Məhkəmə qərarları › İş №2-2(103)-458/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-458/2025

15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-458/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, iddiaçı “Bakısığorta ASC-nin Cavabdeh MMC-yə qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-341/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, sığorta predmeti "xxxx" minik markalı, buraxılış ili 2013-cü il, rəngi - ağ mirvari, 10TK919 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeyd olunmuş, sığorta məbləği 19000 manat, sığorta haqqı 475 manat müəyyən edilmişdir.

2. Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BA121069 saylı nəqliyyat vasitəsinin, "xxxx" minik markalı, **-TK-*** dövlət nişanlı avtomobilin sahibi X5 qeyd olunmuşdur .

3. xx.xx.2024-cü il tarixl sığorta aktından görünür ki, **-TK-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2890 manat müəyyən edilmişdir.

4. 01/02-599 MS saylı xx.xx.2024-cü il tarixli Müstəqil ekspert rəyindən görünür ki, X4 məxsus olan "xxxx" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın həcmi 2890 manat məbləğində müəyyən edilmişdir.

5. X5 tərəfindən Xətai RPİ 37-ci PŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində 102 xidməyə məlumat verərək bildirmişdir ki, ünvan 2 ünvanın qarşısında saxladığı özünə məxsus VW Passat CC markalı 10TK919 nömrəli avtomobilin üzərinə pəncərə şüşəsi düşərək avtomobilinə zərər yetirmişdir.

6. xx.xx.2024-cü il tarixli AZ240621013 saylı "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 2600 manat X4 ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2790 manat məbləğində sığorta ödənişinin və 48,90 manat məbləğində dövlət rüsumunun, cəmi 2838,90 manat məbləğində pulun tutulub onun hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, “White Towers” yaşayış kompleksinin ərazisində park vəziyyətində olmuş, X4 məxsus olan "xxxx" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yaşayış kompleksinin 3-cü mərtəbəsindən böyük pəncərə şüşəsi düşmüş, nəticədə avtomobil maddi ziyana uğramışdır və dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 2790 manat məbləğində sığorta ödənişi (190 manat sığorta haqqı üzrə borc məbləği tutulmaqla) ödənilmişdir. Faktla bağlı AR DİN Xətai RPİ 37-ci PB tərəfindən araşdırılma aparılmışdır və sonuncu tərəfindən iddiaçıya təqdim edilmiş iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi,“White Towers” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı “Avtomobil nəqliyyat vasitəsinin tam sığortası” şəhadətnaməsinin surətindən müəyyən edilir ki, "xxxx" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “avtomobillərin tam sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş BS-S-23/2691 saylı, xx.xx.2023-cü il tarixli məktubdan göründüyü kimi, ASC tərəfindən müraciət edilərək, "xxxx" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak etməyin təklif edilmişdir. İddia ərizəsinə əlavə edilmiş müstəqil ekspert rəyindən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2890 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, 100 manat şərtsiz azadolma məbləği və 190 manat sığorta haqqı üzrə qalıq borc məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 2600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S24/1279 saylı Geriyə tələb (subroqasiya) məktubundan və məktubun üzərində olan qeyddən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən 2790 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçının “online kargüzarlıq”dakı “vergi ödəyisinin şəxsi kabinetindən göründüyü kimi həmin məktub cavabdehə eyni gündə göndərilmişdir.

9. Cavabdeh "xxxx" MMC iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, 16 dekabr 2016-cı il tarixindən qüvvədə olan Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanunun 3.4.2. maddəsinə əsasən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. X9 3.4-cü maddəsinə əsasən sığorta olunan sığorta haqqını sığorta təşkilatına yalnız bu üç formada, öz bank hesabından digər tərəfin bank hesabına köçürməklə, ödəniş terminalları ilə, birbaşa nağd qaydada qarşı tərəfin bank hesabına köçürməklə mümkün ola bilərdi. Sığorta haqqı ödənişinə dair qəbz və ya köçürməyə dair rəsmi sənəd sığorta iş materiallarında olmalı idi. Beləliklə iddiaçının elektron kabinetdə yerləşdirdiyi özünün kompyuterində yığdığı mühasibatlıq proqramına dair cədvəl sığorta haqqının ödənildiyini təsdiq edən sənəd hesab edilə bilməz. İddiaçının özünün kompyuterində yığdığı mühasibatlıq proqramını deyil, sığorta haqqının qeyd edilən tarix olan xx.xx.2023-cü ildə ödənildiyini təsdiq edən nağdsız hesablaşmaya dair sənədi təqdim edilməli idi. Məhkəməyə təqdim etdiyi etirazda sığorta hadisəsinin baş verdiyi gün olan 27 noyabr 2023-cü il tarixində Bakı şəhərində çox küləkli hava şəraiti olduğu qeyd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən də həmin tarixdə küləyin həddindən çox güclü əsdiyi müəyyən olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın həmin tarixə mətbuata açıqlama verərək külək səbəbindən 3 nəfərin xəsarət aldığını, əhaliyə təhlükəsizlik tədbirləri xatırladılmışdır. Uşaqların nəzarətsiz buraxmaq qəti tövsiyə olunmamış, nəqliyyat vasitələrinin iri gövdəli ağacların altında saxlanmaması, küləyin iri gövdəli ağacları aşırması, budaqların sınmasına səbəb ola biləcəyi bildirilmişdir. İ.İbrahimova davamında belə güçlü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı olduğu qeyd etmişdir. Əhalinin tikinti gedən ərazilərdən, reklam löhvələrindən, ağaclardan, elektrik dirəklərindən uzaq durması tövsiyyə olunmuşdur. Həmin tarixdə X1 Mərkəzi külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddini 20 km/saata qədər endirmiş, sürət tablolarına güclü külək işarəsini qoymuşdur. Beləliklə həmin gün küləyin surətinin 32- 35 m/san-dək gücləndiyi müəyyən olunur. Başqa bir bənzəri işdə çıxarılmış məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti olmadığından məlumatlıdır. Sadəcə surəti 32-35 m/san-dək güclənən küləyin gücü və törədə biləcəyi fəsadlar haqqında təsəvvürün yaranması üçün bu məlumatı verməli olmuşdur. Açılıbbağlanmayan, sabit olaraq quraşdırılmış pəncərənin çərçivəsi yerində qaldığı halda, pəncərənin şüşəsinin qırılaraq düşməsində iş üzrə cavabdehin hər hansı təqsirinin olmadığı, hadisənin təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyi qeyd etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-341/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

11. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-341/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə "xxxx" minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin balansında olan Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “White Towers” yaşayış kompleksinin üçüncü mərtəbəsindən böyük pəncərə şüşəsi düşməsi nəticəsində maddi zərər dəyməsi halını müəyyən etsə də, hadisənin güclü külək səbəbindən baş verməsi əsası ilə cavabdehin təqsirinin olmaması qənaətinə gəlmişdir. AR Mülki Məcəlləsinin 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Təbii sual yaranır ki, "xxxx" MMC tərəfindən pəncərə çərçivələrinin və şüşələrinin küləyə, digər təbii hadisələrə və kənar təsirlərə davamlı olub-olmamasının müəyyən edilməsi üçün zəruri tədbirlər görülmüşdürmü? Məhkəmə zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlməməsi halını necə müəyyən etmişdir? Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir .Hazırkı halda iddiaçı tərəfindən zərərin binadan kənar predmetin (böyük pəncərə şüşəsinin) düşməsi nəticəsində vurulduğu barədə sübutlar təqdim edilmişdir və məhkəmə də işin qeyd edilən halı ilə razılaşmışdır. İnşa edilmiş binanın pəncərə çərçivələrinin və şüşələrinin kənar təsirə lazımi qaydada dayanıqlı və möhkəm olduğunu sübut etmək vəzifəsi binanın sahibi olan cavabdeh "xxxx" MMC-nin üzərinə düşür. Lakin cavabdehin özü üçün əlverişli olan halı sübut etmək üçün məhkəməyə təqdim etdiyi sübut yalnız internet informasiya ehtiyatlarında hadisə baş verən gün güclü küləyin olması ilə bağlı məlumatlardır. Cavabdeh tərəfindən inşa edilmiş binanın pəncərə çərçivələrinin və şüşələrinin kənar təsirə davamlı olması və keyfiyyətinə dair mötəbər sübutlar (ekspert və ya mütəxəssis rəyi, istifadə olunmuş materialların keyfiyyətinə dair sertifikat və s.) məhkəməyə təqdim edilməmişdir. Lakin buna baxmayaraq, məhkəmə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə zidd fikirləri qətnaməyə daxil edərək, işin halları üzrə səhv nəticəyə gəlmiş, əsassız olaraq iddianı təmin etməmişdir. Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Lakin məhkəmə qanunvericiliyin istinad edilən normalarını işin müəyyən edilmiş halları və mülki hüquq nəzəriyyəsində “təqsir” anlayışının nəzəri əsasları ilə əlaqəli şəkildə sistemli olaraq təhlil etməmiş, işi hərtərəfli araşdırmadan və işin hallarına düzgün hüquqi qiymət vermədən formal əsaslarla iddianın təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

17. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

18. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

19. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

20. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

21. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

24. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

27. Həmin Məcəllənin 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir.

34. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X4 məxsus olan "xxxx" minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi, küləkli havada binanın pəcərəsinin qırılıb tökülməsi nəticəsində "xxxx" minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X4 2790 manat pul ödənilmiş, həmin pulun cavabdehdən tutularaq ödənilməsi tələb edilir.

35. Belə ki, üçüncü şəxs X4 məxsus olan "xxxx" minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin balansında olan Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “White Towers” yaşayış kompleksinin üçüncü mərtəbəsindən böyük pəncərə şüşəsi düşməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır.

36. İş materiallarına əlavə edilmiş AR DİN Bakı şəhər Xətai rayon Polis İdarəsi 37-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, X4 məxsus avtomobilin üzərinə pəncərə şüsəsi ünvan 3 ünvanında yerləşən yaşayış binasından düşmüşdür.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ yaranmışdır.

38. Belə ki, xx.xx.2024-cü il tarixl sığorta aktından görünür ki, **-TK-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2890 manat müəyyən edilmiş və sığorta ödənişi xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən 2600 manat X4 ödənilmişdir.

39. İş materiallarında iddiaya etirazın əsasını təşkil edən həmin gün təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin olmasına dair hər rəsmi sənəd şəklində hansı sübut iş materillarına əlavə olunmamışdır. Hesab olunsa ki, güclü külək baş vermiş olmuş olsa da sığorta hadisəsi ilə arasında səbəbli əlaqənin təsdiq olunmasına dair hər hansı sübut mövcud deyildir.

40. Mülki Məcəllənin 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

41. Göründüyü kimi, qanunverici binanın sahibinin binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəmək vəzifəsini müəyyən etmişdir. Cavabdeh şirkət balansında olan yaşayış binasının hər hansı qüsurunun olmamasına dair sənəd təqdim etməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.

43. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamış, iddianın əsasını təşkil edən hallar iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir.

44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2790 manat məbləğində pul və 73 manat 90 qəpik məbləğində dövlət rüsumunun tutularaq, "xxxx" ASC -ə ödənilməlidir. Həmçinin apellyasiya şikayətinə görə ödənilmiş 25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-341/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2790 manat məbləğində pul və 73 manat 90 qəpik məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC -ə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar