Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-453/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair iş üzrə (açar sözlər: kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən fiziki şəxs sahibkar (VÖEN **********) Cavabdeh 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 73.000 ABŞ dolları məbləğdə kredit verilmişdir.
2. xx.xx.2019-cu il tarixli 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinə görə, xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsinin təminatı kimi müstəqil qiymətləndirici FM Consulting tərəfindən xx.xx.2017-ci tarixdə likvid dəyəri 280.000 manat məbləğdə qiymətləndirilmiş Cavabdeh məxsus ünvan 1 ünvanda 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,60 kv.m. yaşayış, 201 kv.m. köməkçi, 142 kv.m. zirzəmisi və 147,80 kv.m. mansard sahəsindən ibarət olan 10“c” nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. xx.xx.2019-cu il tarixli arayışa və hesabdan çıxarışa əsasən, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır, xx.xx.2019-cu il tarixə cavabdehin iddiaçıya olan borcu 73.000 ABŞ dolları əsas borc, 12.216,17 ABŞ dolları faiz borcu, 16.425 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101.641,17 ABŞ dolları təşkil edir.
4. Müstəqil qiymətləndirici “X1 Company” MMC-nin xx.xx.2021-ci il tarixli 139/21 nömrəli mütəxəssis rəyinə görə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mövcud orta bazar qiyməti 650.000 manat, likvid dəyəri isə 580.000 manat məbləğdə müəyyən edilir.
5. 6. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/21-397 nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 0,02 ha torpaq sahəsində yerləşən orta təmirli 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 380.000 manat, likvid dəyəri 320.000 manat təşkil edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4516 nömrəli məlumatı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-453/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş və “ünvan 1 ünvanda 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,6 kv.m. yaşayış, 201 kv.m. köməkçi, 142 kv.m. zirzəmi və 147,8 kv.m. mansard sahəsindən ibarət olan 10“c” nömrəli fərdi yaşayış evinin likvid qiyməti nə qədərdir?” sualı qoyulmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.
7. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli PL/6-120 nömrəli məktubuna əsasən, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 0,02 ha torpaq sahəsində yerləşən orta təmirli 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin orta və minimum bazar dəyəri 1 kv.m. üçün təqribən 1.500-2.000 manat dəyərində qiymətləndirilir.
8. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/N 67-802/22 nömrəli arayışına görə, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 0,02 ha torpaq sahəsində yerləşən orta təmirli 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evləriinin orta bazar və likvid dəyəri təmirliliyindən və yerləşməsindən asılı olaraq, bazar dəyəri 287.000 manat, likvid dəyəri 258.000 manat təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixə yaranmış 73.000 ABŞ dolları məbləğdə əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 101.641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğdə pulun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,6 kv.m. yaşayış, 201 kv.m. köməkçi, 142 kv.m. zirzəmi və 147,8 kv.m. mansard sahəsindən ibarət olan 10“c” nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 73.000 ABŞ dolları məbləğdə əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 101.641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğdə pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğdə əsas borc, 12.216,17 ABŞ dolları məbləğdə faiz borcu, 33,83 ABŞ dolları məbləğdə dəbbə olmaqla, cəmi 85.250 ABŞ dolları məbləğdə borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın dəyəri 280.000 manat olan cavabdehin mülkiyyətində olan olan ünvan 1 ünvanda 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,6 kv.m. yaşayış, 201 kv.m. köməkçi, 142 kv.m. zirzəmi və 147,8 kv.m. mansard sahəsindən ibarət olan 10“c” nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ev satıldıqdan sonra cavabdehin 1 ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması, evin satılmasından əldə edilmiş vəsaitdən cavabdehin xx.xx.2019-cu il tarixli 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85.250 ABŞ dolları məbləğdə borcunun və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğdə pulun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, “Məhkəmə hesab edir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, borclu öhdəliklərini yerinə yetirməmiş, əsas, faiz borcu və cərimə ödənilməmiş qalmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 33,83 ABŞ dolları məbləğdə müəyyən edilməlidir.”
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 465.2, 467, 567-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
13. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-385/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiya məhkəməsində birinci icraat
15. Qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 18/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həqiqətən, cavabdeh apellyasiya şikayətində ona borcun necə hesablanmasını mübahisələndirsə də, bununla yanaşı ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərini də mübahisələndirmiş və bunun üçün müvafiq ekspertizanın həyata keçirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə ayrı-ayrı tarixlərdə 2 vəsatətlə müraciət etmişdir (bax i.v. 93-94 və 98). Burada nəzərə alınmalıdır ki, cavabdeh, ipoteka əmlakı barədə qətnamə qəbul etmiş 1-ci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir və bu səbəbdən ipoteka əmlakının dəyəri barədə məhkəməyə mülahizə söyləyə bilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində ipoteka əmlakının dəyərinin yenidən müəyyən edilməsi barədə qyed edilən vəsatətlərə hər hansı hüquqi qiymət verməmişdir (vəsatətləri nə təmin etmiş, nədəki onları rədd etmişdir), bununla da cavabdehin prosessual hüquqlarını pozmuşdur (bax hazırki qərarın 24-28-ci-ci bəndlərinə).”
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-404/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, xx.xx.2019-cu il tarixli 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 1 ünvanda 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,6 kv.m. yaşayış, 201 kv.m. köməkçi, 142 kv.m. zirzəmi və 147,8 kv.m. mansard sahəsindən ibarət olan 10“c” nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 580.000 manat məbləğdə müəyyən edilməsi, qiymətləndirmə rəyi üzrə mütəxəssis tərəfindən həyata keçirilən 500 manat məbləğdə xidmətin dəyərinin cavabdehdən tutulması və “X2 Company MMC-nin bank hesabına köçürülməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
d) Kassasiya instansiya məhkəməsində ikinci icraat
19. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 5/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - xx.xx.2019-cu il tarixli 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan fərdi yaşayış evinin ilk satış qiymətinin 580.000 manat məbləğdə müəyyən edilməsi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən, işə əlavə edilmiş, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsiə dair "xxxx" MMC tərəfindən verilmiş rəyin nə üçün sübut kimi qəbul edilməməsinin səbəbləri göstərilmədən, digər qiymətləndirmə rəyi əsasında nəticəyə gəlinməklə, sübutların qiymətləndirilməsinə dair prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbi pozulmuşdur (MPM-nin 88-ci maddəsi).”
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayətinin dəlillərinə görə, poçt vasitəsi ilə ona hər hansı bildiriş göndərilməmiş və belə bir bildiriş və ya məktub tərəfindən qəbul edilməmişdir. Bu barədə hər hansı bir sübut yoxdur. Götürülmüş borcun qaylarılmaması bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Bu baxımdan borcun qaytarılmasında çətinlik уaranmışdır. Hazırda borcun qaytarılması üçün zəmin yaranmışdır və cavabdeh tərəfindən möhlət verildiyi halda ödəməni apara bilər. Eyni zamanda, cavabdeh tərəfindən kreditin götürülməsindən ötən 8 ay, уəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 12.216,17 ABŞ dolları faiz borcunun, ödənişlərin geçikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulunun hansı meyarlara əsasən hesablanması əsaslandırılmamışdır. Kredit müqaviləsinin müddəti 60 aydır və bu müddət ərzində borcun ödənilməsi həyata keçirilə bilər. Qeyd edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər tərəfindən alınmamış, bu barədə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd tərəfindən icra olunmamışdır. Məhkəmə eyni zamanda qanunsuz icraata qəbul eldiyi kommersiya işi üzrə iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda baxmış və MPM-nin 259.0.1-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. “İpoteka haqqında” AR Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
28. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələri müvafiq olaraq tutmanın dəyəri olan 280.000 və 580.000 manat hissələr istisna olmaqla, qalan hissələrdə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız ipotekaya qoyulmuş daşınmaz əmlakın likvid qiymətinin müəyyən edilməsi hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi ipoteka predmeti ünvan 1ndə 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 96,60 kv.m. yaşayış, 201 kv.m. köməkçi 142 kv.m. zirzəmi və 147,80 kv.m. mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinin likvid qiyməti ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
32. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının göstərişinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən imtina edildiyi üçün müstəqil qiymətləndiricilər "xxxx" MMC və "xxxx" MMC-dən rəylər alınmışdır.
33. Məhkəmə kollegiyası əvvəlcə müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyində əks olunan likvid dəyər 320.000 manat məbləğinə münasibətdə bildirir ki, həmin məbləğ, ipoteka predmeti əmlakın hətta istifadədə olan 0,02314 ha torpaq sahəsi, 142 kv.m. zirzəmi və 147,8 kv.m. mansard sahəsi nəzərə alınmasa belə, yaşayış və köməkçi sahələrinin cəmi 297,6 kv.m-ə bölündükdə hər kv.m-nin qiyməti 1.075 manat təşkil edir ki, bu da son dövrlər dövlət ehtiyacları üçün alınan əmlaka dövlət tərəfindən ödənilən kompensasiyanın artıq formalaşmış məbləği 1.500 manatdan da xeyli azdır. Odur ki, sözügedən rəy ipoteka predmeti əmlakın likvid qiymətinin müəyyən edilməsində mötəbər sənəd kimi qəbul edilə bilməz.
34. Eyni əsasla məhkəmə kollegiyası müstəqil qiymətləndirici "xxxx" MMC-nin ipoteka predmeti əmlakın likvid dəyərini 258.000 manat müəyyən edən xx.xx.2022-ci il tarixli rəyini də qəbul etmir. Digər tərəfdən, həmin qiymət tərəflərin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsində razılaşdırdıqları 280.000 manatdan da az olmuşdur ki, bu da daşınmaz əmlak qiymətlərinin artma təmayülünə adekvat olmamışdır.
35. Məhkəmə kollegiyası bu baxımdan, habelə, iddiaçının apellyasiya şikayətində ipoteka predmeti əmlakın likvid dəyərini ümumiyyətlə mübahisələndirməməsini, xx.xx.2020-ci il tarixli vəsatətində isə əmlakın bazar qiymətinin 400.000 manatdan aşağı olmadığını bildirməsini nəzərə alaraq hesab edir ki, əmlakın likvid qiyməti müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyində əks olunan orta qiymət kimi hər kv.m-ə görə 1.750 manatdan götürülməklə, 519.750 manat həddində hesablanmalı, bu səbəbdən müstəqil qiymətləndirici “X1 Company” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunan 580.000 manat da real dəyəri əks etdirməyən məbləğ kimi qiymətləndirilməlidir.
36. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən ipoteka predmeti əmlakın Bakı şəhərinin Nərimanov rayonu kimi daha əlverişli ərazidə yerləşməsini, rəsmi 0,02 ha, faktiki olaraq isə 0,04 ha torpaq sahəsinin həmin əmlakın istifadəsində olmasını və iddiaçının qeyd olunan torpaq sahəsi ilə bağlı gözlənən mülkiyyət hüquqlarının perspektiv imkanlarını da nəzərə almışdır.
37. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilməli, ipoteka predmeti əmlakın likvid qiyməti 519.750 manat müəyyən edilməlidir.
38. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “280.000 manat” sözləri “519.750 manat” sözləri ilə əvəz edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə