Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-454/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdeh "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən əsas borcu 5 157 000 (beş milyon bir yüz əlli yeddi min) AZN, faiz borcu 76 719.67 (yetmiş altı min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) AZN, ümumilikdə 5.233.719.67 (beş milyon iki yüz otuz üç min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) manat məbləğin və ödənilmiş 3407 (üç min dörd yüz yeddi) manat məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 840/M saylı kredit müqaviləsinə əsasən, borc alana xx.xx.2025-ci il tarixinə qədər, illik faiz dərəcəsi 4 (dörd) % olmaqla, 5.792.000 (beş milyon yeddi yüz doxsan iki min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixli 21/163 saylı zəmanət məktubu İddiaçı ASC-yə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 21/163 saylı zəmanət məktubunda Cavabdeh1 MMC-yə 4 (dörd) il müddətinə ayrılacaq 5.792.000 (beş milyon yeddi yüz doxsan iki min) manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 MMC zəmanət verir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 840/M saylı kedit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı ASC–nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2021ci il tarixli 840/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin əsas borcu 5 157 000 manat, faiz borcu 76 719.67 manat, ümumilikdə 5.233.719,67 manat məbləğində təşkil edir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediyasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. İddia qiyməti 50.000 manatdan çox olduğundan ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat iddiaçı tərəfindən ödənilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 5.157.000 (beş milyon bir yüz əlli yeddi min) manat əsas borc, 76.719,67 (yetmiş altı min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) manat faiz borcu, 3.007 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xərcinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 124/202 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisələr arasında müqavilənin bağlanması faktı sübuta yetirilməmişdir. "xxxx" MMC tərəfindən müqavilə üzrə əsas və faiz borc məbləğinin ödənilməsi faktı sübuta yetirilməmişdir. "xxxx" MMC tərəfindən ödənilmiş faiz və əsas borc məbləğləri araşdırılmamışdır. "xxxx" MMC tərəfindən borc məbləğlərinin ödəniş tarixləri araşdırılmamışdır. "xxxx" MMC tərəfindən borc öhdəliyinin yerinə yetirilib-yetirilməməsi barədə araşdırılmamışdır. İddiaçı ASC tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuşdur. Öhdəliyin icrası müddəti başa çatmasa da, cavabdeh tərəfindən əsas borcun ödənilməsinin tələb edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. "xxxx" MMC tərəfindən ödənilən faiz borcu məbləğləri İddiaçı ASC tərəfindən əsas borcun ödənilməsinə yönləndirilmişdir. Tərəflərin arasında bağlanmış müqavilənin etibarlılığı məhkəmə tərəfindən araşdırılmamışdır. xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsinin İddiaçı ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov tərəfindən imzalandığı göstərilir. E.Ə.Həsənovun həmin dövr ərzində həqiqətən də İdarə Heyətinin sədri olması araşdırılmamışdır. E.Ə.Həsənovun İddiaçı ASC-nin İdarə Heyətinin sədri olması sübuta yetirildiyi halda, onun müqaviləni imzalamağa səlahiyyətinin olubolmaması araşdırılmalıdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi qaydaları pozulmuşdur. İddiaçı ASC cavabdeh tərəfindən əsas borcun yarandığını iddia edərək kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti başa çatmasa da, əsas borcun ödənilməsini tələb edir. Bakı Kommersiya Məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya faiz borcu və əsas borcunun aydınlaşdırılması məqsədi ilə öz təşəbbüsü ilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və yaranan borclar yenidən hesablanmalı idi. İddiaçı ASC tərəfindən iddia edilən əsas borc və faiz borc məbləğlərinin yenidən hesablanması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Hesabların hüquqşünaslar tərəfindən aparılması qeyri mümkün olduğuna görə, məbləğlər mühasibatlıq sahəsi üzrə xüsusi biliyə malik ekspert tərəfindən müəyyənləşməlidir. Eyni zamana, təcrübədə kredit müqavilələrindən əmələ gələn mübahisələr üzrə oxşar məhkəmə icraatlarında məhkəmələr tərəfindən mühasibatlıq ekspertizası təyin olunduğunun şahidi olurlar. Cavabdehin iddiaçıya faiz borcu və əsas borcunun aydınlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və yaranan borclar yenidən hesablanmalı idi. Lakin məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, cavabdeh tərəfindən yaranan əsas və faiz borcları hesablanmadan qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi qaydaları pozulmuşdur. İddiaçı ASC cavabdeh tərəfindən əsas borcun yarandığını iddia edərək kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti başa çatmasa da, əsas borcun ödənilməsini tələb etmişdir. İş üzrə ekspertiza təyin olunduğu üçün artıq əsas və faiz borcunun məbləği ilə ekspert rəyində qeyd olunduğu formada razıdırlar.
8. İddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.
16. "xxxx" ASC “borc verən” "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 29 iyun 2021 tarixli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borcalana illik 4% olmaqla, xx.xx.2025 tarixinədək 5.792.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddət və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.
17. "xxxx" MMC-yə məxsus hesabdan çıxarışdan məlum olur ki, 30 iyun 2021 tarixində qeyd olunan hesaba 5.792.000 manat mədaxil olmuşdur.
18. 23 may 2022 tarixli H/03-4376 nömrəli maliyyə arayışında xx.xx.2022 tarixinə Radioquraşdırma” Zavodu MMC-nin 5.157.000 manat əsas borc, 76.719,67 manat faiz borcu qeyd olumuşdur.
19. Göründüyü kimi "xxxx" MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır.
20. Apellyasiya baxışı zamanı 11 may 2023-cü il tarixli qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2021-ci il tarixli 840/M saylı Kredit Müqaviləsi üzrə cavabdehlərin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixə əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi barədə ekspert qarşısına sual qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli, 9/4609 saylı ekspert rəyi ilə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” "xxxx" MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5.157.000,00 AZN, faiz borcu üzrə 73.632,01 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5.157.0000,00 AZN, faiz borcu üzrə 74.778,01 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5.157.000,00 AZN, faiz borcu üzrə 118.899,01 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5.157.000,00 AZN, faiz borcu üzrə 122.910,01 AZN müəyyən edilmişdir.
21. Beləliklə, ekspert rəyi ilə də iddiaçının tələb etdiyi əsas borc məbləğinin 5.157.000,00 manat, olduğu müəyyən edilir.
22. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
23. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə göndərilmiş 25 may 2022-ci il tarixli, M/11-4481 saylı pretenziya məktubundan görünür ki, İddiaçı ASCnin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2021-ci il tarixli 840/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin əsas borcu 5 157 000 (beş milyon bir yüz əlli yeddi min) AZN, faiz borcu 76 719.67 (yetmiş altı min yeddi yüz on doqquz manat, 67) AZN, ümumilikdə 5 233 719.67 (beş milyon iki yüz otuz üç min yeddi yüz on doqquz, 67) AZN təşkil etdiyi, xx.xx.2021-ci il tarixli 840/M saylı Kredit müqaviləsində göstərilən öhdəlikləri 7 (yeddi) iş günü ərzində icra edilməsi, əks halda Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir.
24. Faiz borcu məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 25 may 2022-ci il tarixli pretenziya məktubu göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
25. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş xx.xx.2022-ci il tarixə olan faiz borcu əsas götürülməklə 74.778,01 manat məbləğində müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
29. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 18 oktyabr tarixli, 9/4609 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
30. Kollegiya qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir.
31. Odur ki, kollegiya hesab edir ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, 2023-cü il 18 oktyabr tarixli, 9/4609 saylı ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 74.778,01 AZN məbləğində faiz borcu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
33. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi qismən – xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 74.778,01 manat faiz borcu tutulmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi qismən – xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 74.778,01 manat faiz borcu tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cəmilə Musayeva Vüsalə Baxışova