Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-469/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin icarəyə verilmiş sahədən çıxarılması, icarə müqaviləsinin ləğv olunması, icarə haqqı borcu və digər məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1487/2021-ci il tarixli, xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəyə verilmiş sahədən çıxarılması, xx.xx.2019-cu il tarixli AZFP/AZPACK01 saylı icarə müqaviləsinin ləğv olunması, 1.569.400 manat həcmində icarə haqqı borcunun, icarə haqqının vaxtında ödənilməməsinə görə 1.499.190 manat həcmində icarə haqqı faizi borcunun, obyektin vaxtında tərk edilməməsinə və icazəsiz istifadəsinə görə 2 qat cərimə məbləği olan 242.293,33 manat həcmində məbləğin, obyektin icarəsi zamanı yaranmış 1.025.691,82 manat həcmində kommunal xərclərə dair borc məbləğinin, dezinfeksiya işlərinə görə 82.692,04 manat həcmində pul vəsaitinin, dəymiş zərərə görə 500.000 manat həcmində əldən çıxmış faydanın, hüquqi xidmətlərə görə ödənilmiş 20.000 manat həcmində xidmət haqqı məbləğinin, ödənilmiş 30 manat həcmində dövlət rüsumunun, cəmi 4.949.266 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər Cavabdeh MMC-nin (VÖEN **********) X6 Azərbaycan bankında olan hesabına, o cümlədən aşkar edilmiş ona məxsus olan digər bank hesabları üzərinə iddiaçı “xxxx” MMC-nin tələbi üzrə 4.949.266 manat məbləği həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1487/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin etmə tədbirinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1487/2021 nömrəli qərardadı ləğv edilmiş, iddianı təmini tədbiri barədə ərizə qismən təmin edilərək Cavabdeh X6 Azərbaycan bankında və digər bank hesablarında 1.569.400 manat məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın iddianın təmin etmə tədbirinə dair ərizənin təmin olunmamış hissəsində ləğv edilməsi və ərizənin tam təmin olunması haqqında yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin digər tələbkarlar qarşısında da kifayət qədər böyük məbləğdə icra olunmamış öhdəlikləri vardır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, gələcəkdə iddia tələbi tam təmin olunacağı halda cavabdeh MMCnin qətnaməni tam icra etmək imkanları aşağıdır. Bu isə məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcək və qeyri-mümkün edəcəkdir. Digər tərəfdən iddiaçı tərəfindən iddia ərizəsinə tələbi sübut edən kifayət qədər sübutların (müqavilə, elektron qaimə, maliyyə arayışı və s.) əlavə olunmasına baxmayaraq, məhkəmə yalnız 1.569.400 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması barədə qərardad qəbul edərkən əsaslandırmamışdır ki, hansı səbəbdən cavabdehin bank hesabları üzərinə iddia tələbi həcmində həbs qoyulmamışdır. Hesab edirik ki, iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığı üçün cavabdehin bank hesabları üzərinə iddia tələbi həcmində həbs qoyulmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli qərardaddan şikayət verərək, qərardadın ləğv olunması və iddianın təmini tədbiri barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən əlavə edilən müqavilələr notarial qaydada təsdiq edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən “İcarə müqavilələri”nin borcun şamil edildiyi müddətə dair uzadılma haqqında müqavilə və ya müddətin uzadılması barədə əlavələr tərəflərindən imzalanmamışdır. İşdə üzləşmə aktı yoxdur. Əlavə edilmiş elektron qaimə fakturaların işə aidiyyatı yoxdur və sübutlar arasından çıxarılmalıdır (elektron qaimə fakturalarda başqa müqavilənin nömrəsi yazılıb). Bizə icarə ilə bağlı göndərilən qaimə faktura tərəfimizdən qəbul edilməyib və təsdiq edilməyib, elektron qaydada geri qaytarılıb. ******* manat məbləğin yaranma dövrü müqavilənin, əlavənin olmadığı ayları əhatə edir. İşin mahiyyəti üzrə baxılmasına başlanmadan hesablara həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» xx.xx.2018ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1487/2021 nömrəli qərardadı ilə şikayətlər təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin iclasında iddiaçının şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi X3 cavabdehin şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, şikayətləri işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, iddiaçının şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1487/2021 nömrəli qərardadı ərizənin rədd edildiyi hissədə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia təmin etmə tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə ərizə daxil olduğu gündən təxirə salınmadan məhkəmə tərəfindən görülməli olan prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında eyni zamanda qeyd edilir ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə baxılması işdə iştirak edən şəxslərə məlumat verilmədən (ex parte) iddianın təmin edilməsi üzrə tədbirin qarşı tərəf üçün “gözlənilməzlik effekti” yaratması kimi vacib xüsusiyyətə əsaslanır. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Hazırkı halda iddiaçı cavabdehə qarşı pul tələbləri irəli sürdüyündən iddia təmin edilərsə gələcəkdə qətnamənin icrasının təmin edilməsi üçün işə mahiyyəti üzrə baxılanadək cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə həbs qoyulması növündə iddianı təmin etmə tədbiri görülməsi iddia tələbinə mütənasib olan tədbirdir. İddiaçının ərizəsində bu tədbirin görülməsinin hansı zərurətdən irəli gəldiyi əsaslandırılmışdır. İş üzrə iddianı təmin etmə tədbiri görülərkən məhkəmə tərəfindən iddiaçının tələbinə və iddia ərizəsinə əlavə edilmiş sübutlara hüquqi qiymət verilməsi, o cümlədən təqdim edilmiş sübutların müzakirə edilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayət ərizəsində istinad edilmiş və işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan dəlillər iş üzrə görülmüş tədbirin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddianı təmin etmə tədbiri görülməsi nəticəsində cavabdehin hüquqlarının məhdudlaşması və zərərə məruz qalması iş üzrə görülmüş iddianı təmin etmə tədbirinin qanunsuz olduğunu təsdiq etmir. Prosessual qanunvericilikdə əsassız qaldırılmış iddialar üzrə görülmüş tədbirlər nəticəsində cavabdehin əmlak mənafelərinə zərər dəyməsinin mümkünlüyü nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. MPM-nin 158.4-cü maddəsində qeyd edilmiş “iddia tələbi həddində” ifadəsi iddiaçının cavabdeh qarşı irəli sürdüyü bütün maddi tələbləri, yəni əsas borc, faiz, dəbbə pulunu ehtiva edir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməli olduğuna dair nəticəni əsaslandırmamışdır. Lakin kollegiya, ərizənin tam təmin edilməli olduğuna dair şikayətin dəlilləri ilə razılaşmır. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən məhkəmə bu tədbir görülmədiyi təqdirdə iddiaçının qanuni mənafeyinin pozulma ehtimalını nəzərə almaqla yanaşı, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığı da təmin etməyə borcludur. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizələrə baxılarkən məhkəmə tərəfindən işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin təmin edilməli olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində geniş tətbiq edilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasının hədlərinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, MPM-nin 158.4-cü maddəsi tətbiq edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsindəki tələb nəzərə alınmalı və işə mahiyyəti üzrə baxılanadək qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə iddianı təmin etmə tədbiri kimi cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə yalnız əsas borc tələbləri (1.569.400 manat həcmində icarə haqqı borcu, obyektin icarəsi zamanı yaranmış 1.025.691,82 manat həcmində kommunal xərclərə dair borc məbləği, dezinfeksiya işlərinə görə 82.692,04 manat həcmində borc məbləği) həddində həbs qoyulmalıdır. Ərizənin cərimə, faiz və əldən çıxmış fayda tələbləri həddində cavabdehə məxsus pul vəsaitləri üzərinə həbs qoyulması hissəsinin təmin edilməsi hüquq və azadlıqların məhdudlaşdırılmasının ağlabatan mütənasibliyi prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbinə zidd olduğundan məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, cavabdehin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1487/2021 nömrəli qərardadı ərizənin rədd edildiyi hissədə qismən ləğv edilməli, ərizə həmin hissədə təmin edilərək cavabdeh İddiaçı bank hesablarında olan 1.108.383,86 manat məbləğində pul vəsaiti üzərinə (əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) həyata keçirilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulmalı, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1487/2021 nömrəli qərardadı iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsinin rədd edildiyi hissədə qismən ləğv edilsin. Ərizə həmin hissədə təmin edilərək cavabdeh İddiaçı bank hesablarında olan 1.108.383,86 manat məbləğində pul vəsaiti üzərinə (əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s. həyata keçirilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulsun. Qərardad qalan hissədə (cavabdehin bank hesablarındakı 1.569.400 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi) dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-469/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-469/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver