Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-464/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olmaqla) hesabatın ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-248/2022 nömrəli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 29.04.2021-ci il tarixli 132 nömrəli qiymətləndirmə hesabatının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-248/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinə qoyulan qiymət əmlakın bazar qiymətinə uyğundur, hesabatın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi və qeyd etdi ki, ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinin satılması üçün hərrac keçirilməmişdir. İşə baxılması 18.05.2022-ci il tarixə təyin edilmiş, cavabdehə və üçüncü şəxsə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə0 iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2- 2(113)-248/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, İddiaçı ASC, X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 arasında 21 yanvar 2021-ci il tarixli, 040QYASH79544801 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Raziyə Yusifova mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsini X1 20040-S128923/795448 saylı 21.01.2020-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri 38 saylı Notariat Ofisinin 03.02.2021-ci il tarixli 8İ-649 reyestr nömrəli icra qeydi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan X6 məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyriyaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60.001,83 manat əsas borc, 3925,75 manat faiz borc, 9,65 manat cərimə olmaqla, cəmi 63.937,23 manat borc üzrə) tutma yönəldilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra qeydinin icrasını təmin etmək məqsədilə Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişinə əsasən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən sözügedən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 570.000 manat olaraq qiymətləndirilməklə qiymətləndirmə haqqında hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmə haqqında hesabat ilə razılaşmamış və həmin hesabatın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinin satılması üçün hərrac hal-hazıradək keçirilməmişdir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, “borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.” “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1.-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-nin qeyd edilən normasına əsasən məhkəmədə hər hansı iddiaya o halda baxıla bilər ki, hüquq və qanunla qorunan mənafelərin pozuntusu mövcud olmuş olsun və iddia irəli sürülməklə pozulmuş hüququn bərpası və ya təsdiqi mümkün olsun. Məhkəmə kollegiyası qeyd edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeni də nəzərə alaraq hesab edir ki, hazırda notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın hərracda satışı üçün icra məmurunun sifarişi əsasında cavabdeh tərəfindən təqdim edilmiş 29.04.2021-ci il tarixli 132 nömrəli qiymətləndirmə hesabatı hərracın keçirilənədək iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmadığından həmin hesabat iddia icraatı qaydasında mübahisələndirilə və bu iddiaya məhkəmədə baxıla bilməz. İddiaçı qeyd edilən qiymətləndirmə hesabatı ilə razılaşmadığı halda əmlakın yenidən qiymətləndirilməsi üçün icra məmuruna müraciət etməli, əgər icra məmuru əsaslı səbəb göstərmədən yeni qiymətləndirmə rəyi alınması üçün sifariş verməkdən imtina edərsə icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət verməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-248/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-248/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 29.04.2021-ci il tarixli 132 nömrəli qiymətləndirmə hesabatının ləğv olunmasına dair iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-464/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-464/2022
18.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver