Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-460/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 olmaqla) Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 567/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12400 manat əmtəələrə görə verməli olduğu borc, 8700 manat ümumilikdə vurulan zərər, 400 manat vəkil xərci, 150 manat ödənilmiş dövlət rüsumu, cəmi 21.650 manat pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-567/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat və hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir.
4. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
8. İş üzrə iddia qiyməti 21.100 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 76.65 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir. 9 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 60.0 (altmış) manat dövlət rüsumu ödənilmişdir.
10. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-567/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.