Məhkəmə qərarları › İş №2-2(103)-469/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-469/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-469/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh LPO “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-176/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh ləğv prosesində olan “xxxxxxxx” ASC-yə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ləğv prosesində olan “xxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış 5.000.000 manat məbləği üzrə xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrə faiz hesablanması qanunsuz sayılmaqla hesablanmış faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-176/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxx” ASC ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixli KM 01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 84 ay, o cümlədən 42 ay güzəşt müddəti olmaqla illik 6% dərəcəsi ilə 5.000.000 güzəştli kreditin təsərrüfatın inkişafı məqsədilə ayrılması nəzərdə tutulmuşdur. Kreditin təminatı olaraq, 10 və xx xxxxxx 2015-ci il tarixli ipoteka müqavilələri bağlanmış və 200.000 manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən yaşayış evi və 1.200.000 manat dəyərində qiymətləndirilmiş Türkan qəsəbəsində ümumi ərazisi 5.47 hektar olan torpaq sahələri ipotekaya qoyulmuşdur. Həmçinin girov qoyan X6 ilə bağlanmış 23 sentyabr və x xxxxxxx 2015-ci il tarixli girov müqavilələrinə uyğun olaraq, “xxxxxxxx” ASC-də saxlanılan ******************** saylı depozit hesabında olan ümumi 3.700.000 manat əmanət girov qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2016-cı il tarixli, 07/03 saylı qərarı ilə “xxxxxxxx” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və “xxxxxxxx” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə X1 ləğv prosesində olan “xxxxxxxx” ASC-yə ləğvedicisi təyin olunmuşdur. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, hazıra kimi “xxxxxxxx” ASC-yə ümumilikdə 186837 manat faiz məbləğinin ödənilməsi təmin edilmişdir. Eyni zamanda, “xxxxxxxx” ASC-nin lisenziyasının ləğv edilməsi səbəbindən Sahibkarlığa Kömək Milli Fondunun bankın müvəkkil kredit təşkilatı kimi fəaliyyətinin dayandırılması, eləcə də bu vəsaitlərin qanunvericiliyə uyğun olaraq bankın aktivi olmaması qənaətinə gələrək, geri qaytarılma barədə ödənişlərin birbaşa Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına ödənilməsini tələb etmiş, tərəflərindən 18.01.18-ci il tarixində 2000 manat vəsait birbaşa SKMF-in xəzinə hesabına köçürülmüşdür. Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin 10.07.17-ci il tarixli, 1838 nömrəli məktubuna əsasən güzəştli kredit üzrə 07.07.17-ci il tarixinə 5.000.000 manat əsas borc, 386341 manat faiz borcu mövcuddur. Eyni zamanda Sahibkarlığa Kömək Milli Fondundan verilmiş məktubtələbnaməyə əsasən, 01.01.18-ci il tarixinə MMC-yə ayrılmış güzəştli kredit üzrə Fond qarşısında 5.000.000 manat əsas borc və 26528 manat faiz borcu mövcuddur. Nəzərə alınmalıdır ki, xx.xx.2016-cı il tarixdən Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı olaraq «xxxxxxxx» ASC-yə münasibətdə kreditlər üzrə faizləri dayandırması və «Azərbaycan Respublikası SKMF-in vəsaitlərinin istifadəsi Qaydaları»nın tələblərinə uyğun olaraq verilmiş kredit məbləğinin geri qaytarılmasını «xxxxxxxx» ASC-dən tələb etməməsi, İddiaçı MMC-yə verilmiş kredit məbləğinin faiz həddini güzəştli həddə hesablamaqla kredit borcunu bilavasitə İddiaçı MMC-dən tələb etməsi «xxxxxxxx» ASCnin güzəştli kreditlərin verilməsi və geri ödənişlərin yığılmasında bank təşkilatı kimi funksionallığını itirməsi Fond qarşısında öz öhdəliklərini icra etmək, Qaydalar və müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirmək iqtidarında olmaması ilə bağlıdır. «xxxxxxxx» ASC müflis elan olunduqdan sonra nəinki Qaydaların 3.4-cü bəndinin tələbinə görə Fond qarşısında sahibkarın öhdəliklərini yerinə yetirməmiş, əksinə Fond qarşısında öz öhdəliyini (1%) icra edə bilməməsi səbəbindən SKMF xx.xx.2016-cı il tarixdən güzəştli faiz hesablanmasını dayandırmışdır. Belə olan halda, kredit vəsaitinin sərəncamvericisi və sahibi olan SKMF-in ümumiyyətlə, faiz tələb etmədiyi halda, müvəkkil kredit təşkilatı olan «xxxxxxxx» ASC-nin borcalanla olan müqavilə müddətinə faizlər hesablaması qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən “xxxxxxxx” ASC ilə İddiaçı MMC arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış 5.000.000 manat məbləğə xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrə faiz hesablanması qanunsuz olduğundan silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş həmin tələb müstəqil iddia tələbi kimi qəbul edilə və məhkəmədə baxıla bilməz. Belə ki, kredit müqaviləsi üzrə müəyyən edilmiş 84 aylıq müddət bitməmiş, həmin müqavilə vaxtından əvvəl ləğv edilməmiş, LPO “xxxxxxxx” ASC tərəfindən kredit müqaviləsi üzrə borcun tutulması tələbi irəli sürülməmiş və hal-hazıra kimi tərəflərin həmin kredit müqaviləsi üzrə münasibətləri davam edir. Eyni zamanda iddiaçı da kredit müqaviləsi üzrə bütün borcun ödənilməsinə, lakin bank tərəfindən ödənişlərin təyinatının düzgün müəyyən edilməməsinə istinad edərək, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə icra nəticəsində xitam verilməsi ilə bağlı tələb irəli sürməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hal-hazırda kredit müqaviləsi üzrə faizlərin hesablanıb-hesablanmaması hər hansı hüquqi nəticə yaratmır, iddiaçının istinad etdiyi hallar isə müstəqil iddianın əsası kimi deyil, ona qarşı irəli sürülmüş kredit borcunun tutulması tələblərinə qarşı edilən etirazın əsası kimi çıxış edə bilər. Göründüyü kimi iddianın əsasını pozulmuş hüquqların bərpası deyil, pozulması ehtimal olunan hüquqların bərpası təşkil edir. Halbuki Mülki Prosessual Məcəllənin 4-cü maddəsində təsbit olunan məhkəməyə müraciət etmək hüququnun mənasına görə yalnız pozulmuş hüquq və azadlıqların, eləcə də maraqların qorunması və təmin edilməsi məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək olar. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işə məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 261.0.1 və 391-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-176/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi irəli sürüldüyü halda hazırda istinad etdiyi əsaslarla iddiaya etiraz edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar