Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-446/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı satış mərkəzi ilə cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya olan 31.864,27 manat əsas borc və 5.735,27 manat ƏDV olmaqla ümumilikdə cəmi 37.599,54 manat borc, 1.879,95 manat faiz borcu, 10.000 manat əldən çıxmış faydanın, ödənilmiş 40 manat dövlət rüsumunun, mediatora ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 220 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.02.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin Bakı satış mərkəzi ilə Cavabdeh MMC arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31.864,27 manat əsas borc, 5.735,27 manat ƏDV borcu, vəkilin göstərdiyi yardıma görə 220 manat və mediasiya xərcinə görə 182,38 manat, cəmi 38.001,92 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.3-cü maddəsinə görə, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir; 8.6-cı maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur; 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşdə olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18.10.2021-ci il tarixli 2021-004104 nömrəli arayışla təsdiq edilir ki, iddiaçı ilkin medasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğdə mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə uyğun hesablama apardıqda məlum olur ki, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 238,40 manatdır (120 manat + (49.479,49 - 10.000 = 39.479,49 x 0,3%), iddiaçı da dövlət rüsumu ödəyərkən “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələbinə nəzərən ödənilməli dövlət rüsumu məbləğindən ilkin mediasiya sessiyasında çəkdiyi xərci çıxmaqla 39.60 manat məbləğdə rüsum ödəmişdir. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, cavabdeh qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq, “birinci instansiya məhkəməsinə müraciət edilərkən ... müəyyən edilmiş dövlət rüsumunun 50 faizi”, yəni 119,20 manat (238,40 x 50%) məbləğdə dövlət rüsumu ödəməli olduğu halda, 21 manat məbləğdə dövlət rüsumu ödəmişdir. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-388/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-446/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-446/2022
08.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver