Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-467/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(113)-1729/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə ƏDV daxil 6226 manat, 1320 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat olmaqla, ümumilikdə 7646 manat pul məbləğinin Cavabdeh MMCdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2-2(113)-1729/2022 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. "xxxx" MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər poçt vasitəsi ilə rəsmi olaraq "xxxx" MMC tərəfindən sübut kimi elektron məhkəmə sisteminə əlavə edilmiş “e-taxes.gov.az” rəsmi internet səhifəsində qeyd olunmuş cavabdehin hüquqi ünvana (ünvan 1. Lakin, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ünvan sahibinə çatdırılmamasının səbəbi ondan ibarət olmuşdur ki, müvafiq poçt şirkətinin təqdim etdiyi akta əsasən, Cavabdeh MMC qeyd olunmuş hüquqi ünvanda fəaliyyət göstərməmişdir. Beləliklə, prosessual qanunvericiliyin tələblərinə riayət edilərək iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər rəsmi qaydada cavabdehin məlum olan sonuncu hüquqi ünvanı üzrə göndərilmişdir. Cavabdeh tərəfindən onun hüquqi ünvanına göndərilmiş sənədlərin alınmaması iddiaçının iradəsindən asılı olmayan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda iddia ərizəsinin qaytarılması əsaslarından biri kimi, mediasiya prosesində iddiaçının iştirakına dair zəruri məlumatın əlavə edilmədiyi qeyd edilsə də, iddiaçının mediasiya prosesində iştirak etməsi barədə arayış iddia ərizəsinə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.04.2022-ci il tarixli, 2-2(113)-1729/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(113)-1729/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisələndirilən qərardaddan görünür ki, iddia ərizəsini geri qaytararkən məhkəmə iki əsasa istinad etmişdir: MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi barədə sübutun və iddia ərizəsinin qanunla müəyyən edilmiş qaydada qarşı tərəfə çatdırılmasına dair sübutun olmadığına. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə araşdırma apararaq müəyyən edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi barədə arayış elektron kabinet vasitəsi ilə 17.03.2022-ci il tarixdə iddia ərizəsi ilə eyni vaxtda təqdim edildiyindən birinci instansiya məhkəməsinin istinad etdiyi bu əsas düzgün olmamışdır. Lakin iddia ərizəsi cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərilmədiyindən məhkəmə kollegiyası iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Mülki Prosessual Məcəlləyə edilmiş bu dəyişiklikdən sonra artıq kommersiya mübahisələri üzrə iddia ərizəsi və əlavə edilən sənədlərin cavabdehə kağız daşıyıcıda göndərilməsi istisna edilir. İddiaçı tərəfindən qeyd olunan normanın tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İnternet Vergi İdarəsinin Online Kargüzarlıq bölməsindən cavabehə məxsus elektron kabinetinə göndərilməsini təsdiq edən və ya sənədlərin qeyd edilən qaydada göndərilməsinin hansı səbəbdən mümkün olmadığı barədə məlumat məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(113)-1729/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli, e-2-2(113)-1729/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-467/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-467/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver