Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-451/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-658/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya Şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında «Chevrolet Aveo - minik» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədi ilə təşkil edilmiş açıq hərracın keçirilməsinin müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-658/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə etdi. Cavabdehlər və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-8231/2016 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 10642,79 ABŞ dolları məbləğində əsas, 1161,22 ABŞ dolları məbləğində faiz, 24,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11.828,81 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnə ilə və 20 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra vərəqəsi verilmiş və icra olunması üçün Cavabdeh2nə göndərilmişdir. İcra məmuru tərəfindən icra vərəqəsi üzrə icra icraatı başlanılmış və mübahisə obyekti olan avtomobilin qiymətləndirilməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Hazırda iddiaçı həmin icra işi üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2018ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyini və QXM/1603 saylı hesabatını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuşdur ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Lakin kollegiya hesab edir ki, Cavabdeh1 MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatı məhkəmə qaydasında ayrıca icraatda mübahisələndirilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Hazırki işdə də mübahisələndiriləndirilən qiymətləndirmə rəyi və hesabatı yuxarıda qeyd olunan icra işi üzrə Cavabdeh2 sifariş məktubu əsasında verilmişdir. Göründüyü kimi qanunvericilikdə icra məmurunun sifarişi əsasında hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin icra məmurunun təşəbbüsü ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamış, tələbkarın və ya borclunun qiymətləndirmə rəyindən narazı olduğu halda yenidən rəy alınması ilə bağlı icra məmuruna müraciət etmək imkanı istisna edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin icra işi üzrə qəbul edilən qiymətləndirilən ekspert rəyi ayrıca iddia icraatının predmeti ola bilməz. Bundan başqa kollegiya qeyd edir ki, özü-özlüyündə həmin qiymətləndirmə rəyi hər hansı hüquqi nəticə yaratmır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. Çünki həmin rəyə əsasən qiymətləndirilən əmlak hərraca çıxarılmamış və əmlaka qoyulan qiymətin düzgün olmaması səbəbinə görə hər hansı hadisə baş verməmiş, yəni əmlaka qoyulan qiymətin düzgün olmaması nəticəsində həmin əmlakın hərracda satılmaması faktı baş verməmiş və bu hallar yalnız iddiaçının mülahizələri və ehtimallarına əsaslanır. Göründüyü kimi iddianın əsasını pozulmuş hüquqların bərpası deyil, pozulması ehtimal olunan hüquqların bərpası təşkil edir. Halbuki Mülki Prosessual Məcəllənin 4-cü maddəsində təsbit olunan məhkəməyə müraciət etmək hüququnun mənasına görə yalnız pozulmuş hüquq və azadlıqların, eləcə də maraqların qorunması və təmin edilməsi məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək olar. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1 və 262.4-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Ona görə də, şikayətdə göstərilən dəlillər əsassız hesab edilməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-658/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-451/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-451/2020
11.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver