Məhkəmə qərarları › İş №2-2(103)-444/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-444/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-444/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-588/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqavilə bağlanmış, həmin müqavilədə tərəflər tikintisi başa çatmış Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi, 4, zirzəmi ilə birlikdə 13 mərtəbəli ümumi sahəsi 13000 kv.m təşkil edən biznes mərkəzi binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 10 gün ərzində binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan sahənin 2 il müddətinə aylıq icarə haqqı ƏDV daxil olmaqla 2598,36 manat olmaqla icarəyə verilməsinə dair müqavilə bağlamağı razılaşdırmışlar. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən tərəflər tikintisi başa çatmış binaların AR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda alınmasından sonra 10 gün ərzindəki tarixdə başlanacaq (başlanğıc tarixi) sahənin icarəsinə dair müqavilə bağlayacaqlar. 5.3-cü bəndinə görə bu müqavilə üzrə icarə müqaviləsinin başlanğıc tarixinə yaranmış, lakin yerinə yetirilməmiş öhdəliklər tərəflər arasında icarə müqaviləsinin bağlanması zamanı tərtib edilib imzalanacaq və icarə müqaviləsinə qoşma şəklində əlavə ediləcək üzləşmə protokolunda sadalanacaqdır.

2. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ofis sahəsinə görə 29625,14 manat, mebellərə görə 3504 manat və ƏDV məbləği olaraq 16952,25 manat olmaqla ümumilikdə ƏDV daxil 50081,39 manat icarə haqqı borcu təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli müqavilə üzrə 50081,39 manat məbləğində pul və ödənilmiş 241 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı və cavabdeh arasında 15 dekabr 2022-ci il tarixində İ-15/2022 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi, 4, zirzəmi ilə birlikdə 13 mərtəbəli, ümumi sahəsi 13000 kv.m təşkil edən biznes mərkəzi binasının dövlət qeydiyyatına salınmasından sonra həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan ofis kimi istifadə üçün yararlı olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi barədə razılığa gəlinmişdir. Tərəflər müqavilənin qiyməti icarə haqqı, icarə haqqının məbləğinə daxil olan sahələrdən və xidmətlərdən istifadə hüquqları, müqavilənin qüvvədə olma müddəti, xitam şərtləri kimi mühüm şərtləri və tərəflərin qarşılıqlı öhdəliklərini müəyyən edən digər məsələləri müqavilədə aydın şəkildə göstərmişdirlər. Bundan sonra tərəflər müvafiq müqavilə üzrə 29 mart 2024-cü il tarixində 34 nömrəli qarşılıqlı üzləşmə aktını imzalamış, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya ümumilikdə 50081,39 manat (ofis sahəsi – 29625,14 manat, mebellər – 3504 manat, ƏDV – 16952,25 manat) pul məbləği borclu olduğunu və həmin məbləği tam şəkildə ödəmək öhdəliyi daşıdığını etiraf etmişdir. Yuxarıda qeyd olunan yekun məbləğ indiyədək ödənilməmiş qalmaqdadır. Mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 06 sentyabr 2024-cü il tarixdə elektron vergi portalı vasitəsilə pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

5. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 448-ci və s. maddələri göstərilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-588/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, tərəflər tikintisi başa çatmış Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi, 4, zirzəmi ilə birlikdə 13 mərtəbəli ümumi sahəsi 13000 kv.m təşkil edən biznes mərkəzi binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 10 gün ərzində binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan sahənin 2 il müddətinə aylıq icarə haqqı ƏDV daxil olmaqla 2598,36 manat olmaqla icarəyə verilməsinə dair müqavilə bağlamağı razılaşdırmışlar. Həmin müqavilə üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ofis sahəsinə görə 29625,14 manat, mebellərə görə 3504 manat və ƏDV məbləği olaraq 16952,25 manat olmaqla ümumilikdə ƏDV daxil 50081,39 manat icarə haqqı borcu təsdiq edilmişdir. İddiaçı 15 dekabr 2022-ci il tarixli müqavilə üzrə 50081,39 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktını təsdiq etdiyini, lakin həmin məbləğdən 10000 manat ödəniş etdiyini, həmçinin xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktı ilə nəzərdə tutulmuş icarə haqqı məbləğinə pandemiya dövrünün haqlarının da daxil olduğunu qeyd edir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Tərəflər arasında 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqavilə bağlanaraq Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi, 4, zirzəmi ilə birlikdə 13 mərtəbəli, ümumi sahəsi 13000 kv.m təşkil edən biznes mərkəzi binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 10 gün ərzində icarə müqaviləsinin bağlanması şərtləndirilsə də, həmin tarixdə icarə obyektinin (2018-ci il tarixdən) cavabdehdə olduğu işin mübahisəsiz halıdır. Həmçinin tərəflər arasında sonrakı tarixdə 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqaviləyə uyğun olaraq yazılı icarə müqaviləsi bağlanmasa da, münasibətlərin şifahi qaydada davam etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin, daşınar əmlakların-mebellərin də icarəsinin razılaşdırıldığı işin mübahisəsiz halıdır və üzləşmə aktı ilə təsdiq olunur. Belə olan halda məhkəmə icarə münasibətlərinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən ƏDV daxil olmaqla 50081,39 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 2018-ci il tarixdən icarə obyektindən istifadə edən cavabdeh iddia etdiyi 10000 manat məbləğində ödənişin edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh icarə haqqı borcunun pandemiya dövrü ilə bağlı yarandığına istinad etsə də, 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqavilə bağlanarkən pandemiya ilə bağlı icarə obyektləri üçün müəyyən edilən məhdudiyyətlər artıq aradan qalxmış, xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktı ilə də məhz pandemiyadan sonrakı dövr üçün, yəni xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri üçün icarə haqqı borcu təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etirazlarının əsaslı olmadığı qənaətinə gəlir. Məhkəmə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər bir vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə hesab etmişdir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalı, 50081,39 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 700.1, 700.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-588/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 08 aprel 2024- cü il tarixdə bir hissəsini kart vasitəsilə, digər hissəsini nağd olmaqla cəmi 10000 manat ödəniş edilməsinə baxmayaraq iddiaçı bunu qəbul etmir və iddia tələbinə daxil etmişdir. Bununla yanaşı mebeli təhvil vermə barədə akt, e-qaimə və s yoxdur. Azərbaycan Respublikası mülki qanunvericiliyində “fors-major” anlayışı bilavasitə nəzərdə tutulmasa da, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətin daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin birinci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməli, 2. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirilməlidir. Qarşısıalınmaz qüvvə halı icarə müqaviləsində qeyd edilməsə də, qanundan irəli gəlir . Tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Hamıya bəlli olan haldır ki, Koronavirus infeksiyası (Covid19) dünya ölkələri arasında sürətlə yayılmağa davam etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, təhsil ocaqlarında təhsil dayandırılmış, 14 mart 2020-ci il saat 00:00dan etibarən ölkə ərazisində bir sıra sosial izolyasiya tədbirləri tətbiq edilmiş, daha sonra, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş məhdudlaşdırılmışdır. Tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadiyyata mənfi təsirlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. İş yerlərində əmək fəaliyyəti böyük ölçüdə dayandırılmışdır, müvafiq kompensasiyalar təyin olunmuşdur. Daha sonra tətbiq edilən məhdudiyyətlər ölkə ərazisində hər şəxsə təsir etmişdir və hamının mövcud vəziyyətdən nəinki xəbəri olmuş, vətəndaşlar, fiziki və hüquqi şəxslər, sahibkarlar, qurumlar Pandemiyailə bağlı xəbərləri diqqətlə izləmişlər. Respublikada karantin müddətinin tətbiqi və qeyri iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılması və ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmalı idi. Lakin cavabdeh bunu “Covid-19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkün olmamasını nəzərə almamışdır. İddiaçı pandemiya dövrü üçün də icarə haqqını hazırkı borca daxil etmişdir. Halbuki həmin vaxt fəaliyyət göstərilməmiş, icarə obyektinden istifadə edilməmişdir. Cavabdeh tərəflə vəkili olaraq hüquqi yardım haqqında müqavilə xx.xx.2025-ci il tarixində imzalanmışdır. Həmin vaxtdan işlə tanış olmaq üçün vaxt istənilməsinə baxmayaraq işlə tanış olmağına, sübutlar axtarmağına, müvafiq sorğular və müraciətlər göndərməyimüçün vaxt verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, güya cavabdeh bir hissəsini nağd və digər bir hissəsini kart vasitəsilə göndərməklə ümumilikdə 10,000 manat məbləğində pulun iddiaçı “Proyekt" MMC-ə ödəmişdir. Lakin adıçəkilən pul məbləğinin həqiqətən iddiaçıya ödənilməsini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işin baxılması zamanı cavabdehə dəfələrlə belə sübutları təqdim etmək təklif olunsa da, qarşı tərəf tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Bu isə, əslində, işin qısa müddətdə baxılmasına mane olmaq məqsədi daşıyan, əsassız iddialarla vaxt udmaq cəhdlərindən başqa bir şey deyildi. Bununla yanaşı mebellərin icarə müqaviləsi bağlanarkən cavabdehə verilməsinin mübahisləndirilməsi məsələsinə gəldikdə, bu fakt cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktına əsasən öz təsdiqini tapmışdır. Həmin üzləşmə aktına əsasən cavabdehin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ofis sahəsinə görə 29625,14 manat, mebellərə görə 3504 manat və ƏDV məbləği olaraq 16952,25 manat olmaqla ümumilikdə ƏDV daxil 50081,39 manat icarə haqqı borcu təsdiq edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçı tərəfindən ona təqdim olunmuş mebeldən faktiki olaraq istifadə etmiş və bu istifadə ödənişli əsasda həyata keçirilmişdir. Bundan başqa, cavabdeh indiyə qədər bu borcun mövcudluğunu heç vaxt mübahisələndirməmiş, əksinə, qarşılıqlı üzləşmə aktını imzalamaqla borcun məhz bu məbləğdə olduğunu qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ”Proyekt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixli İ- 15/2022 nömrəli ilkin müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi, 4, zirzəmi ilə birlikdə 13 mərtəbəli ümumi sahəsi 13000 kv.m təşkil edən biznes mərkəzi binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 10 gün ərzində binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,9 kv.m olan sahənin 2 il müddətinə aylıq icarə haqqı ƏDV daxil olmaqla 2598,36 manat olmaqla icarəyə verilməsinə dair müqavilə bağlamağı razılaşdırmışlar. Hazırda iddiaçı həmin müqaviləyə istinad etməklə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arası dövr üçün yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin və mebellərin icarəsinə görə yaranmış 50.081,39 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

21. Kollegiya ilk növbədə tərəflər arasında bağlanmış “ilkin müqavilə”nin hüquqi təbiəti ilə bağlı qeyd edir ki, müqavilənin necə adlandırılmasından asılı olmayaraq onun həqiqi məzmunu müqavilədəki söz və ifadələrin hərfi mənası ilə yanaşı hər iki tərəfin həqiqi iradəsi, müqavilənin məqsədi və faktiki olaraq yaranmış münasibətlər nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı halda ilk baxışdan mübahisəli müqavilədə tərəflərin gələcəkdə - iddiaçı tərəfindən icarə sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra icarə müqaviləsinin bağlamaq öhdəliyi əks olunmuşdur. Lakin o da görünür ki, birincisi, həmin müqavilədə tərəflər icarə müqaviləsinin bağlanması üçün zəruri olan bütün mühüm şərtləri müfəssəl şəkildə razılaşdırmışlar. İkincisi, müqavilədə (5.3-cü bənd) tərəflər arasında əsas müqavilə bağlanmamışdan öncə yaranacaq öhdəliklərin üzləşmə protokolu imzalanmaqla təsdiq edilməli olması nəzərdə tutulmuşdur. Halbuki ilkin müqavilədə tərəflərin üzərinə götürdüyü öhdəlik yalnız gələcəkdə müqavilə bağlamaqdan ibarət olduğundan ilkin müqavilə əsasında tərəflərin pul öhdəliklərinin yaranması onun təbiətə ziddir. Və nəhayət, üçüncüsü, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında “ilkin müqavilə” bağlandığı tarixdən (və hətta həmin tarixdən öncə də) müqavilədə gələcəkdə bağlanacaq icarə müqaviləsinin obyekti kimi göstərilən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin faktiki istifadəsində və sahibliyində olmuşdur.

22. Beləliklə, mübahisəli müqavilənin şərtlərini müqayisəli şəkildə şərh etdikdə, eləcə də işin diqqətəlayiq halları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, mübahisəli müqavilə “ilkin müqavilə” adlandırılsa da, həmin müqaviləni bağlanarkən tərəflərin həqiqi iradələri aralarında yaranmış icarə münasibətlərinin rəsmiləşdirilməsinə yönəldilmişdir. Həmin müqavilənin ilkin müqavilə adlandırılması isə icarə obyekti olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin bağlanmasının qeyri-mümkünlüyü ilə bağlı olmuşdur. Odur ki, hazırkı halda tərəflər arasında bağlanmış “ilkin müqavilə” mahiyyət etibarilə icarə müqaviləsidir.

23. Beləliklə, kollegiya qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

24. İddiaçının ödənilməsini tələb etdiyi icarə haqqı borcunun məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya 50.081,39 manat məbləğində borcunun olması tərəflər arasında imzalanmış üzləşmə aktı ilə öz təsdiqini tapır.

25. İcarə haqqı borcundan 10.000 manat məbləğində ödəniş edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin ödəniş etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya həmin dəlillər əsassız hesab edilir.

26. Digər tərəfdən, cavabdeh icarə haqqı borcunun pandemiya dövründə yarandığına istinad etsə də, 15 dekabr 2022-ci il tarixli İ-15/2022 nömrəli ilkin müqavilə bağlanarkən pandemiya ilə bağlı icarə obyektləri üçün müəyyən edilən məhdudiyyətlər artıq aradan qalxmış, bundan əlavə xx.xx.2024-cü il tarixli 34 nömrəli qarşılıqlı üzləşmə aktı ilə də məhz pandemiyadan sonrakı dövr üçün, yəni xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri üçün icarə haqqı borcu təsdiq edilmişdir. Odur ki, kollegiya həmin dəlilləri də formal mülahizə kimi qiymətləndirir.

27. Yuxarıda göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən cavabdehdən 50.081,39 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-588/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar