Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-465/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azər-Türk Bank" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi Açar söz: alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azər-Türk Bank" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-217/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (qarant) ilə Cavabdeh2 MMC (prinsipal) arasında xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli qarantiya müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Qarant” “Prinsipal”ın müraciətinə əsasən "xxxx" MMC ilə imzalanmış xx.xx.2021-ci il tarixli, 1456/SC-0183 saylı müqaviləyə əsasən, "xxxx" MMC-nin xeyrinə avans qarantiyasını verməyi, prinsipal isə bu qarantiya üzrə müəyyən edilmiş muzdu qaranta ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən qarant prinsipalın xahişi ilə benefisiarın tender elanına əsasən 688,184.90 manat məbləğində bank qarantiyası verəcəkdir. Bu müqavilə qüvvəyə mindikdən sonra qarant tərəfindən qarantiya məktubu hazırlanaraq benefisiara təqdim edilir.
4. Müqavilənin 2.1-ci maddəsinə əsasən qarantiya məktubu təqdim edildiyi tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir.
5. xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli Qarantiya müqaviləsinə kreditin ayrılmasna dair Əlavənin şərtlərinə uyğun olaraq qarant benefisiara ödənilmiş qarantiya məbləği həcmində prinsipala 6 ay müddətinə kredit verir.
6. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 009-GZM068-2023 saylı Zaminlik müqaviləsi bağlanmışdır.
7. Müqavilələr tərəflərin elektron imzaları ilə imzalanaraq təsdiq olunmuşdur.
8. xx.xx.2024-cü il tarixli kredit hesabından çıxarışa əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixində 6 ay müddətinə 605.040,06 manat məbləğində qarantiya krediti verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3585/2024 saylı qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 may 2023- cü il tarixli, 009-GRM-068-2023 saylı qarantiya müqaviləsinə və həmin müqavilə əsasında imzalanmış kreditin ayrılmasına dair xx.xx.2023-cü il tarixli əlavəyə əsasən bank tərəfindən ödənilmiş qarantiya məbləği üzrə hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin banka əsas borcunun və qaratiya məbləğinin bank tərəfindən ödənildiyi tarixdən 6 aylıq müddət üçün (kreditin ayrılmasına dair əlavədə nəzərdə tutulmuş kreditin verilmə müddəti) faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6516 nömrəli rəyinə əsasən xx.xx.2024-cü il tarixə (müqvailənin müddətinin bitmə tarixinə) əsas borc 483,765,74 manat, faiz borcu 42.171,98 manat müəyyən edilmişdir.
11. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə ödənilməli əsas borcu 483.765,74 manat, faiz borcu 105.976,96 manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 483,765.74 (dörd yüz səksən üç min yeddi yüz altmış beş manat yetmiş dörd qəpik) manat əsas, 105,976.96 (yüz beş min doqquz yüz yetmiş altı manat doxsan altı qəpik) manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə hesablanmış 12,026.95 (on iki min iyirmi altı manat doxsan beş qəpik) illik beş faiz, cəmi 601,769.65 (altı yüz bir min yeddi yüz altmış doqquz manat altmış beş qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 saylı müqaviləyə əsasən Bank pirinsipialın lehinə öz öhdəliklərini tam yerinə yetirəcək müddətə kimi 688,184.90 (altı yüz səksən səkkiz min yüz səksən dörd manat 90 qəpik) AZN məbləğində “İcra” və “Avans” kontr-qarantiya məktubları verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 saylı Müqaviləyə əsasən Cəmiyyətin Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 Cavabdeh2 MMC-yə zamin durmuşdur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-217/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 483.765 (dörd yüz səksən üç min yeddi yüz altmış beş) manat, 74 (yetmiş dörd) qəpik, faiz borcu üzrə 42.171 (qırx iki min yüz yetmiş bir) manat 98 (doxsan səkkiz) qəpik olmaqla, cəmi 525.937 (beş yüz iyirmi beş min doqquz yüz otuz yeddi) manat, 72 (yetmiş iki) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 12.026 (on iki min iyirmi altı) manat 95 (doxsan beş) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddia tələbi əsas və faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 483.765,74 manat və faiz borcu üzrə 42.171,98 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarından da, göründüyü kimi, qarantiya müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, iddianın dəyişdirilməsinə dair ərizə isə Məhkəməyə təxmini 11 ay sonra yəni, xx.xx.2024-cü il tarixdə edilmişdir. Belə olan halda, yəni iddiaçının əsas borca illik 5 faiz hesablanmaqla 12.026,95 manat tələb etməsi halı nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, qeyd edilmiş məbləğdə pul (483.765,74x5/100=24.188,287 (1 il üçün), 24.188,287/12=2.015,690 (1 ay üçün), 2.015,690x11=22.172,59)) Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 827,89 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 827,89 manat məbləğində pul ödənilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 478, 479.1, 470.1, 472.1, 472.2, 479.2, 480, 739.1, 743.1-cü maddələrini tətbiq etmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-217/2025 nömrəli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni İddiaçı ASCnin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 440.1-ci maddəsinə görə, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Mülki Məcəllənin 440.2-ci maddəsinə görə, əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Maddi hüquq normasından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış “kreditin ayrılmasına dair” xx.xx.2023-cü il tarixli əlavəyə əsasən aparılmış ödənişlər əsas borcun, yəni borclu üçün daha ağır olan tələbin ödənilməsinə yönəldilməli idi. Buna baxmayaraq, Cavabdeh2 MMC-nin banka etmiş olduğu ödənişlər, xüsusilə faizlərin silinməsinə yönəldilmiş, nəticədə Cavabdeh2 MMC-nin vəziyyəti süni şəkildə ağırlaşdırılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2, 440.1-440.2-ci maddələrində ifadə olunan hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə maddi hüquq normasinın pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq, iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, işdə olan ekspert rəyi ilə razılaşmamalı və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Belə ki, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərə dair sənədlərlə ekspert rəyində göstərilən məqamlar ziddiyyətlidir. Buna baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin etməkdən yayınmış, nəticədə prosessual hüquq normasını pozmuşdur. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə cavabdehlərin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, yenidən prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
21. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.8.-ci maddəsinə əsasən Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdehlər tərəfindən iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-217/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 479.2, 739.1 və 743.1-ci maddələri təşkil edir.
28. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
29. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (qarant) ilə Cavabdeh2 MMC (prinsipal) arasında xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli qarantiya müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli kredit hesabından çıxarışa əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixində 6 ay müddətinə 605.040,06 manat məbləğində qarantiya krediti verilmişdir. Maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə ödənilməli əsas borcu 483.765,74 manat, faiz borcu 105.976,96 manat məbləğində müəyyən edilmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 9/6516 nömrəli ekspert rəyi verilmişdir.
31. Həmin rəyə əsasən xx.xx.2024-cü il tarixə (müqvailənin müddətinin bitmə tarixinə) əsas borc 483,765,74 manat, faiz borcu 42.171,98 manat müəyyən edilmişdir.
32. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borca aid hissədə iddianı tam, faiz borcuna aid hissədə isə iddianı qismən təmin etmişdir.
33. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdırararq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində ödənişlərin düzgün silinmədiyini və borcun düzgün hesablanmadığını göstərsə də, bu mövqeyini əsaslandıra bilməmişdir.
35. xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli Qarantiya müqaviləsinə kreditin ayrılmasna dair Əlavənin şərtlərin 7-ci maddəsinə əsasən prinsipial bu krediti və ona hesablanmış faizləri 6 ay müddətində tamamilə ödəməyə borcludur. Beləliklə, tərəflər ödənişlərin annuitet qaydada aparılmasını razılaşdırmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun artmasına səbəb olur. Ona görə də, müqavilə üzrə faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır.
36. Cavabdehin məhkəmə tərəfindən çəkişmə prinsipini pozulması ilə bağlı dəliləri də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsi çəkişmə prinsipini təsbit edir. Bu prinsip Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təməl prinsipidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).
37. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli bildirişlə hazırlıq iclasını xx.xx.2024-cü il təyin edilməsi barədə tərəfləri məlumatlandırmışdır. Tərəfin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılması iş materiallarına əlavə edilmiş çıxarış və xəbərnamə (səh.59,62) ilə öz təsdiqini tapır. Həmçinin iş materiallarına əlavə edilmiş ərizə, orderə və etibarnaməyə əsasən birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh nümayəndəsi və vəkili tərəfindən təmsil edilmişdir. Daha sonra 2 hazırlıq iclası təyin edilmiş və bu barədə cavabdehə bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 3 dəfə hazırlıq iclası təyin etmişdir. Bu baxımdan cavabdehin işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur. Belə olduğu təqdirdə cavabdeh tərəfin heç bir məhkəmə iclasında iştirak etməməsi, məhkəmə iclasın təxirə salınması barədə ərizələrinə heç bir sübut əlavə etməməsi, cavabdehin çəkişmə prinsipinə istinad edərək prosessual hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilməlidir.
38. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı, §§ 26-27).
39. Cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdehin kredit borcunun məbləğinin iş üzrə verilmiş ekspert rəyi əsasında müəyyənləşdirilməsinin düzgün olmadığını, həmin ekspert rəyi ilə iddiaçıya edilmiş ödənişlərə dair sənədlər arasında kəskin fərq olduğunu göstərmiş, lakin ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissədə düzgün olmadığını əsaslandıra bilməmişdir.
40. Ekspertiza rəylərindən görünür ki, Cavabdeh2 MMC tərəfindən banka xx.xx.2024-cü il tarixədək ümumilikdə 132.298,66 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 132.298,66 manat məbləğində puldan 11.024,34 manat faiz borcuna, 121.274,32 manat isə əsas borca silinmişdir. xx.xx.2023-cü il tarixli 009-GRM-068-2023 nömrəli qarantiya müqaviləsi və həmin müqavilə əsasında imzalanmış kreditin ayrılmasına dair xx.xx.2023-cü il tarixli əlavənin şərtlərinə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə banka olan borcu 550.492,68 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə 24.554,96 manat məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. Həmin ödəniş nəzərə alındıqda Cavabdeh2 MMC-nin 483.765,74 manat əsas borcu, 42.171,98 manat faiz borcu qalmışdır.
41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi nəzərə alınmaması üçün əsaslar olmadığından cavabdehin xx.xx.2015-ci il tarixli 988H saylı və xx.xx.2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə borcunun məbləğinin məhkəmə tərəfindən düzgün müəyyənləşdirilmədiyinə dair cavabdehin apellyasiya şikayəti əsassız hesab edilir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-217/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.