Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-449/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-461/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********00085 saylı abonent kodu üzrə Cavabdeh İB tərəfindən hesablanmış 1335,50 manat məbləğində borcun cavabdeh silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək həmin aktın nöqsan bölməsində “Sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri var” barədə qeyd aparılmış, həmçinin 19 mart 2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” akt tərtib edərək faktiki istifadə edilən 28260056 nömrəli sayğacı yenisi ilə əvəzləmişlər. Bundan sonra, Cavabdeh İB “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası”nın sədri 31 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 19 mart 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən tarixsiz qərar qəbul etmişdir. Həmin qərara əsasən 6480 kub.m. qazın sərfiyyatı qeyd edilmiş, həmçinin sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi qərara alınmışdır. Cavabdeh İB-nin MS-29/1640-010541-86 saylı aktının 1-ci sırasında 28260056 nömrəli sayğaca dair “sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri var” barədə qeyd aparılıb. Həmçinin sayğacın qaz yükləmə kartına (smartkart) blok qoyulmuş, nəticədə qaz limiti bitdiyi üçün yenidən qaz yükləməsi mümkün olmamışdır. Cavabdeh İB-nin iddiasına görə sayğaca müdaxilə edilmişdir. Lakin onların tərtib etdikləri akt və digər sənədlərdə müdaxilənin forması müxtəlif göstərilmişdir. Belə ki, bəzi sənədlərdə sayğaca müdaxiləni “sayğacda əziyin aşkarlanması”, digər sənədlərdə “sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri” və sair kimi rəsmiləşdiriblər. Bundan başqa, quraşdırılan G-6 markalı mexaniki qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Cavabdeh İB-nin işçiləri “aşağı sərfiyyatın qeydə alınmasından” şübhələnərək 19 mart 2020-ci il tarixdə ******* saylı akt tərtib edərək qaz sayğacını xətdən ayırmışlar. Sayğac çıxarılarkən sayğacın üzərinə vurulan plomblar normal vəziyyətdə olmuşdur. Belə ki, aktda plombların qırılması barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa, 19 mart 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin qaz xətti üzərinə həmin gün əvəzləyici G-6 markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. Əvəzləyici qaz sayğacının son göstəricisi 0 olmuşdur. G-6 markalı mexaniki qaz sayğacı açılarkən və əvəzləyici G-6 markalı sayğac quraşdırılan zaman istehlakçının özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamışdır. Tərtib edilmiş aktda cavabdehin işçiləri sayğacların dəyişdirilməsinin səbəbi kimi “əziyin aşkarlanması” qeyd etmişlər. Sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasında yoxlanılan zaman istehlakçı və ya onun nümayəndəsi araşdırmaya cəlb edilməmiş, mövqeyini bildirməsinə imkan yaradılmamışdır. Hesablanmış borc və yönəlmiş tələb qeyrimötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğacın yararsız hala düşdüyü qəbul edilsə belə, bunu onun qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-461/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00085 saylı abonent kodu üzrə hesablanmış 1296 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-461/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə əslində iddianın təmin edildiyi hissədə mübahisələndirilir və iddia tələbinin rədd edilməsi xahiş olunur. Bu səbəbdən məhkəmə apellyasiya şikayətinin tələb hissəsində qeyd edilənləri texniki səhv hesab edir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayğaca müdaxilə edilməsini qəbul etmiş, lakin həmin müdaxilənin məhz onun təqsiri üzündən baş verdiyini qəbul etməmişdir. İstahlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyırlar. Məişət qaz qurğularının istifadəçisi üçün qaz sayğacı qaz paylayıcının hesabına, sənaye qaz qurğusunun istifadəçisi üçün istehlakçının hesabına təchiz edilir. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi özləri daşıyırlar. İddiaçı saunada təbii qazdan gəlir əldə etmək üçün istifadə etməklə sənaye qaz qurğusundan istifadə edən abonentdir. Məhkəmə iddiaçını əhali abonenti hesab etməklə Qaydaların tətbiq edilməsində səhv nəticəyə gəlmişdir. Göründüyü kimi CavabdehİB-nin işçiləri sayğaca müdaxilə halı aşkar edildikdə qanunvericiliyə uyğun hərəkət edərək abonent üçün itirilmiş təbii qazın ziyanını hesablamışlar (müqavilənin 3.3-cü bəndi). Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmiş, iddiaçıya əhali abonenti üçün nəzərdə tutulan qaydaları tətbiq etmişdir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar qiymətləndirilməmişdir. Məhkəmə işdə olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə nu düzgün qəbul etməmiş, iddiaçı qeyri-əhali abonenti olduğu halda qətnamədə ona əhali abonenti üçün nəzərdə tutulan qaydalar tətbiq edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbuki, sayğacın çıxarılması qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır. İddiaçı qeyri-əhali abonenti olduğu halda Qətnamədə ona əhali abonenti üçün nəzərdə tutulan qaydalar tətbiq edilmişdir. İşə apelyasiya qaydasında baxılması 11.05.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2- 2(113)-461/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 19.03.2020-ci il tarixli, ******* saylı akta əsasən sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzik işləri olduğu, plastmas qapaq istilik nəticəsində qismən əridiyi və xətaların normaya uyğun olmadığı, dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi qeyd olunuşdur. 31.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının nominal saatlıq qaz ötürmə gücünün 6 kub.m. satt orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Abonent saldosuna əsasən İddiaçı akta görə 1296 manat borc hesablanmışdır. İddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, 19.03.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı 1296 manat borc hesablanmışdır. Birinci instansiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzik işləri olması və plastmas qapaq istilik nəticəsində qismən əridiyi və xətaların normaya uğun olmaması və bununla zərərin hesablanması arasında hansı səbəbli əlaqənin olması cavabdeh tərəfindən əsaslandırılmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia rədd olunmalıdır. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh tərəfindən aparılan yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması onun hüquqi nəticələrinin qanunsuz hesab edilməsinə əsas olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-461/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-461/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-449/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-449/2022
11.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver