Məhkəmə qərarları › İş №2-2(103)-446/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-446/2023

18.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-446/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2-2(113)-732/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şimşek Kənana və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmiyyət tərəfindən ödənilməli olan dividendlərin hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh Kənan Şimşek 22 iyul 2014cü il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Rəsmi nikahda olduğu dövrdə cavabdeh 07 dekabr 2016-cı il tarixdə Cavabdeh2 MMC təsis etmiş və cəmiyyətin təkbaşına icra orqanı olan direktor vəzifəsini özü icra etmişdir. İddiaçı və cavabdehin rəsmi nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli e-2(006)- 659/2021 nömrəli qətnaməsi ilə pozulmuş və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölüşdürülmüşdür. Həmin qətnaməyə əsasən cəmiyyətin cavabdehin mülkiyyətində olan tam təsis payı tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bölünmüş və iddiaçı cəmiyyətin nizamnamə kapitalındakı payın əlli faizinin mülkiyyətçisi kimi tanınmışdır. Cavabdeh cəmiyyətin təsis payının bölünməsi hissəsi də daxil olmaqla məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2(103)-5343/2021 nömrəli qətnamədə cavabdehin iddiasını aliment hissəsi istisna olmaqla təmin etməmişdir. Bu iş üzrə digər mərhələlərdə cəmiyyətin payının bölünməsi məsələsi mübahisələndirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində cəmiyyətin təsisçisi (iştirakçısı) kimi dövlət qeydiyyatına alınmışdır. 16 mart 2022-ci il tarixində cəmiyyətin fəaliyyəti onun direktoru və təsisçisi olan cavabdeh tərəfindən cəmiyyətin yenidən təşkili və onun təşkilati-hüquqi formasının dəyişdirilməsi səbəb göstərilməklə 31 dekabr 2050-ci il tarixinədək dayandırılmışdır. İddiaçı cəmiyyətin təsisçisi kimi dövlət qeydiyyatına alındıqdan sonra təsisçi (iştirakçı) və birgə nikah dövründə əldə olunmuş əmlakın mülkiyyətçisi olaraq öz hüquqlarını həyata keçirmək məqsədilə cəmiyyətin maliyyə məlumatlarının təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və cəmiyyətin təkbaşına icra orqanı olan direktor vəzifəsini icra edən cavabdehə müraciət etmişdir. Müvafiq olaraq, 16 may 2022-ci il və 25 may 2022-ci il tarixli cavab məktublarında iddiaçının bu müraciəti rədd edilmişdir. İddiaçının cəmiyyət tərəfindən cavabdehə ödənilməli olan dividentlərə olan hüququ cəmiyyət təsis edildiyi tarixdən mövcud olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2-2(113)-732/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3 və 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, cəmiyyət tərəfindən ödənilməli olan dividendlərin hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2-2(113)-732/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar