Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-450/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-1530/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, **********00001 nömrəli qaz sayğacının yenisi ilə əvəz olunması və artıq yazılan 150.000,00 manat məbləğində «xxxx» MMC-nin Xaçmaz rayonu, Ləcət kəndində yerləşən torpaq sahəsinə əsassız yazılmış borcun silinib yenidən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC-nin - Xaçmaz rayonu, Ləcət kəndində yerləşən obyektinə təbii qazın verilməsinin dayandırılmasının, hazırki mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər, Cavabdeh İB-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Belə ki, Cavabdeh “xxxx” MMC ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barəsində müqavilə” bağlamış və həmin müqaviləyə əsasən Cavabdeh İB-yi “xxxx” MMC-ni təbii qazla təmin edir. Həmin Müqavilənin 3.3-cü bəndində qeyd edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).3.4-cü bənddə göstərilir ki, hesab istehlakçıya tyəqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.7.3-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdium edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə ödənilmədikdə istehlakçıya qazın verilməsini dayandırıla bilər. Müqavilədə nəzərdə tutulan bu hal “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li Qərarının 6.1 bəndinin 6.1.4 yarımbəndində də təsbit edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun qeyd olunan normasının mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, cavabdeh qaz paylayıcısı tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçı müəssisəyə verilən təbii qaz təchizatının dayandırılması müəssisənin davamlı fəaliyyətini pozur. Cavabdeh həm də qaz təchizatı sahəsində təbii inhisarçıdır və təsərrüfat fəailiyyəti göstərən iddiaçı müəssisənin qaz təchizatı ilə bağlı başqa seçim yeri də yoxdur. Lakin, hər bir halda hazırkı məhkəmə mübahisəsini istər iddiaçı udsun, istər də uduzmuş olsun, fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – son nəticədə istehlak etdiyi təbii qazın dəyərinin cavabdehə ödənilməsi, həm də dövlət qarşısındakı digər tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, məhkəmə kollegiyası mahiyyəti üzrə işə baxılıb-qurtaranadək birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçıya qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi prosessual qanunvericiliyə uyğun hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-450/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-450/2021
15.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver