Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-450/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: maddi zərər (əldən çıxmış fayda), pul məbləğinin gecikdirilməsinə görə illik 5 % tələbi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 nömrəli 2022-ci il 28 iyul tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 2012-ci il 1 yanvar tarixli, BİZ-1-0-43-12 (Ə) saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) tərəfindən Cavabdeh MMC-yə illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir.
2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-253/2014 nömrəli 2014-cü il 12 iyun tarixli qətnaməsi ilə Bankın “X3” MMC, "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bankla “X3” MMC arasında 2012-ci il 11 yanvar tarixli, 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2.718.871 manat əsas borc, 1.170.475,05 manat faiz borcu və gecikdirməyə görə hesablanan 5.000 manat dəbbə pulunun MMC-dən Bankın xeyrinə tutulması, Bankla Cavabdeh MMC arasında 2012-ci il 1 yanvar tarixli, BİZ1-0-43-12 (Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 570.000 manat əsas borc, 245.221,78 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2.000 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun MMC-dən Bankın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Bank arasında bağlanmış 2012-ci il 11 yanvar tarixli, 6-BİZ-1- 0-43-12(1) və 6-BİZ-1-0-4-12(1) saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş Neftçala rayon Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602 kv.m. ümumi, 3152,7 kv.m. əsas, 449,9 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış 2012-ci il 11 yanvar tarixli, BİZ-1-0-0-43-12(0) və 6- BİZ-1-0-43-12(G) saylı girov müqavilələrinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı, mühərrik İSUZU6BB1, çəkisi 7980 kq yükləmə gücü 5000 kq. yükləmə hündürlüyü 3.000 mm olan dizel mühərriki yükləyiciyə yönəldilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, Yasamal rayon İcra şöbəsinin 2014-cü il 14 avqust tarixli qərarı ilə kredit borcunun tutulması hissəsində icra sənədi üzrə icraata başlanmışdır.
4. Qətnamə tutmanın ipoteka predmetinə yönəldildiyi hissədə icra edilməsi üçün Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən 2021-ci il 17 sentyabr tarixli qərarla icra sənədi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-01/2013 nömrəli, 2014-cü il 12 fevral tarixli icra sənədinin (aid olduğu qətnamə iş materiallarına əlavə edilmişdir – i.v. 152) icrası ilə bağlı ipoteka və girov predmetləri satılaraq "xxxx" MMC-nin və "xxxx" MMC-nin Banka olan borcu silinmiş və ipoteka predmeti Bankın mülkiyyətinə keçmişdir (əsas: “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC ilə Bank arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında 2018-ci il 16 aprel tarixli müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2012-ci il 1 yanvar tarixli kredit müqaviləsi üzrə 2014cü il 12 iyun tarixindən 2021-ci il 21 oktyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 300.556 manat məbləğində əldən çıxmış faydanın və 596,56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən, borc alanın üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış fayda şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 nömrəli 2022-ci il 28 iyul tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.1, 445.3, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir (sədrlik edən məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş mövqedən də göründüyü kimi, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün cavabdeh məsuliyyətə cəlb edilə bilməz.
12. İşin halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.
13. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş "xxxx" MMC-yə məxsus əmlak həm də "xxxx" MMC-nin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(86)- 01/2013 saylı qətnaməsinin icrası nəticəsində həmin əmlak Bankın mülkiyyətinə keçmişdir. Bu səbəbdən də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2- (81)- 253/2014 nörməli qətnaməsi həmin əmlaka aid hissədə icra olunmamışdır. Tutma yönəldilmiş girov predmetlərinə aid hissədə qətnamənin icra olunub-olunmaması ilə bağlı isə məlumatı yoxdur.
14. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 iyun tarixli, 2-(81)-253/2014 nömrəli qətnaməsinin hazıradək icra olunmamasında cavabdehin təqsiri müəyyən edilməmişdir. Çünki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim olunmamışdır. MM-in 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsinin tələb edilməsi əsassız olmuşdur.
c) Kassasiya instansiyası məhkəməsində icraat
15. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, MM-in 445.7-ci maddəsinin tələbinə əsasən, öhdəliyin lazımınca icra edilməməsi hazırda iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququnu yaradır. Cavabdeh üzərinə düşən öhdəliyi 2015-ci il 01 yanvar tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditn məbləği kifayət qədər çox olduğundan müqavilənin uzun müddət icra olunmaması nəticəsində Banka xeyli miqdarda ziyan vurulmuşdur ki, bu da özlüyündə kreditorun ona dəymiş zərəri tələb etmək hüququnu yaradır. İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq təqdim olunmuş sübutlara obyektiv yanaşmamış, nəticədə Bankın hüquqları kobud surətdə pozulmuşdur. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti fərqləndirilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Adı çəkilən qərarda müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə,bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulması mümkün hesab edilmişdir.
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2- 2(102)-1/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçı tərəf ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda, qətnaməsinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 nömrəli 2022-ci il 28 iyul tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 1 yanvar tarixli kredit müqaviləsi üzrə 12 iyun 2014-cü il tarixdən 21 oktyabr 2021-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği hissəsində dəyişdirilərək, həmin məbləğ 299.933,68 manat müəyyən edilməli, qətnamə məhkəmə məsrəfinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
42. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 2012ci il 1 yanvar tarixli kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə illik 18%-lə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən Bank tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-253/2014 nömrəli 2014-cü il 12 iyun tarixli qətnaməsi ilə iddiası təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 817.221,78 manat kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən öhdəliyin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilə müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, müqavilə üzrə borcun tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən (2014-cü il 12 iyun) 2021-ci il 21 oktyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.
43. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
45. Odur ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
46. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsini istisna etmir.
47. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
48. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə, hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir.
49. Baxılan işin materiallarından göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan borcun sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaklara və girov müqaviləsinə əsasən girov qoyulmuş avadanlıqlara və dizel mühərrikli yükləyiciyə yönədilməsi qət edilmişdir.
50. «İpoteka haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.
51. İşin müəyyən edilən hallarına görə iddiaçının tələbkar olduğu başqa icra sənədinin icrası ilə əlaqədar sözügedən ipoteka və girov predmetləri satılaraq, həmin icra sənədi üzrə Banka olan borc silinmiş, ipoteka predmeti Bankın mülkiyyətinə keçmişdir (bax bu qərarın 4-cü bəndi). Bununla da cavabdehin iddiaçı qarşısında götürdüyü kredit öhdəliyi faktiki olaraq təminatsız öhdəliyə çevrilmişdir.
52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarındakı hüquqi mövqelərə istinadən, bu qərarın 38-ci bəndində qeyd olunan qaydada hüquqi dəyərləndirmənin aparılması istisna təşkil edir.
53. Hazırki işdə iddiaçı məhz MM-in 445.7-ci maddəsinə istinadla qanuni qüvvədə olan qətnamənin qəbul edilməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini tələb edir və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır.
54. Kollegiya iddia tələbinin düzgün hüquqi həlli baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
55. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına dair araşdırmaq məqsədi ilə faizin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
56. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/4717/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi tarixdən (12 iyun 2014-cü il) 21 oktyabr 2021-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 299.933,68 manat məbləğində müəyyən edilmişdir.
57. Kollegiya hesab edir ki, hazırkı halda iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 9/4717/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli rəyini təkzib edəcək hər hansı sübut olmadığından, həmin rəy əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi üçün mülki iş üzrə sübut kimi qəbul edilməli, ekspert rəyi nəzərə alınmaqla 299.933,68 manat pul cavabdehdən tutulmalıdır.
58. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin iddiaçı qarşısında 2014cü il 12 iyun tarixindən 2021-ci il 21 oktyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın məbləği 300.556 manat deyil, ekspert rəyi ilə 299.933,68 manat müəyyən edildiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın məbləği hissəsində dəyişdirilərək 299.933,68 manat müəyyən edilməlidir.
59. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 100,00 manat məbləğində təşkil edir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
61. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100,0 manat məbləğində pul cavabdehdən tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 nömrəli 2022-ci il 28 iyul tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 1 yanvar tarixli kredit müqaviləsi üzrə 12 iyun 2014-cü il tarixdən 21 oktyabr 2021-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği hissəsində dəyişdirilərək, həmin məbləğ 299.933,68 manat müəyyən edilsin. Qətnamə məhkəmə məsrəflərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100,0 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.