Məhkəmə qərarları › İş №2-2(103)-445/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-445/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-445/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-188/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçının adına olan istixanaya (abonent kodu **********40000) əsassız olaraq borc kimi yazılmış olan 11.520,00 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına ünvan 1 ünvanında yerləşən istixana cavabdeh tərəfindən qazla təmin olunur. 2018-ci ilin aprel ayının 5-də cavabdehin əməkdaşları iddiaçının ünvanına gələrək sayğaca kənar müdaxilə olduğu və bu səbəbdən də akt tərtib olunmalı olduğunu bildirdilər. Bir müddət sonra tərəfindən müraciət edilərək həmin aktın surəti əldə olunduqda məlum oldu ki, guya akta imza atmaq ona təklif olunmuş və iddiaçı bundan imtina etmişdir. Həmin aktda isə iddiaçı tərəfindən 30 mart 2018-ci il tarixdən qaz sayğacına müdaxilə olunduğu göstərilmişdir. Halbuki, 05 aprel 2018-ci il tarixində, heç bir akt tərtib etmədən, sadəcə qaz xəttini kəsərək getmiş, heç bir akt ona təqdim olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-188/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilən zaman İddiaçı məxsus qeyri yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş qanunsuz istifadə faktı əməkdaşlarımız tərəfindən müvafiq qaydada 30.03.2018-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz kəmərinə qanunsuz müdaxilə edərək təbii qazı talamışdır.Bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən itirilmiş qazın bərpası üçün iddiaçının istifadəsində olan qaz cihazlarının maksimal qaz sərfinə uyğun olaraq hesabat aparılmış və 11520 manat məbləğində itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Abonent saldosundan da göründüyü kimi qanunsuz xətt ləğv edildikdən sonra istehlakçının ay ərzində etdiyi ödənişlər iki dəfə artıq olmuşdur. İddiaçı tərəfin təbii qazdan qanunsuz istifadə etməsi sübuta yetirilsədə məhkəmə buna baxmayaraq “Sahibkarlıq sahəsində aprılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq borcun silinməsinə və dövlət əmlakının talanmasına səbəb olan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən aşağıdakı faktiki halları müəyyən olunur. Tərəflər arasında bağlanmış 13 oktyabr 2017-ci il tarixli, 3114-10-17 saylı “qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus istixana qazla təchiz olunur. Cavabdeh Birliyin Bakı X6 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında inventar aktda təsbit olunanlardan isə görünür ki, iddiaçıya məxsus Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən obyektə 30.03.2018-ci il tarixində baxış keçirilən zaman istixanada təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi faktı aşkarlanmış və həmin akt departamentin əməkdaşları tərəfindən həmin akt imzalanmış və abonent İddiaçı isə aktı imzalamaqdan imtina etmişdir. Eyni zamanda, işdən görünür ki, cavabdehin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatda bildirmişdir ki, Birliyin əməkdaşları tərəfindən istixanaya baxış keçirilərkən ola bilsin, tərtib edilmiş akda qazdan qanunsuz istifadə olunma müddəti düzgün göstərilməmişdir, amma qanunsuz istifadə faktı açıq-aşkar mövcuddur. Yoxlamanın qeydə alınması isə həmin vaxt mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfindən istixanadan xeyli aralıda yerləşən sayğaca baxış keçirilmişdir. Əgər istixananın özünə baxış keçirilsə idi, o zaman yoxlama reyestrdə qeydə alınmalı idi. Eyni zamanda, məhkəmədə şahid qismində dindirilən, cavabdehin qeyd edilən Departamentin Qazın Balansı və Satışı şöbəsinin böyük mühəndisi X2 ifadəsində aşağıdakıları bildirmişdir: -“...iddiaçıya məxsus istixanaya baxış keçirilən yalnız Cavabdeh İB-nin üç əməkdaşı iştirak edirdi. Qarşı tərəfdən heç kəs yox idi. Həmin ərazidə 4-5 ədəd istixana var idi. Lakin onların hamısı fəaliyyət göstərmirdi. Kənar xətt aşkar edilən kimi müvafiq şəxslərə müraciət edildi və elə həmin vaxt da gəlib qanunsuz xətti kəsib götürdülər. Həmin istixananın yerləşdiyi yer Kiləgər qaz paylayıcı stansiyasının balansındadır, ünvanı mövcud deyildir. Onlar istixananın özünə deyil, təxminən 1 km aralıda yerləşən ərazidə sayğaca baxış həyata keçiriblər...” Eyni zamanda, həmin şöbənin məhkəmədə şahid qismində digər əməkdaşı X1 ifadəsində bildirmişdir: - “...qaz paylayıcı stansiyaya yaxın ərazidə istixanaya məxsus sayğaca baxış keçirən zaman sayğacın giriş-çıxış hissəsinin arasında sayğacdan əlavə kənar xətt aşkar edildikdən sonra kənar xəttin şəkilləri də çəkilmişdir. Həmin kənar xətt istixanadan çox aralıda yerləşir. İddiaçıya məxsus istixananın sayğacı mənbədə quraşdırılmışdı. Qaz xəttini kəsdikdən sonra abonentin özü də gəldi. Həmin gündən qaz təminatı dayandırıldı. Həmin ərazidə çoxlu istixanalar var idi...” Cavabdehin qeyd olunan aktından, nümayəndəsinin izahatı və əməkdaşlarının qeyd olunan şahid ifadələrindən göründüyü kimi, iddiaçıya məxsus istixanaya verilən qaz xəttinə 30.03.2018-ci il tarixində iddiaçının iştirakı olmadan, baxış keçirilərkən qaz sayğacının istixanadan 1 km aralıda olduğu və sayğacın giriş-çıxış hissələri arasında sayğacdan kənar əlavə xətt aşkar edildiyi qeyd olunsa da, həmin kənar xəttin, məhz iddiaçıya məxsus istixanaya getdiyi və orada istifadə olunması barədə təsdiqedici mötəbər məlumatların mövcudluğu müəyyən olunmur. Digər tərəfdən iş materiallarınə əlavə olnumuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9744 saylı 27 may 2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən də görünür ki, Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən iddiaçıya məxsus istixananı təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Rəydən görünür ki, həmin ekspert rəyə gələrkən ekspert tərəfindən tədqiqat obyektinə baxış keçiriləməklə hərtərəfli tədqiqat aparılmış, fotoşəkillər çəkilmiş, aşkar olunan hallar ümumiləşdirilərək qeyd olunan nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ekspertin gəldiyi həmin nəticəni sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Beləliklə də qeyd olunanlar baxımından, iddiaçının sayğacdan kənar əlavə qaz xəttindən istifadə etməsi, bnunula da cavabdehə maddi zərər vuran hüquqa zidd hərəkətlərinin mövcudluğu sübuta yetirilmir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbindən isə görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericilyin qeyd olunan tələbindən göründüyü kimi, hüquqazidd hərəkət törətməkdə təqsiri olmayan şəxsin mülki məsuliyyti istisna olunur. Digər tərəfdən qeyd edilməlidir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat obyektində aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalara uyğun olmamışdır. Belə ki, «Qazdan istifadə Qaydalarının» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB tərəfindən - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan yoxlama ( baxış) – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından, o cümlədən, cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçıya məxsus istixanaya gedən qaz xəttinin və sayğacın yoxlanılması zamanı qanunvericilyin qeyd olunan tələblərinə riayət olunmamış, yoxlama (baxış), əvvəlcədən, Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq bu cür baxışın hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Beləliklə də yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, itirilmiş qazın bərpası barədə 30 mart 2018-ci il tarixli hesabatla cavabdeh tərəfindən iddiaçıya itirilmiş qaz sərfiyyatı kimi 57600 kub.m (11.520,00 manat) həcmində zərər məbləği hesablanması qanunsuz və əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını - işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegtiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-188/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-188/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar