Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-45/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndələri X3 və X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1267/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" İKB ASC (indiki İddiaçı ASC) (kreditor) ilə Cavabdeh Ağağül oğlu (borc alan) arasında bağlanmış 26 iyul 2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 aya 100.000 manat kredit xətti açılmışdır.
2. "xxxx" İKB ASC (indiki İddiaçı ASC) (kreditor) ilə Cavabdeh Ağağül oğlu (borc alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 (Ə1) saylı əlavə kredit müqaviləsinə əsasən kreditor Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi üçün borc alana kreditin müddəti 60 ay (24 ay güzəşt müddəti) olmaqla, 90.000 manat məbləğində kredit vermişdir.
3. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. 6.5-ci bəndinə görə bu müqaviləyə əsasən, borc alana verilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti olan kredit məbləği Xidmət tərəfindən geri tələb olunarsa bank Xidmət qarşısında öhdəliyini yerinə yetirdikdən sonra kredit müqaviləsi üzrə müəyyən edilmiş illik faiz dərəcəsini tələb olunma tarixindən etibarən illik 25% hesablayacaqdır. 7.3-cü bəndinə əsasən borc alan bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini 60 ay ərzində müqavilənin ayrılmaz və tərkib olan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
4. Ödəniş cədvəlinə əsasən Cavabdeh Ağağül oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 90.000 manat, faizin məbləği 22.382,50 manat, cəmi ödəniləcək məbləğ 112.382,50 manat məbləğində müəyyən edilmişdir.
5. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu, Qəçrəş yolu yaşayış massivində 0,116 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh Ağağül oğlunun adına qeydiyyata alınmışdır.
6. "xxxx" İKB ASC (ipoteka saxlayan), Cavabdeh Ağağül oğlu (ipoteka qoyan-borc alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan tam mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 1.3-cü bəndində göstərilən əmlakı xx.xx.2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər.
7. Müqavilənin 1.2-ci bəndinə əsasən ipotekanın predmeti Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 190.000 manat dəyərində qiymətləndirilir. 3.2-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 100.000 manat məbləğində veriləcək kredit limitinin və ona hesablanmış faizlərin məbləğindədir. 3.3-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməlidir. 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 15 faiz müəyyən edilmişdir. 9-cu bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh Ağağül oğlunun mülkiyyət hüququ "xxxx" İKB ASC (indiki İddiaçı ASC) qarşısında xx.xx.2016-cı il tarixdə ipoteka ilə yüklü edilmişdir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh Ağağül oğluna xx.xx.2021-ci il tarixli, KBD15579 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və borc alan (Cavabdeh Ağağül oğlu) tərəfindən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh Ağağül oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixinə əsas borcu 7.746,91 manat, faiz borcu 880,84 manat, cərimə borcu 2.127.85 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 536,85 manat olmaqla cəmi borc 11.292,45 manat (kreditin bitmə tarixinə (xx.xx.2021-ci ilə) əsas borc qalığı 7.746,91 manat və faiz borcu üzrə qalıq 139,71 manat) təşkil edir.
13. İddiaçı ASC tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh Ağağül oğlu sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
14. "xxxx" MMC-nin 25 may 2023-cü il tarixli, LP-063/2023 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 198.000 manat, likvid qiyməti 190.000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 7.746,91 manat əsas borc, 880,84 manat faiz, 2.127,85 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 536,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11.292,45 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətində olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyul 2016-cı il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən (indiki İddiaçı ASC) 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. 26 iyul 2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən (indiki İddiaçı ASC) illik 7%-lə 60 ay müddətinə 90.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 26 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 12 dekabr 2022-ci il tarixədək Cavabdehnın 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 7.746,91 manat əsas, 880,84 manat faiz, 2.127,85 manat cərimə borcu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 536,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11.292,45 manat borcu vardır. İddiaçı ASC ilə Cavabdeh arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
17. xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yelo Bank" ASC tərəfindən Cavabdeh Ağağül oğluna mənəvi ziyan olaraq 15.000 manatın ona ödənilməsi, Cavabdeh Ağağül oğlu ilə “Yelo Bank" ASC arasında bağlanmıs əsas və əlavə kredit müqavilələri əsasında verilmiş kredit borcu üzrə “Yelo Bank" ASC-nin e-2-2(113)-1267/2023 nömrəli kommersiya işi üzrə iddia tələbinin əsassız olduğuna görə işin məhkəmə icraatına xitam verilməsi, Cavabdeh Ağağül oğlu ilə “Yelo Bank" ASC arasında bağlanmış əsas və əlavə kredit müqavilələrinin və bu kredit müqavilələri üzrə öhdəliklərin təminat üsulu olan Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçreş yolu ünvanında yerləşən fərdi yaşayış evinin üzərindən yüklülüyü götürülməsi və ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağağül oğlunun qarşılıqlı iddia üzrə cavabdeh “Yelo Bank" ASC-yə qarşı tərəflər arasında bağlanmış əsas və əlavə kredit müqavilələri əsasında verilmiş kredit borcu üzrə qarşılıqlı iddia üzrə iddiaçının adına cari, ssuda (kredit), faiz və dəbbə (cərimə) hesablardan çıxarışların (zəruri sənədlərin) verilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1267/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk iddia qismən təmin edilmiş, ilk Cavabdeh kredit müqaviləsi üzrə 6.371,36 manat əsas borc, 96,63 manat faiz borcu, 350 manat məbləğində dəbbə pulu, xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün illik 5% hesabı ilə 438 manat məbləğində faiz, cəmi 7255,99 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 150 manat və işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq ilkin İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ilkin Cavabdeh mülkiyyətində olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121,7 kv.m. 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 190.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması, Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılması və evin boşaldılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
20. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/2595 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Ağağül oğlunun hesabdan çıxarış məlumatları, 28xx.xx.2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 (Ə1) nömrəli krеditi müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh Ağağül oğlunun İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (kreditin müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 6.371,36 manat, faiz borcu 96,63 manat olmaqla cəmi borc 6.467,99 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı (əvvəlki adı ASC "xxxx" İKB ASC) (kreditor) ilə ilk Cavabdeh Ağağül oğlu (borc alan) arasında bağlanmış 26 iyul 2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında tərəflər arasında bağlanmış eyni tarixli 1- KTKDX-1-0-79-16 (Ə1) saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Z.X2 Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi üçün borc alana kreditin müddəti 60 ay (24 ay güzəşt müddəti) olmaqla, 90.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC ilkin Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə 90.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
22. Mübahisəli müqavilələr üzrə əsas və faiz borclarının məbləğləri işin mübahisəli halını təşkil etdiyindən həmin borc məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh Ağağül oğlunun İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (kreditin müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 6.371,36 manat, faiz borcu 96,63 manat olmaqla, cəmi borc 6.467,99 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
23. Məhkəmə ilkin Cavabdeh 26 iyul 2016-ci il tarixli, KTKDX1-0-79-16 (Ə1) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC cavabdehdən 6.371,36 manat əsas borc, 96,63 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
24. Məhkəmə ilk iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh Məmmədov Elbrus Qibləli oğlunun kredit müqavilələri ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilələrdə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 350 manat məbləğində müəyyən edilməlidir.
26. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. Məhkəmə iddianın müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablamış faizin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyi ilə müqavilə müddətinin bitdiyi tarixə əsas borcun 6.371,36 manat olması müəyyən edildiyindən iddia ərizəsində göstərilən müddət üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) illik 5 % olmaqla faiz borcu 438 manat təşkil edir (6.371,36x5%:12 ay x 16,5 ay=438).
28. Məhkəmə ilk iddia üzrə iddiaçının borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə münasibətdə araşdırılma zamanı müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli, 1-KTKDX-1-0-79-16 saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh Ağağül oğlu (ipoteka qoyanborc alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
29. Məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh Ağağül oğluna qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ ümumi qaydada cavabdehdən tutulmalıdır.
30. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmeti olan əmlakın bazar qiymət və likvid dəyərlərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 190.000 manat məbləğində müəyyən edilməlidir.
31. İddianın ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi və istifadə hüquqlarınını itirilmiş hesab olunması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır.
32. Eyni zamanda ipoteka predmeti olan evə istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ yoxdur.
33. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd etmişdir ki, keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə əsas və əlavə kredit müqavilələri üzrə öhdəliklərin borc alan tərəfindən tam şəkildə icra edilməməsi və borc alanın həmin müqavilələr üzrə ödənilməmiş əsas və faiz borcunun olması müəyyən edildiyindən iddiaçınnı istinad etdiyi əsasla kredit müqavilələrinin, ipoteka müqaviləsinin ləğv edilməsi, eləcə də ipoteka yüklülüyünün götürülməsi hissəsində iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
34. İddianın əsas və əlavə kredit müqavilələrinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərərək əsas kredit müqaviləsi əsasında yaranmış borcun vaxtından əvvəl ödənilməsini tələb etməklə həmin müqavilənin birərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini sonuncuya çatdırmışdır.
35. İddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
36. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda qarşılıqlı iddiaçı Cavabdeh mənəvi zərərin ödənilməsi hissəsində iddiasını cavabdehin işçisi tərəfindən ona təhqir xarakterli sms-lərin göndərilməsi, bununla da qarşılıqlı cavabdehin mənəvi-psixoloji gərginlik yaradaraq ona mənəvi zərər vurması ilə əsaslandırsa da, istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
37. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1267/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddianın tam təmin edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi illik 7 faizlə 60 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdehtərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Lakin qanunvericiliyin qeyd edilən tələbindən çıxış edərək deyə bilərik ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda deyə bilərik ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini – “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Lakin ekspert öz rəyində qeyd edilənləri nəzərə almamış, cərimə borcuna aparılmış silinmələri hesablamamışdır ki, bu da hazırda əsas və faiz borcunun az hesablanmasına gətirib çıxarır. Tərəfimizdən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Nəticədə isə bankın hüquqları kobud surətdə pozulmuşdur. 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında ekspert rəyi ilə Bankın iddia tələbi arasında fərq yarandığından təkrar mühasibatlıq ekspertizasının keçirilməsi üçün məhkəməyə yazılı vəsatət təqdim edilmişdir, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Bu isə cavabdehin kredit borcunun əsassız olaraq daha az hesablanmasına və nəticədə ədalətsiz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə ekspert rəyinə əsaslanaraq faiz borcunu azaltmaqda düzgün qənaətə gəlməmişdir. Lakin ekspert öz rəyində də əsaslandığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsində kreditorun vəzifələri deyil borclunun vəzifələri göstərilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğundan qanunverciliyə əsasən kredit müqaviləsi üzrə ödənişlərin hansı qaydada silinməsinin yəni əsas, faiz və ya cərimə borcuna silinmə aparılmasının müəyyən edilməsi qaydası kreditorun hüququdur. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyğun olaraq əlavə faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən cavabdehin banka etdiyi ödənişlərdən cərimə məbləğlərində silinmələr aparılmışdır. Lakin ekspert rəyində qeyd edilənlər nəzərə alınmamışdır. İddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatəti təmin edilməmişdir. Hesab edirik ki, təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim etdiyimiz digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də bizim təqdim etdiyimiz sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslımənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini – “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 350 manat məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. İlk iddia üzrə iddiaçının nümayəndələri X3 və X4 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş, təmin edilməsini xahiş etmişdirlər.
40. İlk iddia üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
41. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269-cu və 270.1-ci maddələr- girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddə- Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddə-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddə-(xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya ) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddə- əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 206.1-ci maddə- ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
42. Qətnamə ilk iddia üzrə iddiaçı tərəfindən qismən – ilk iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1267/2023 nömrəli qətnaməsi əsas borc və illik 5 %-lə faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7553,60 manat əsas borc, 536,85 manat illik 5 %-lə hesablanmış faiz borcu tutulmalıdır.
44. Tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borc alanın üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1% miqdarında banka dəbbə pulu ödəməlidir.
45. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, bank tərəfindən müqavilənin qeyd edilən şərtinə uyğun borclu tərəfindən həyata keçirilmiş ödənişlərin bir hissəsi dəbbə pulu borcu üzrə silindiyi halda birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspertiza rəyində cərimə üzrə silinmələr nəzərə alınmadan borc hesablanmışdır.
46. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar mübahisibatlıq ekspertizası təyin edilərək cavabdehin kredit müqaviləsi üzrə borcunun bank tərəfindən müqavilə şərtinə uyğun silinmiş cərimə məbləğləri nəzərə alınmaqla hesablanması barədə sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8724 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cərimələr üzrə silinmələr nəzərə alınarsa xx.xx.2021-ci il tarixə cavabdehin əsas borc qalığı 7553,60 manat, faiz borcu 86,66 manat olmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, borcalan tərəfindən ödənişlər qrafik üzrə həyata keçirilmədiyi üçün gecikmə günlərinə görə bank tərəfindən dəbbə pulu tutulması qanuni və əsaslı olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8724 saylı ekspert rəyi əsas götürülürək iş üzrə qəbul edilmiş qətnamə əsas borcla bağlı hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan əsas borc 7553,60 manat müəyyən edilməlidir. Faiz borcu ilə bağlı hissədə tələbin tam təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
48. Məhkəmə eyni zamanda hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində də qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8724 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsas borca hesablanmış illik 5 faizlə faiz borcu 607,02 manat təşkil etmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada verilmiş iddia ərizəsində tələb edilən illik 5 faizlə əldən çıxmış fayda tələbi 536,85 manat olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
49. Cavabdehdən tutulmuş və MM-nin 467-ci maddəsinə əsasən azaldılmış dəbbə pulu məbləği əsas borca mütənasib və məhkəmə praktikasına uyğun olduğundan həmin hissədə iddia tələbinin tam təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
50. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İddia qismən təmin edilsə də, qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat ekspetiza xərci müqavilə qaydalarını pozmuş cavabdehdən tutulmalıdır.
51. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1267/2023 nömrəli qətnaməsi əsas borc və illik 5 %-lə faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7553,60 manat əsas borc, 536,85 manat illik 5 %-lə hesablanmış faiz borcu tutulmalıdır.
52. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1267/2023 nömrəli qətnaməsi əsas borc və illik 5 %-lə faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7553,60 manat əsas borc, 536,85 manat illik 5 %-lə hesablanmış faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.