Məhkəmə qərarları › İş №2-2(103)-468/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-468/2024

04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-468/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi və vəkili Vəkil və cavabehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-691/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı (icraçı) İddiaçı MMC ilə cavabdeh (sifarişçi) Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 63/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokolunda göstərilmiş malları alıcının tələbatına uyğun olaraq satmağı, alıcı isə aldığı malların dəyərini bu müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişlər), müqavilənin şərtləri ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (e-qaimələr, hesab-faktura, aktlar və s.) əsasında sifarişçi tərəfindən ən qısa müddət ərzində, lakin 10 bank günüdən gec olmamaq şərti ilə aparılır.

4. Müqaviləyə 25 avqust 2021-ci il tarixli 01 nömrəli Əlavə Protokola əsasən tərəflər arasında malların qiymətlərinin ümumi dəyərinin 52045,79 manat məbləğində olması müəyyən edilmişdir.

5. Müqaviləyə 12 avqust 2022-ci il tarixli 02 nömrəli Əlavə Protokola əsasən tərəflər arasında malların qiymətlərinin ümumi dəyərinin 51566 manat məbləğində olması müəyyən edilmişdir.

6. Müqaviləyə 15 avqust 2022-ci il tarixli 03 nömrəli Əlavə Protokola əsasən tərəflər arasında malların qiymətlərinin ümumi dəyərinin 2950 manat məbləğində olması müəyyən edilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 43700 manat və xx.xx.2022-ci il tarixdə 16500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.439,96 manat əsas borcun və 722 manatın 12 ay üçün vurulmuş ziyana görə pul məbləğinin, cəmi 15.161,96 manatın və 200 manat ilkin mediasiya sessiyası üçün xərcin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, müqavilənin xx.xx.2022-ci il tarixli 4 saylı Əlavəsinə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilərək sifarişçiyə 14.439,96 manat dəyərində malların (qiyməti və alqı-satqının ümumi dəyəri razılaşdırılmaqla) verilməyi təsdiqlənmişdir. Həmin mallar sifarişçiyə xx.xx.2022-ci il tarixdə təhvil verilmiş və həmin tarixdə malların təhvil alınması barədə sifarişçi tərəfindən elektron-qaimə imzalanmışdır. Lakin cavabdeh öhdəliyi yerinə yetirməmiş və 14.439,96 manat məbləğində borcu qalmışdır.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, əvvəlki partiya mallar təhvil verilsə də, hazırkı qaimə üzrə mallar onlara təhvil verilməmiş, elektron qaiməni isə mühasib səhvən təsdiq etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-691/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC əvvəllər Cavabdeh MMC-yə aid olmuşdur. Buna görə də, Cavabdeh MMC-yə məxsus olan möhür eyni zamanda iddiaçı tərəfdə də mövcuddur. Baxmayaraq ki, məhkəmə iclasında iddiaçı hüquqi şəxslə cavabdeh arasında olan razılaşmada mövcud olan imzanın cavabdehə məxsus olmamasını, eyni zamanda yuxarıda qeyd olunduğu kimi möhür iddiaçı hüquqi şəxsdə olduğu üçün həmin sənədin rahat bir şəkildə saxtalaşdırıla bilməsini qeyd edilsə də, məhkəmə bu hallara nəzər yetirməmiş, razılaşmada olan imzanın cavabdehə məxsus olub-olmamasının yoxlanması üçün ekspertizanın keçirilməsinə dair vəsatət təmin olunmamış, cavabdehin hüquqlarının müdafiəsinə şərait yaradılmamışdır. Nəticədə, məhkəmə yalnız iddiaçı hüquqi şəxsin təqdim etdiyi saxta sənədləri mötəbər hesab etmiş və tamamilə qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə olaraq, iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin əsaslandığı elektron qaiməni elektron imza ilə mühasib səhvən təsdiq etmişdir. Elektron qaimə üzrə mallar cavabdehə təqdim olunmamışdır. Sadəcə elektron qaimənin mövcud olması da bu malların verilməsini təsdiq etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərildiyi kimi əgər direktor və mühasib öz vəzifələrini yerinə yetirən zaman səhlənkarlıq nümayiş etdirmişlirsə və bununla təşkilata ziyan dəymişdirsə, bu zaman təşkilatın onlara qarşı reqres qaydada iddia qaldırmaq hüququ vardır. Lakin, cavabdehin dəlilləri real xarakter daşımadığından cavabdeh təşkilat nə direktora, nə də mühasibə qarşı hər hansı tədbir görməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayədəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 63/21 nömrəli alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

24. Cavabdehin mübahisələndirdiyi hal həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilən malların təhvil verilməməsi ilə bağlıdır.

25. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

26. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 63/21 saylı müqaviləyə 16 noyabr 2022-ci il tarixli 04 nömrəli əlavədə (qiymətlərin razılaşdırılması protokolunda) malların qiymətləri və alqı-satqının ümumi dəyəri 14.439,96 manat məbləğində müəyyən edilmişdir. Həmin əlavə cavabdehə məxsusu möhürlə təsdiq edilmişdir.

27. İddiaçı tərəfindən cavabdehə EBCJ 268672 nömrəli xx.xx.2022-ci il tarixli 14.439,96 manat məbləğində elektron qaimə göndərilmişdir.

28. Həmin qaimənin vergi sistemindəki tarixçəsindən isə görünür ki, qaimə avtomatlaşdırılmış vergi informasiya sistemində birbaşa cavabdehin özü tərəfindən təsdiq edilmiş, sonradan həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək cəmi dəyəri 14.439,96 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.

30. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tərtib olunmuş qiymətlərin razılaşdırılması protokolu cavabdehin möhürü ilə təsdiq edilmiş, habelə müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçının təqdim etdiyi elektron qaimə cavabdehin özü tərəfindən təsdiq edilmişdir.

31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 14.439,96 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

32. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə elektron qaimənin göndərildiyi tarixdən müqavilənin 2.2-ci bəndinə uyğun olaraq 10 bank günüdən gec olmamaq şərti ilə ödənişin edilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, əsas borca illik 5 faiz (iddia ərizəsində yalnız bir il üçün tələb olunur) hesablanmaqla 722 manat (14.439,96 x 5/100) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

34. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimənin səhvən təsdiq edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

35. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdəki imzalar üzrə araşdırmanın aparılmaması və möhürün iddiaçı tərəfdə olması barədə dəlillər də əsassızdır. Belə ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Çünki hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

36. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

37. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.

38. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli Əlavə 4-də cavabdehə məxsus möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün iddiaçının istifadəsində olmasına istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

39. Bu baxımdan cavabdeh tərəfindən mübahisələndirilən Əlavə 4-də olan möhürün müvafiq olaraq cavabdehin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin sənəddə imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənəd imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi bunu bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış sənədi qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq sənədləri, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir (bəyənmişdir).

40. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 4 sylı Əlavənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması ilə bağlı dəlillər əsassızdır.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-691/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar