Məhkəmə qərarları › İş №2-2(103)-468/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-468/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-468/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(113)-3388/2021 nömrəli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 yanvar 2018-ci il 15 tarixli 001 nömrəli Borc öhdəliyinin icra edilməsinə dair müqavilədən görünür ki, İddiaçı MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünə məxsus Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-1 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3.241 kv.m qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 1.790 kv.m qeyriyaşayış sahəsini, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə, Xudu Məmmədov küçəsi A-9 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2.471 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-2 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3.793,9 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-6, 1-ci mərtəbə, qapı-1-23-4-5, 1-ci zirzəmi, qapı-1, 2ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1.414 kv.m qeyri-yaşayış sahəsini və Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.m qeyri-yaşayış sahəsini cəmi 67621177,23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 67621177,23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan ******* manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş ******* manat məbləğin ümumi məbləğdən (67621177,23 manat) azaldılmasını öhdələrinə götürmüşlər.

2. 5 fevral 2018-ci il tarixli 002 nömrəli Borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilədən görünür ki, 001 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya yaranmış 67621177,23 manat borcundan 65233683,23 manat məbləğdə borcu cavabdehin xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan ******* manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixinə kimi cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənilməsini, iddiaçı gələcəkdə güzəşt etdiyi 65233683,23 manat məbləği cavabdehdən heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər.

3. 31 avqust 2018-ci il tarixdə bağlanmış “Borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə razılaşma protokolu”nda qeyd olunur ki, “Akkordun” “Properti İnvestments”ə 05 fevral 2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilə üzrə borcundan ******* manat ödənilmiş hesab edilmişdir.

4. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 16466,9 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-9 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi qapı-1 ünvanında yerləşən 2471 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 1.790 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. RX seriyalı ******* çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi, A-1 1-ci mərtəbə qapı 1-1 zirzəmi qapı 1, -2-ci zirzəmi qapı 1 ünvanında yerləşən 3.241 kv.m qeyriyaşayış sahəsi Property İnvestments” MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-2 1-ci mərtəbə qapı 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən 3793,9 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. RX seriyalı ******* çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu 2944a məhəllə Xudu Məmmədov küçəsi A-6 1-ci mərtəbə - qapı-1-2-3-4-5 1-ci zirzəmi - qapı-1, 2-ci zirzəmi - qapı-1 ünvanında yerləşən 1414 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin adına, RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 001 və 002 nömrəli müqavilələr üzrə yaranmış ******* manat məbləğdə borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, 001 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin bir hissəsinin qarşılanması üçün özünə məxsus qeyri-yaşayış sahələrini Banka təqdim edir, cavabdeh isə bunun qarşılığında 10 il müddətinə 67621177,23 manat vəsaitin hissələrlə iddiaçıya ödənilməsi, eyni zamanda ilkin olaraq iddiaçının vergi orqanı qarşısında yaranan öhdəliyinin icra edilməsi məqsədilə ******* manat məbləğdə vəsaitin dərhal ödənilməsi öhdəliyini götürür. Daha sonra 002 nömrəli müqavilə imzalanaraq ******* manat məbləğdəki vəsaitin 31 dekabr 2018-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Bunlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(113)- 3388/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 001 və 002 nömrəli müqavilələr iddiaçı tərəfindən icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə göstərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin 001 və 002 nömrəli müqavilələr cavabdeh tərəfindən icra edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc öhdəliyinin icra və güzəşt edilməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliklərini yerinə yetirmiş, iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, borclunun müqavilələr üzrə öhdəlikləri yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də iddia təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Müliki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 31 avqust 2018-ci il tarixli razılaşma protokolunun 2-ci bəndinə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı MMC-yə 05 fevral 2018-ci il tarixli Borc öhdəliyinin güzəşt edilməsinə dair 002 nömrəli müqavilə üzrə borcundan ******* manat ödənilmiş hesab edilmişdir. Beləliklə də, yuxarıda qeyd edilən protokoldan aydın görsənir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı MMC-yə olan borcu ödənilmiş və İddiaçı MMC həmin protokolu öz imzası və möhürü ilə təsdiq etmişdir. Buna baxmayaraq İddiaçı MMC həmin protokoldan xəbəri olmasına baxmayaraq məhkəməyə əsassız olaraq müraciət etmişdir.

17. Apellyasiya şikayətinə etirazın dəlillərinə görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə qətnaməsilə qət edilmiş ******* manatın ******* manatı tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli borcların qarşılıqlı əvəzləşdirilməsinə dair protokola əsasən əvəzləşdirilərək ödənilmişdir. Bu tamamilə absurddur. Belə ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən İddiaçı MMC-yə borc müqaviləsi üzrə “X7” MMC-nin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsilə bağlıdır.

18. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2-2(103)- 1293/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/316 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan bank ödəniş sənədləri 31 avqust 2018-ci il tarixli borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə razılaşma protokolu nəzərə alınmaqla 001 və 002 nömrəli müqavilələr üzrə borc tam ödənilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2-2(103)-76/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(113)-3388/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 nömrəli və 05 fevral 2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 nömrəli müqavilələr üzrə yaranmış ******* manat məbləğdə borcun ödənilməsi barədə iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğdə pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hərəkətləri Mülki Məcəllənin 431.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin üçüncü şəxs tərəfindən icrası olmuşdur. Belə ki, o, kreditor olan "xxxx" BOKT QSC qarşısında borclu olan cavabdehin öhdəliyini öz əmlakı hesabına ödəmişdir. Eyni zamanda, cavabdeh öz öhdəsinə götürmüşdür ki, iddiaçının öz əmlakı hesabına ödədiyi borcu 10 il müddətinə iddiaçıya geri qaytaracaq. Mülki Məcəllədə bu növdə müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı, mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır. Ona görə də iddiaçı borc öhdəliyinin icra edilməsinə dair müqaviləyə istinad edərək öhdəliyin icra olunmasını (MM-in 385.1-ci maddəsinə əsasən) və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (MM-in 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər. Eyni zamanda, 002 nömrəli müqavilə ilə cavabdehin iddiaçıya olan 67621177,23 manat borcundan 65233683,23 manat məbləğdə borc cavabdehin xeyrinə güzəşt edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında olan 67621177,23 manat məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyinin 65233683,23 manat hissəsinə xitam verilmişdir. Beləliklə, 001 nömrəli müqaviləyə əsasən cavabdehin ödəməli olduğu borc məbləği azaldılaraq 002 nömrəli müqaviləyə əsasən ******* manat məbləğdə müəyyən edilmişdir. Eyni zamanda, 001 nömrəli müqavilə ilə müəyyən edilən cavabdehin ödəməli olduğu ******* manat məbləğində vergi borcu ayrıca məbləğ, yəni 67621177,23 manat məbləğdən əlavə ödənilməli olan məbləğ deyil. Çünki 001 nömrəli müqavilədə aydın şəkildə müəyyən edilmişdir ki, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67621177,23 manat) azaldılır. İddiaçının hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən 001 nömrəli müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112000 manat ödənilmişdir. Cavabdeh tərəfindən isə təqdim edilən tərəflər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 31 avqust 2018-ci il tarixli razılaşma protokolundan görünür ki, cavabdehin iddiaçıya 002 nömrəli müqavilə üzrə borcundan ******* manat ödənilmiş hesab edilmişdir. İddiaçı tərəf bu faktı təsdiq etmir və bildirir ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən iddiaçıya borc müqaviləsi üzrə “X7” MMCnin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməmsi iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, 31 avqust 2018-ci il tarixli razılaşma protokolunda aydın şəkildə və əlavə heç bir şərt nəzərdə tutulmadan qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya 002 nömrəli müqavilə üzrə borcundan ******* manat ödənilmiş hesab edilmişdir. Qeyd olunanlara əsasən, borc öhdəliyinin icra edilməsinə dair və borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilələr üzrə yaranmış borc məbləği tərəflər arasında bağlanmış, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokolunda qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilməlidir. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, 001 və 002 nömrəli müqavilələr üzrə qalıq qalmış borc mövcud olmamışdır. Çünki 002 nömrəli müqavilə üzrə müəyyən edilən qalıq borc 2018-ci il 31 avqust tarixli razılaşma protokoluna əsasən qarşılıqlı əvəzləşdirilmiş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında olan öhdəliyinə xitam verilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 385.1, 390.1, 431.1, 443.1, 540.1, 540.2, 546-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-2(102)-6/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-2(102)-6/2023 nömrəli qərarının əsaslarına görə; “ - 54. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq, 001 nömrəli müqavilə üzrə iddiaçının cavabdeh tərəfindən ödənməli olan vergi borcunun qalan hissəsisinin, yəni ******* manatın (1400000 manat - 112000 manat) həqiqətən də ödənildiyinin sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. - 55. Lakin 001 nömrəli müqavilə üzrə iddiaçının vergi borcunun qalan hissəsisinin cavabdeh tərəfindən ödənilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və iş materiallarından görünmür. - 56. O da qeyd olunmalıdır ki, iddiaçının iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh tərəfindən 001 nömrəli müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan 112000 manat 4 ödənişlə ödənilmişdir. - 57. Sözügedən ödənişlərdən sonuncu ikisinin tarixləri (2018-ci il 20 dekabr və 2019-cu il 21 may tarixləri) borc öhdəliklərinin Razılaşma Protokolunun imzalandığı bildirilən tarixdən (2018-ci il 31 avqust) sonraya təsadüf edir. - 58. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində borc əvəzləşdirildikdən sonra cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsas(lar)la iddiaçıya əlavə olaraq iki dəfə pul ödənilməsini (cəmi 20000 manat) aydınlaşdırmamışdır. - 59. Halbuki iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdı (i/v 156). - 60. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bir tərəfdən belə nəticəyə gəlmişdir ki, cavabdehin 001 nömrəli müqaviləyə əsasən ödəməli olduğu borc məbləği azaldılaraq (güzəşt edilərək) 002 nömrəli müqaviləyə əsasən ******* manat məbləğində müəyyən edilmişdir, digər tərəfdən isə hesab edir ki, daha sonra bağlanmış razılaşma protokolunda cavabdehin 002 nömrəli müqavilə üzrə iddiaçıya olan borcundan ******* manat ödənilmiş hesab edilmişdir. - 61. Halbuki əvvəliki tarixdə bağlanmış müqavilə üzrə daha az məbləğdə borc (2378494 manat) müəyyənləşdirildiyi halda, sonrakı tarixdə bağlanmış müqaviləyə əsasən, əvvəlki müqaviləyə istinadən daha artıq məbləğdə borcun (3094385 manat) güzəşt edilməsi hüquqi və praktiki baxımdan anlaşılan deyildir (2378494 manat - ******* manat = - 715891 manat). - 62. 002 nömrəli müqavilə üzrə olan borcdan faktiki ödənildiyi müəyyən edilmiş 112000 manat vergi borcu çıxıldıqda isə mövcud olmayan borcla əvəzləşdirilmiş borcun arasındakı fərq daha da artmış olur (2378494 manat - 112000 manat - ******* manat = - 827891 manat). - 63. Lakin istənilən halda faktiki mövcud olmayan borcun necə, hansı qaydada və hansı əsasla əvəzləşdirilməsinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən izah tapmaq mümükün olmur. - 64. Bundan başqa, iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 30 noyabr tarixli iclasının protokolundan (i/v 134-136) görünür ki, cavabdehin nümayəndəsi öz izahatında razılaşma protokoluna əsasən təxminən ******* manat pul ödənildiyi, bundan başqa iddiaçıya mal verildiyi və qalan borcun əvəzləşdirildiyi, eləcə də cavabdehin qarşı tərəfə 57000 manat məbləğdə borcunun qala bildiyini qeyd etmişdir. - 65. Göründüyü kimi, cavabdeh tərəfin özü də iddiaçıya mübahisə predmetindən kənar borcun olduğunu istisna etməmiş, qalan borcla bağlı iddiaçıya mal verərək borcu əvəzləşdirdiyini bildirmişdir. - 66. Halbuki cavabdeh tərəfindən mübahisə predmeti olan razılaşma protokolundan kənar qalan borcla bağlı iddiaçıya hər hansı mal verməsi və bununla bağlı əvəzləşdirilmə aparılması iş materiallarından görünmür. - 68. Bundan başqa və ən əsası isə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı Razılaşma Protokolunun bağlanmasını mübahisələndirməmiş, apellyasiya şikayətinə qarşı etirazda həmin razılaşmanın bağlanmasını etiraf etmiş, lakin həmin razılaşmanın digər öhdəliyə aid olduğunu bildirmişdir. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi Razılaşma Protokolunu mötəbər sənəd kimi qiymətləndirmişdir. - 69. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. - 70. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsı Plenumunun həmin mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının və apellyasiya instansiyası məhkəməsinin özünün Razılaşma Protokolunun əslinin təqdim olunmasını cavabdehdən tələb etmələrinə baxmayaraq, cavabdeh həmin sənədin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyi halda (i/v 176, 177), məhkəmənin həmin sənədin surətinə istinad etməsi MPM-in 89.3-cü maddənin (bax yuxarıda § 49) tələbləri baxımından qanunsuz olmuşdur. - 73. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) 001 nömrəli müqavilə üzrə vergi borcunun qalan hissəsisinin, yəni 1288000 manatın (1400000 manat - 112000 manat) cavabdeh tərəfindən ödənilibödənilməməsinə; 2) borcun əvəzləşdirilməsinə dair Razılaşma Protokolu bağlandıqdan sonra cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsas(lar)la iddiaçıya vergi borcu üzrə əlavə olaraq iki dəfə pul ödənilməsinə (cəmi 20000 manat); 3) 002 nömrəli müqavilə üzrə faktiki mövcud olmayan borcun (- 715891 manat və ya - 827891 manat) hansı qaydada və hansı əsasla Razılaşma Protokolunda əvəzləşdirilməsinə; 4) Razılaşma Protokoluna əsasən ******* manat pulun ödənilməsindən başqa cavabdeh tərəfindən iddiaçıya mal verildiyinə və qalan borcun əvəzləşdirildiyinə, eləcə də cavabdehin qarşı tərəfə 57000 manat məbləğində borcunun qala bildiyinə dair cavabdehin izahatına mötəbər sübutlar əsasında hüquqi qiymət verməli; 5) eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş Razılaşma Protokolunun surətinin mötəbərliyinə hüquqi qiymət verərkən prosessual qanunun tələblərini və Konstitusiya Məhkəməsı Plenumunun yuxarıda istinad olunmuş mövqeyini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 16-ci bəndində qeyd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri qətnamənin 17-ci bəndində qeyd edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı apellyasiya şikayətinə etirazda razılaşmanın bağlanmasını, lakin başqa öhdəliyə aid olduğunu qeyd etsə də razılaşma protokolunun əslini yalnız borcun mövcud olmaması barədə ekpertiza rəyi verildikdən sonra tələb etmişdir. Onlar həmin sənədin əslini tapa bilmədiklərinə görə sement zavoduna sorğu vermişlər və cavabında belə bir razılaşma protokolunun olduğu bildirilərək “əsli ilə düzdür” möhürü ilə təsdiq olunmuş həmin protokol verilmişdir. Onların arxivi bir neçə dəfə bir mərtəbədən digərinə köçdüyünə görə protokolun əslini tapa bilmirlər. Hazırda cavabdehin iddiaçıya borcu yoxdur.

29. İddiaçının direktoru X2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 431. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 89.1. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında (bax yuxarıda § 48) konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

35. İşin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus qeyri-yaşayış sahələrini cəmi 67621177,23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 6762177,23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan ******* manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş ******* manat məbləğin ümumi məbləğdən (67621177,23 manat) azaldılmasını öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən 001 nömrəli 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsi”nə dair müqavilə üzrə cavabdehin iddiaçıya yaranmış 67621177,23 manat borcundan 65233683,23 manat məbləğdə borcu cavabdehin xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan ******* manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixə kimi cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənilməsini, iddiaçı gələcəkdə güzəşt etdiyi 65233683,23 manat məbləği cavabdehdən heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə gösgtərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

36. İddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, cavabdeh tərəfindən 001 nömrəli müqavilə üzrə iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112000 manat ödənilmişdir.

37. Lakin işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 nömrəli “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 nömrəli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilməmişdir.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı araşdırılmalı olan bir neçə məsələ qeyd olunsa da, digər araşdırılmalı hallar məhz razılaşma protokolu ilə bağlı olduğundan ilkin olaraq həmin protokolun surətinin sübut kimi qəbul olunması məsələsinə qiymət verilməlidir.

39. Cavabdehin nümayəndəsinin bu xüsusatla bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçı apellyasiya şikayətinə etirazda razılaşmanın bağlanmasını, lakin başqa öhdəliyə aid olduğunu qeyd etsə də razılaşma protokolunun əslini yalnız borcun mövcud olmaması barədə ekpertiza rəyi verildikdən sonra tələb etmişdir.

40. İş materiallarının 97-ci vərəqəsində olan iddiaçının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə etirazın 2-ci və 3-cü abzaslarında qeyd olunur ki, ““Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə qətnaməsilə qət edilmiş ******* manatın ******* manatı tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli borcların qarşılıqlı əvəzləşdirilməsinə dair protokola əsasən əvəzləşdirilərək ödənilmişdir. Bu tamamilə absurddur. Belə ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən İddiaçı MMC-yə borc müqaviləsi üzrə “X7” MMC-nin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsilə bağlıdır”. MPM-nin 106.3-cü maddəsində tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası MPM-nin 420-ci maddəsinin tələbini və kassasiya instansiya məhkəməsinin mövqeyini, həmçinin, bu mövqeyə uyğun olaraq MPM-nin 89-cu maddəsinin tələbini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sənədin əsli məhkəməyə təqdim olunmadığından və bu xüsusat iddiaçı tərəfindən mübahisələndirildiyindən razılaşma protokolu sübut kimi qəbul edilə bilməz..

41. Bundan başqa apellyasiya instansiyası məhkəməsində işə baxılarkən 001 nömrəli müqavilə üzrə vergi borcunun qalan hissəsisinin, yəni ******* manatın cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı apellyator tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış, borcun əvəzləşdirilməsinə dair razılaşma protokolu bağlandıqdan sonra cavabdeh tərəfindən hansı səbəblərdən və hansı əsaslarla iddiaçıya vergi borcu üzrə əlavə olaraq iki dəfə pul ödənilməsini, 002 nömrəli müqavilə üzrə faktiki mövcud olmayan borcun hansı qaydada və hansı əsasla razılaşma protokolunda əvəzləşdirilməsini izah edə bilməmişdir. Halbuki, 001 nömrəli müqavilə üzrə faktiki ödənilmiş 112000 manat vergi ödənişi mövcuddur ki, bu ödənişin hissə-hissə olmaqla 4 dəfəyə həyata keçirildiyi iş materiallardan görünür. Bu ödənişlərdən sonuncu ikisi 20 dekabr 2018-ci il və 21 may 2019-cu il tarixlərdə, yəni cavabdehin istinad etdiyi razılaşma protokolundan sonrakı tarixlərdə həyata keçirilmişdir.

42. Razılaşma Protokoluna əsasən ******* manat pulun ödənilməsindən başqa cavabdeh tərəfindən iddiaçıya mal verildiyinə və qalan borcun əvəzləşdirildiyinə, eləcə də cavabdehin qarşı tərəfə 57000 manat məbləğində borcunun qala bildiyinə dair cavabdehin izahatı ilə bağlı məsələ də apellyasiya instansiyası məhkəməsinə araşdırılarkən borcun məbləğinin hansı səbəbdən məhz həmin miqdarda olmasına cavabdeh tərəfindən aydınlıq gətirilməmişdir.

43. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(113)-3388/2021 nömrəli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2-2(113)-3388/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxsləprə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar