Məhkəmə qərarları › İş №2-2(103)-467/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-467/2021

06.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-467/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı 02.09.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək: - Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273/2009 saylı, 25.08.2009-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxx” MMC tərəfindən tərtib edilmiş № 31/02 saylı, 05.07.2010-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 fərdi yaşayış evinə dair İddiaçı ASC-nin Cəlilabad rayon filialının adına verilmiş 19.10.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilərək əvvəlki qeydin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 19.08.2015-ci il tarixli 2(043)-3165/2015 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cəlilabad rayon filialı X1 borcun girov qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi tələbinə dair mülki işlə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 25.08.2009-cu il tarixli qətnaməsi ilə X2 İddiaçı ASC Cəlilabad rayon filialına olan 9500 manat məbləğində kredit borcunun həmin kreditin təminatı olan ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməklə icra edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun İddiaçı ASC Cəlilabad rayon filialına verilməsi qət edilmişdir. Daha sonra, İddiaçı ASC Cəlilabad rayon şöbəsinin X3 və qeyrilərinə qarşı həyətdən, evdən çıxarılma və pasport qeydiyyatından çıxarılmaları barədə iddia tələbi üzrə Biləsuvar Rayon Məhkəməsinin 27.08.2010-cu il tarixli qətnaməsi ilə X4 və ailə üzvləri ünvan 1 həyətdən və evdən çıxarılmaları və pasport qeydiyyatdan çıxarılmaları qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 25.08.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Biləsuvar rayon Məhkəmə İcraçıları Qrupuna göndərilmişdir. X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satışının təşkil edilməsi üçün hərrac mərkəzinə məktub ünvanlanmışdır. Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmiş, hərrac təşkil edilmiş və hərracın nəticəsi olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad rayon filialına satılmış və bundan sonra qeyd edilən əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməklə 19.10.2010-cu il tarixli MA ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac qanun tələblərinə zidd olaraq keçirildiyindən etibarsız hesab edilməlidir. Belə ki, Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə bildirişlər İddiaçı ASC-yə göndərilmiş, daha sonra MMC tərəfindən 25.05.2010-cu il tarixli 01/806 saylı məktubu ilə İddiaçı ASC-yə müraciət edilərək ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 30 təqvim günü ərzində əldə etmək təklif edilmişdir. İddiaçı ASC tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilməsinə dair Hərrac Mərkəzi “xxxx” MMC-yə heç bir məktub ünvanlanmamışdır. Göründüyü kimi, hərrac təşkilatçısı tərəfindən təklif İddiaçı ASC-nin Cəlilabad rayon filialına deyil, İddiaçı ASC-yə ünvanlanmışdır. İddiaçı ASC-nin Cəlilabad rayon filialı X3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Biləsuvar Rayon Məhkəməsinin 25.08.2009cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair №70/02 saylı 05.07.2010-cu il tarixli protokolu imza etmək səlahiyyəti olmamışdır. Belə ki, filial hüquqi şəxs olmadığına görə, yalnız əsasnamə əsasında fəaliyyət göstərdiyinə görə hərracda alıcı qismində iştirak edə bilməz, hərrac protokolunun imzalanması İddiaçı ASC tərəfindən həyata keçirilməmişdir. Hərrac protokolunun imzalanması və çıxarışın alınması ilə bağlı filiala hər hansı bir səlahiyyət verilməmişdir.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuşdur ki, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hesab edirik ki, iddia müddəti ötürülməmişdir. Belə ki, iş üzrə borclu Bayramov Bahadur 2020-ci ilin fevral ayında Banka müraciət edərək kredit borcu üzrə sonuncu ödənişini etdiyindən ipoteka ilə yüklü edilmiş əmlakının ona qaytarılmasını xahiş etmişdir. Bu zaman araşdırılma aparılmış məlum olmuşdur ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş № 31/02 saylı, 05.07.2010-cu il tarixli “hərracın nəticələri haqqında yekun protokol əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 fərdi yaşayış evinə dair İddiaçı Cəlilabad rayon filalının adına 19.10.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilsə də əmlak bankın balansına götürülməmişdir. Buna səbəb isə çıxarışın məhz bankın adına deyil filialın adına verilməsi olmuşdur. Əgər çıxarış bankın adına verlmiş olsaydı əmlak bankın balansında olmuş olardı və Bayramov Bahadurun Banka olan kredit borcu tam olaraq bağlanmış olardı. Lakin əmlak balansa götürülmədiyindən borc bağlanmamış və o, faktiki olaraq həmin tarixdən etibarən hər ay ödəniş etmişdir. Göründüyü kimi bu halın bizə məlum olduğu tarixdən məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsinin istinad etdiyi bir il müddət ötürülməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Aydınov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.5, 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdrıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə, iddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin qeyd olunan dəlillərinə diqqət yetirsək, cavabdehlər tərəfindən mülki qanunvericiliklə üzərlərinə düşən hansı öhdəliklərinin yerinə yetirilmədiyi barədə əsaslandırması mövcud deyil. Belə ki, “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Eyni zamanda,“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunvericilyin qeyd olunan normalarından göründüyü kimi, borclunun ipotekaya qoyulmuş əmlakların satılması icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq hərrac təşkil edilməklə həyata keçirilir. Hərrac baş tutmadıqda isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanına malikdir. Baxmayraq ki, Mülki Məcəllənin 53.3-cü maddəsinin tələbi baxımından, İddiaçı ASCnin Cəlilabad rayon filialı hüquqi şəxs deyil, hər bir halda, həmin filial Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(022)-273/2009 saylı, 25.08.2009-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra (vərəqi) sənədi üzrə tələbkardır. Məhz, Biləsuvar Rayon Məhkəməsinin həmin qətnamənin icrası qaydasında icra məmurunun stifarişinə uyğun olaraq, cavabdeh xxxx MMC hərrac təşkilatçısı kimi “İpoteka haqqında” qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Göründüyü kimi, onun hərəkətlərində hər hansı bir qanunsuzluq hallarına yol verilməmişdir. Belə olan halda, hərrac təşkilatçısı “xxxx” MMC-nin həmin hərracın nəticələri haqqında 31/02 saylı, 05.07.2010-cu il tarixli yekun protokoluna müvafiq olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında hərrac obyektinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində iddiaçı bankın Cəlilabad filalının adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq bu barədə ona çıxarış verilməsi də qanunsuz hesab edilə bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən mənzillərin açıq hərracdan əldə olunması daşınmaz əmlakın dövlət reystrində hüququn qeyd alınmasına əsas verir. Beləliklə də hərrac təşkilatçısı cavabdehlərin iddiaçı bank qarşısında mülki qanunvericiliyin tələblərinin pozulması ilə müşayət olunan məsuliyyətini müəyyən edən əsasların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında № 31/02 saylı, 05.07.2010-cu il tarixli yekun protokolun etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddətini (kəsici müddəti) də ötürmüşdür. Belə ki, “İpoteka haqqında” Qanunun 42.6-cı və Mülki Məcəllənin 415.5-ci maddələrindən isə görünür ki, Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Məcəllənin 416.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlərin ona da ona göndərildiyini təsdiq edir. Deməli, hərracın 2010-cu ilin iyul ayında keçirildiyini bilmişdir. Digər tərəfdən bankın Cəlilləbad şöbəsi ASC-nin filialı olduğu halda, hərracın nəticələrini bilməli idi. İddiaçı isə 354.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, hərrac təşkilatçısı “xxxx” MMC tərəfində keçirilmiş hərracın nəticələrinin etibarsızlığını mübahisələndirmək üçün müəyyən edilən bir illik iddia müddətin qarşılığında, 10 ilə yaxın müddət keçdikdən sonra yalnı bununla bağlı məhkəmədə iddia qaldırmış, qanunla müəyyən kəsici müddəti buraxmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə bankın iddia tələbinin rədd olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsi baxımından hesab edir ki, iddiaçının formal mülahiələrinə görə həmin qətnamə ləğv oluna bilməz. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığını, qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı 02.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1148/2020 saylı 02.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar