Məhkəmə qərarları › İş №2-2(103)-464/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-464/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-464/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-212/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 141613,39 manat əsas, 16797,44 manat faiz, 14913,82 manat cərimə, 24115,42 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 197440,07 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.06.2020-ci il tarixli e-2-2(113)-212/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 141613,39 manat əsas, 16797,44 manat faiz, 5000 manat cərimə, 24115,42 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192440 (yüz doxsan iki min dörd yüz qırx) manat, 07 (yeddi) qəpik məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, onu belə bir iddianın mövcudluğundan xəbəri olmamışdır. Bu hal, məhkəmə iclasının video-audio yazısı ilə də təsdiqini tapır. Bundan başqa, iddiaçı kredit müqaviləsi üzrə borc tələbini 2020-ci ildə məhkəməyə təqdim etmişdir ki, bu da qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi deməkdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 18.05.2011-ci il tarixli KT1498 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7% ödəmək şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 141613,39 manat, faiz borcu 16797,44 manat, cərimə 14913,82 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesabı ilə hesablanmış faiz borcu 24115,42 manat, cəmi borcu isə 197440,07 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və hazırki apelyasiya baxışı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi əsas, faiz və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesabı ilə hesablanmış faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Cavabdeh isə birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, 17 iyun 2020-ci il tarixə təyin olunan məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş və şəxsən Quliyev soyadlı şəxsə rəsmi qaydada verilmişdir (i/v 89). Lakin cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Ona görə də, apellyasiya icraatında həmin ərizə qəbul edilə və iddia müddəti tətbiq edilə bilməz. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyi halda qətnamədə onun əvvəlki məhkəmə iclasında iştirak etməsinin qeyd edilməsi ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclas protokollarında onun iştirakı qeyd edilməmişdir. Bu isə məhkəmə qətnaməsində yanlışlığa yol verildiyini göstərir. Lakin həmin yanlışlıq məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki məhkəmə tərəfindən mahiyyəti üzrə düzgün qətnamə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsində isə təsbit olunmuşdur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-212/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar