Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-462/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (podratçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli 01\22 nömrəli podrat müqaviləsi bağlamışdır.
2. Müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi hesabatın təqdim edildiyi tarixdən etibarən 5 gün ərzində hesabatı təhlil edir və təsdiqlədiyi təqdirdə, hesabatda nəzərdə tutulan məbləği podratçının bank hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 2.4-cü bəndinə görə, müqavilə üzrə son qalıq məbləğ yekun təhvil-təslim aktı imzalandıqdan sonra 10 (on) gün ərzində podratçıya ödənilir.
3. Müqavilənin 3.1.5-ci bəndə əsasən, sifarişçi işlərin bu müqavilədə nəzərdə tutulmuş keyfiyyətlə, hədlərdə və qaydada yerinə yetirildiyi təsdiqləndikdə, işin nəticəsini qəbul edir.
4. Müqavilənin 4.1-ci bəndinə görə, işlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu müqaviləyə əlavə edilmişdirsə) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-qəbul aktı əsasında həyata keçirilir.
5. Görülmüş işlərin 05 may 2023-cü il tarixli təhvil-təslim aktına əsasən, podratçı tərəfindən ƏDV daxil 94 700,3 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
6. 2023-cü ilin may-dekabr ayları üzrə yetirilmiş işlərin 25 may 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 52 476,96 manat dəyərində podratçı tərəfindən işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
7. Küçə işıqlandırılması üzrə işlərin təhvilinə dair 20 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən podratçı tərəfindən 285 898,84 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
8. Bank hesabından çıxarışlardan görünür ki, sifarişçi tərəfindən podratçıya təyinatı müvafiq e-qaimə və tərəflər arasında bağlanmış müqavilə olmaqla ödənişlər edilmişdir.
9. 01 noyabr 2022-ci il tarixli 01/22 nömrəli müqavilə üzrə tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş 23 may 2024-cü il tarixli üzləşmə aktına əsasən, sifarişçi hüquqi şəxsin müqavilə üzrə 01 may 2024-cü il tarixə ƏDV daxil 370 688 manat borcu müəyyən edilmişdir.
10. MT2407 seriyalı, 11218448 nömrəli, 18 iyul 2024-cü il tarixli elektron qaiməyə əsasən, podratçı MMC tərəfindən sifarişçiyə 370 688 manat xidmətlərin göstərilməsinə dair e-qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı MMC (iddiaçı) "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 01 noyabr 2022-ci il tarixli 01\22 nömrəli podrat Müqaviləsi üzrə ödənilməmiş 370 688 manat və ödənilmiş 661 manat dövlət rüsumunun, cəmi 371 349 manat pul vəsaitinin cavabadehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin direktoru X1 ilə iddiaçının direktoru X3 şəxsində “Azərbaycan Respublikasının rayonlarında Elektrik quraşdırma işlərinin yerinə yetirilməsinə dair” 01 noyabr 2022-ci il tarixli 01\22 nömrəli “Podrat Müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” hesabatın təqdim edildiyi tarixdən etibarən 5 gün ərzində hesabatı təhlil edir və təsdiqlədiyi təqdirdə, hesabatda nəzərdə tutulan məbləği “Podratçı”nın bank hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.1.5-ci bəndə görə, Sifarişçi işlərin bu müqavilədə nəzərdə tutulmuş keyfiyyətlə, hədlərdə və qaydada yerinə yetirildiyi təsdiqləndikdə, işin nəticəsini qəbul edir. Bundan başqa müqavilənin 4.1-ci bəndinə əsasən işlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu müqaviləyə əlavə edilmişdirsə) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-qəbul aktı əsasında həyata keçirilir. Bununla bağlı görülmüş işlərin (xidmətlərin) müqabilində cavabadeh tərəfindən müəyyən məbləğdə ödəniş edilsə də, 370 688 manat borc qalmışdır. 370 688 manat borcun ödənilməməsinə dair 01 noyabr 2022-ci il tarixli 01\22 nömrəli podrat müqaviləsi üzrə 23 may 2024-cü il tarixli üzləşdirmə aktı tərtib edilmişdir.
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
14. Birinci instansiya məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa və qismən ödənişlər edilsə də, 370 688 manat məbləğində borc ödənilməmiş qalmışdır. Qeyd edilən borc məbləği üzləşmə aktı ilə öz təsdiqi tapmışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 370 688 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 752.1-ci, 753.1-ci, 769-cu, Vergi Məcəlləsinin 7.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında istinad etmişdir.
17. Qətnamədən cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, əsassız qənaətə gəlindiyini irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
26. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
41. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
42. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
43. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
44. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
45. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
49. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
50. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 25, 26).
52. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
53. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 29) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
54. İşin faktiki hallarından görünür ki, cavabdeh işlərin görülməsini təkzib etməmiş, yalnız ödəniş məbləğini mübahisələndirmişdir. Ödəniş məbləğinin müəyyən edilməsi baxımından iddiaçı kifayət qədər əsaslı sübutlar (müqavilə, müvafiq elektron qaimələr, təhvil-təslim və üzləşdirmə aktları) təqdim etmişdir.
55. Xidmət müqaviləsi üzrə sifarişin yerinə yetirilməsi işin faktiki halları ilə təsdiq olunur. Həmin işlərə görə iddiaçı tərəfindən cavabdehə müvafiq qaimələr də təqdim edilmişdir, qaimələrlə cavabdehin iddiaçıya 370 688 manat məbləğində borcunun olması müəyyən edilir.
56. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
57. Eyni zamanda iş materiallarında olan təhvil-təslim və üzləşdirmə aktları ilə borcun 370 688 manat olması aydın olur. Bu xüsasat da kollegiya qeyd edir ki, mülki qanunvericiliyə görə, tərəflər öz hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlılıq prinsipinə əməl etməlidirlər. Bu isə digər məsələlərlə yanaşı mülki hüquq subyektinin hər hansı formada təsdiq və ya etiraf etdiyi faktı daha sonra mübahisələndirməsini də əhatə edir.
58. Belə ki, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
59. Göründüyü kimi iddiaçı sözügedən müqavilə üzrə müvafiq elektron qaimələri göndərmiş, cavabdeh həmin qaimələri mübahisələndirməmiş və sonradan eyni məbləği üzləşdirmə aktında təsdiq etmişdir. Bu baxımdan, borc məbləği açıq-aydın olduğundan, cavabdehin apellyasiya şikayətində qeyd etməsinə baxmayaraq, iş üzrə hər hansı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yox idi.
60. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
61. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5883/2024 saylı iş üzrə 10 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.