022-ci il tarixləri arası dövrdə qeydiyyata aldığı 84 manat dəyərində su sərfiyyatının İddiaçı ASC-nin əvvəlki aylar üzrə orta sərfiyyatla təxminən eyni səviyyədə olması aydın olur.
11. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli borcun sayğaca müdaxilə ilə bağlı hesablanması iddia edilsə də, həmin müdaxilə halının müəyyən edilməsi ilə bağlı keçirilmiş yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 6052 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-286/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40.26 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus smart-kart tipli su sayğacı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektin su sayğacının labarator müayinəsi həyata keçirilmiş sayğacın mexaniki göstəricisinin 15077 m3 olmaqla sayğacın elektron sərfiyyatı göstərən hissəsinin işləməməsi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə sayğacın elektron göstəricisinə uyğun olaraq cəmi 6052 manat məbləğində pul hesblanaraq ödənilməsi baradə iddiaçıya hesab faktura təqdim edilmişdir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 060012 saylı xx.xx.2002-ci il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtərinə uyğun olaraq abonent istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş xəbərdarlıq göndərilmişdir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş sübutlara baxmayaraq, bu faktlara hüquqi qiymət verməyərək yalnız iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-286/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qərarı ilə razılaşaraq qeyd edir ki, mübahisəli borcun hesablanmasına əsas olmuş yoxlama aktı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində qəbul edildiyi üçün hər hansı hüquqi qüvvəsi olmadığından borcun silinməsi barədə iddia əsaslıdır.
19. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 286/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-286/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.