Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-445/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-423/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 31 may 2022-ci il tarixdə TİC-22- AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqavilə bağlanmış, iddiaçı qanuni əsaslarla ona məxsus olan müqaviləyə əsasən göstərilən maşın-mexanizmləri və avadanlıqları cavabdehin icarəsinə verməyi, cavabdeh isə həmin avadanlıqlardan təyinatına uyğun olaraq istifadə etməyi və müqaviləyə uyğun olaraq aylıq icarə haqqını tərtib olunmuş akta əsasən ödəməyi və ödəmə mənbəyindən tutulan vergini ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və 2 aylıq bağlanmışdır. Daha sonra müqavilənin müddəti və maşın-mexanizm və avadanlıqların növləri ilə bağlı müqaviləyə 1 nömrəli əlavə bağlanmış, müqavilənin müddəti 31 mart 2023-cü il tarixədək uzadılmış, maşın növlərinə əlavələr edilmişdir. Adıçəkilən müqavilə üzrə xx.xx.2022-ci il tarixli hesab-faktura və EBBZ 467669 seriya və nömrəli elektron qaimə tərtib edilmiş və icarə haqqı ƏDV daxil 20768 manat müəyyən edilmişdir. Həmin icarə haqqının 5000 manatı avans ödənişi qaydasında xx.xx.2022-ci il tarixdə, qalan hissəsi isə xx.xx.2022-ci il tarixdə 10000 manat və xx.xx.2022-ci il tarixdə 2600 manat olmaqla tam ödənilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli aktlar, xx.xx.2022-ci il tarixli hesab-faktura və EBCG 657108 seriya və nömrəli elektron qaimə tərtib edilmiş və icarə haqqı ƏDV daxil 15280,99 manat müəyyən edilmişdir. Həmin icarə haqqı üzrə xx.xx.2022-ci il tarixdə 2949,99 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat və xx.xx.2022-ci il tarixdə 3000 manat olmaqla ödənişlər edilmiş, 3000 manat qalıq borc qalmışdır. Hər iki elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 468 manat və 2331 manat olmaqla ƏDV tam ödənilmişdir.
3. Cavabdeh adıçəkilən müqavilə üzrə cəmi 3000 manat borcun mövcud olduğunu qəbul edir, lakin xx.xx.2023-cü il tarixli aktın cavabdehin möhürü ilə möhürlənmədiyini, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimənin C.Pirişov adlı şəxs tərəfindən imzalandığını bildirərək 16520 manat icarə haqqı borcunu qəbul etmir.
4. İddiaçı cavabdehin etiraf etdiyi 3000 manat məbləğində icarə haqqı borcu ilə yanaşı həmçinin xx.xx.2023-cü il tarixli akt, hesab-faktura və xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 16520 manat pulun cavabdehdən tutulmasını tələb edir.
5. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 31 may 2022-ci il tarixli TİC-22-AC- İO004 nömrəli müqaviləyə əsasən istifadəyə verilmiş avadanlıqlar və iş günləri göstərilmiş, həmin akt iddiaçının direktoru tərəfindən imzalanmış və iddiaçının möhürü ilə möhürlənmiş, cavabdehin direktoru X2 tərəfindən imzalanmış, lakin “X1” MMC-nin möhürü ilə imzalanmışdır; xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, 2520 manat ƏDV daxil olmaqla iddiaçı tərəfindən 16520 manat icarə haqqı hesablanmışdır; xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla 16520 manat icarə haqqın üçün həmin qaimə-faktura tərtib edilmiş, iddiaçının direktoru tərəfindən imza edilmiş və iddiaçının möhürü ilə təsdiqlənmiş, cavabdehin möhürü ilə təsdiqlənmiş, C.Pirişov adlı şəxs tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 31 may 2022-ci il tarixli maşınmexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə 2520 manat ƏDV, 17000 manat əsas borc, 6642 manat penya və əsas borca illik 5 faizlə hesablanmaqla 974 manat olmaqla ümumilikdə 27136 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22- AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsinə əsasən iddiaçı qanuni əsaslarla ona məxsus olan müqavilədə göstərilən maşın-mexanizmləri və avadanlıqları cavabdehin icarəsinə verməyi, cavabdeh isə həmin avadanlıqlardan təyinatına uyğun olaraq istifadə etməyi və müqaviləyə uyğun olaraq aylıq icarə haqqını tərtib olunmuş akta əsasən ödəməyi və ödəmə mənbəyindən tutulan vergini ödəməyi öhdəsinə götürmüşdür. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bağlanan 31 may 2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli 1 nömrəli müqaviləyə əlavəyə əsasən hesablanmış icarə haqqı borcunu dəfələrlə xəbərdarlıq edilsə də, bu günədək ödəməmişdir. Belə ki, xəbərdarlıq məktubunu cavabdeh iki aydan artıqdır, alsa da, ötən müddət ərzində ödənişlər edilməmiş, həmçinin mediasiya sessiyasına iştirak edilməmişdir. Ona görə də icarə haqqı borcunun alınması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 424.5, 700.1-ci və s. maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsi göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-423/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli maşın mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə 2520 (iki min beş yüz iyirmi) manat ƏDV daxil olmaqla 19520 (on doqquz min beş yüz iyirmi) manat əsas borc, 980 (doqquz yüz səksən) manat dəbbə pulu olmaqla ümumilikdə 20500 (iyirmi min beş yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən qeyd etmişdir ki, 31 may 2022-ci il tarixli TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə hər ay üçün icarə haqqının müəyyənləşdirilməsi prosesində bir qayda olaraq akt, hesab-faktura və elektron qaimələr tərtib edilmişdir. Həmin sənədlərdən hesab-fakturalar birtərəfli qaydada, elektron qaimə və aktlar isə ikitərəfli qaydada təsdiq olunmuşdur. Cavabdeh elektron qaimə nömrələrinə istinad edərək köçürmə yolu ilə icarə haqqını ödəmişdir. Bu mənada mübahisələndirilən icarə haqqının (16520 manat) müəyyənləşdirilməsi üçün də birtərəfli qaydada xx.xx.2023-cü il tarixli hesab-faktura, ikitərəfli qaydada xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimə və xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli akta müqavilədə, ona 1 nömrəli əlavədə və digər aktlarda olduğu kimi, X2 imza etmiş, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə isə cavabdehin möhürü vurulmuşdur.
10. Cavabdehin nümayəndəsi və vəkilinin xx.xx.2023-cü il tarixli akta “X1” MMC-nin möhürünün vurulması (X2 tərəfindən imza edilsə də) və xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə C.Pirişov adlı şəxsin imza etməsinin (cavabdehin möhürü vurulsa da) 16520 manat icarə haqqının əsassızlığına dəlalət etdiyi barədə mövqeyi ilə məhkəmə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə cavabdehin möhürü vurulmuşdur. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli akta “X1” MMC-nin möhürünün vurulması məsələsi işin nəticəsinə birbaşa təsir etmir. Lakin qeyd edilməlidir ki, cavabdeh ilə “X1” MMC-nin hazırkı qanuni təmsilçilərinin eyni şəxs olması (Qanuni nümayəndə) həmin akta digər şəxsin möhürünün yanlışlıqla vurulması ehtimalını istisna etmir.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
12. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsinin 2.1.6-cı bəndinə əsasən, icarəçi hazırkı müqavilə üzrə maşın-mexanizmlərin və avadanlıqların icarə haqqını icarəyə verənə müəyyən olunmuş müddət ərzində ödənilməsini ləngidərsə, icarəçi hər ötən gün üçün müqavilə dəyərinin 0,01%-i həcmində cərimə ödəməlidir. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə, sonuncu elektron qaimə də xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir
13. Məhkəmə icarə müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsi istisna olunur. İddiaçı 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsinin 2.1.6-cı bəndindən çıxış edərək daha böyük məbləğ tələb etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-423/2024 nömrəli qətnaməsini dəyişdirilərək iddia tələbinin qismən təmin edilməsinə, cavabdehdən 3000 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə qismən razıyıq və aşağıdakı səbəblərdən iddia qismən təmin edilməlidir. İddia tələbində göstərildiyi kimi, həqiqətən də iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TİC-22-AC- İO-004 nömrəli icarə müqaviləsi və onun xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəsi mövcuddur. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İddiaçı iddia tələblərinin faktiki əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TİC-22-AC-İO-004 saylı müqavilə və xx.xx.2022-ci il tarixli 1 nömrəli müqaviləyə əlavəyə istinad etsə də, göstərilən müqavilə əsasında tərtbi etdiklərini iddia etdikləri xx.xx.2023-cü il tarixli akt başqa hüquqi şəxs tərəfindən imzalanıb möhürləndiyindən və cavabdeh tərəfindən təsdiq edilmədiyindən hazırkı iş üzrə mötəbər sübut deyil. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə də tərəflər arasında bağlanmış akt əsasında tərtib olunduğundan hazırkı iş üzrə mötəbər sübut qismində qəbul olunmamalıdır.Həmin elektron qaimə müstəqil şəkildə borc öhdəliyini yaradan sənəd deyildir və müqavilə şərtlərində icarə haqqı məbləğlərinin tərəflər arasında imzalanmış aktla təsdiq edilməsi birbaşa razılaşdırılmışdır. İş materiallarından görünür ki, mübahisələndirilən müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar üzrə iddiaçıya ümumilikdə 30549,99 manat əsas borc ödənilməli olduğu halda cəmi 27549,99 manat ödənilmişdir. Əlavə dəyər vergisi üzrə ödənilməli 5499 manat isə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən hesab edirik ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə əsas borcun əvəzi olaraq 3000 manat (30549.99 manat – 27549.99 manat) vəsait tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə (iddia verilərkən qüvvədə olmuş redaksiyada) - borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin icarə müqaviləsi üzrə öhdəliklərin icrası gecikdirilərkən qüvvədə olan redaksiyası). 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən 16520 manat əsas borcun, 980 manat dəbbə pulunun tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-423/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 31 may 2022-ci il tarixdə TİC-22- AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə maşınmexanizmlər və avadanlıqlar icarəyə verilmişdir.
22. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddianı 3000 manat əsas borcla bağlı hissədə qəbul etmiş, 16520 manat icarə haqqı borcu ilə bağlı sübut qismində təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktı cavabdehin möhürü ilə möhürlənmədiyi üçün və həmin akt əsasında göndərilmiş xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməni (C.Pirişov adlı şəxs tərəfindən imzalanmış) qəbul etmir.
23. İş materiallarının 40-cı vərəqinə surəti əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin akt cavabdehin səlahiyyətli şəxsi, Cavabdeh direktoru X2 tərəfindən imzalanmışdır. Aktdakı imzanın cavabdehin direktoruna aid olması mübahisələndirilmir. Aktın məzmununda tərəflər arasında bağlanmış 31 may 2022-ci il tarixli icarə müqaviləsinə istinad edildiyindən və həmin aktın Cavabdeh MMC-nin direktoru X2 tərəfindən təsdiq ediləcəyi qeyd edildiyindən imzanın üzərinə “X1” MMC-nin möhürünün vurulması düzgün olaraq məhkəmə tərəfindən yanlışlıq olaraq qəbul edilmişdir. Məhkəmə eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə hüquqi şəxsin direktoru tərəfindən təsdiq edilmiş sənədin yalnız möhürlə təsdiq edildiyi təqdirdə etibarlı olduğuna dair tələb mövcud deyil.
24. Bundan əlavə qeyd edilən xx.xx.2023-cü il tarixli akt cavabdehin iradə ifadəsinə uyğun deyildisə və səlahiyyət olmayan şəxs tərəfindən təsdiq edilmişdisə cavabdeh həmin akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimənin hansı səbəbdən Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilməsinin məntiqi izahını verə bilməmiş, bu qaimənin ləğv edilməsi üçün qarşı tərəfə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MM-nin 700.1, 385.1-ci, 465.2-ci maddələrinə əsasən cavabdehdən iddiaçının xeyrinə 16520 manat əsas borcun, icarə müqaviləsinin 2.1.6-cı bəndinə əsasən 980 manat dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. İşə baxmış məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 423/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-423/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.